Cütlüklər arasındakı yaş fərqi nələrə səbəb olur? - ARAŞDIRMA

İngiltərədə aparılan bir araşdırmaya görə, kişinin qadından 52 ay böyük olması idealdır. Türkiyəli mütəxəssislər isə 5-10 yaş aralığını verirlər. Kişi və qadın münasibətləri üçün ideal yaş fərqi elmi olaraq müəyyən edilib. Tədqiqatçılar sübut ediblər ki, kişilərin qadınlardan 4 il 4 aylıq yaş böyük olması əlaqələri gücləndirir. İngiltərədə kişi və qadınlar arasında ideal yaş fərqini tapmaq üçün 2000 qadın arasında sorğu keçirilib. Araşdırmanın sonunda yaxşı münasibət saxlamaq üçün ideal yaş aralığının 52 ay olduğu müəyyən edilib. Həmçinin, sorğuda iştirak edən qadınların yalnız 1 faizi partnyorunun onlardan kiçik olmasını istədiklərini bildirib. Məlumatlara görə, qadının kişidən böyük olması münasibətlərdə ciddi problemlərə yol aça bilər.

Amerikanın məşhur tanışlıq saytlarından biri olan Harmoni də qadın və kişilərin sevgilərini necə elan etdiklərini araşdırıb. Məlumata görə, kişilər sevgilərini elan etmək üçün 134 gün gözləyirlər. Kişilər sevgi elan etməkdə qadınlardan daha sürətlidirlər. İnsanların 77 faizi ilk dəfə partnyoruna “səni sevirəm” dediklərini xatırlayır. Araşdırmada kişilərin qızın ailəsi ilə əlaqənin ilk aylarında tanış olduğu, qızların isə cəmi 25 faizinin bunu etdiyi müəyyən edilib. Bundan əlavə, kişilərin 39 faizi əsl sevginin bir həftədən sonra baş verdiyinə inanır. İştirakçıların üçdə biri əlaqənin ilk ilində ortağı ilə yaşamağa başladıqlarını bildirdi.

Kişilərdə cinsi həyat ömür boyu davam edə bilər. Ona görə də kişilərin özlərindən kiçik qadınla birlikdə olması üstünlükdür.

Qadının yaşca böyük olması yaxşı deyil. 5-6 yaş idealdır. Qadınlar kişilərin yetkin olmasını istəyirlər. Qadınların özünü ifadə etməsi də kişilərdən bir addım öndədir. Bəzi mənbələr deyir ki, kişi ən azı 6 yaş böyük olmalıdır. Yaşlı kişiyə heyran olan qadın üçün bu fərq ən çox 10 ola bilər.

Qadın kişinin güclü, xarizmatik, yetkin və sahiblənici olmasını istəyir. Bunun üçün kişi daha böyük olmalıdır. Bu səbəbdən ən ideal olaraq gördüyümüz yaş aralığı 5 yaşdır. Minimum fərq 4 il olmalıdır. İdeal 5-10 yaş arasıdır.

Estetik tətbiqlərin yayılması və tibbi inkişaflarla yaş və görünüş arasındakı fərqi artıraraq, yaşımızdan daha gənc görünməmiz artıq mümkündür. Amma yaş təkcə yaşadığımız illərin ümumi sayını göstərmir, həm də ruhumuzun yaşı var.

Müsbət və optimist dünyagörüşü olan insanlar fiziki yaşlarına baxmayaraq özlərini daha gənc hiss edirlər, cansıxıcı və bədbin olanlar isə özlərini olduğundan daha yaşlı hiss edirlər. Psixi yaş da insanın həyat tərzinə və münasibətlərinə birbaşa təsir edir.

Münasibətin əvvəlində sıx emosiyalar səbəbiylə yaş fərqi çox da önəmli görünməyə bilər. Ancaq zaman keçdikcə problemlər üzə çıxa bilər. İlk vaxtlar özündən kiçik bir insanla birlikdə olmaq, yaşlı partnyoru daha gənc hiss etdirə bilər, lakin bir müddət sonra partnyorun gənc görünüşü onların yaşından və görünüşündən narazılıq yarada bilər. Bu vəziyyətin nəticəsi olaraq böyük yaş fərqi olan cütlüklərin ən böyük problemi qısqanclıq və güvənsizlikdir. Çox vaxt yaşlı partnyor kiçik partnyorunun bir gün öz yaşıdını cəlb edəcəyindən narahat olur.

Münasibətlərin uğurlu olması tərəfdaşların oxşar dəyərləri, inancları və məqsədləri nə dərəcədə paylaşmasından asılıdır. Şəxsi məqsədlərə çatmaqda bir-birinə dəstək olmaq, münasibətlərə bağlılıq, etibar, yaxınlıq, problemlərin konstruktiv şəkildə həlli hər bir əlaqə üçün mühüm amillərdir və bu amillər yaşla sıx bağlıdır.

Yaş dövrlərimizə uyğun olaraq müxtəlif mərhələlərdən ibarət bir həyat dövrü yaşayırıq və hər bir mərhələnin yerinə yetirməli olduğumuz müəyyən həyat vəzifələri var. Çünki həyatda fiziki, psixoloji və ya sosial qarşılığı olan münasibət və davranışlar həyatın müxtəlif mərhələlərində bir-birindən fərqlidir. Məsələn, körpəlikdə, uşaqlıqda, yeniyetməlikdə, gənclikdə, yetkinlikdə və qocalıqda ehtiyaclar, prioritetlər, gözləntilər və onların qarşılanma üsulları fərqlidir. Bu fərq hisslərimizdə, düşüncələrimizdə və davranışlarımızda əks olunur.

Bu səbəblə həyatın müxtəlif mərhələlərindən olan tərəfdaşların (biri gənclikdə, digəri qocalıqda olmaq kimi) münasibətdən gözləntiləri və məqsədləri fərqli olacağı üçün onları uyğunlaşdırmaq və ortaq bir zəmin yaratmaq asan olmaya bilər. Nəticədə münasibətlərdə münaqişələr və problemlər qaçılmaz olar.

SİA məsələ ilə bağlı araşdırma apararaq ekspert, soioloq, psixoloq və din xadimlərinin də məsələ ilə bağlı fikirlərini öyrənib.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Bəzən cütlüklər sevgi münasibətlərində yaş fərqinə varmadan evlənirlər. Amma müəyyən bir müddət keçdikdən sonra onlar arasındakı yaş fərqi özünü büruzə verməyə başlayır. Ailədə qərarlar ortaq şəkildə qəbul olunmalı olduğu halda yaşca böyük olan öz fikirlərini diktə etməyə başlayır. Bu da münasibətlərdə gərginliyin artmasına gətirib çıxarır. Ailədə yaşca böyük olanın həyat təcrübəsi böyük olduğu üçün başlayır tövsiyələr, məsləhətlər verməyə. Bu da bir çox hallarda qarşı tərəfin xoşuna gəlmir, sanki özünü çərçivədə hiss edir.

Yaş fərqi ən çox da bioloji baxımdan maneçilik törədir. Müəyyən bir müddətdən sonra qadınlar cinsi əlaqəyə girə bildiyi halda, kişilər üçün bu imkansız hala gəlir. Bu da yaşca böyük olan kişilərdə qısqanclığa səbəb olur, depressiyaya düşürlər. Ailədə qadın özündən gənc birisi ilə evləndikdə isə çox vaxt xəyanətə uğrayır. Təcrübə göstərir ki, aralarında çox da böyük yaş fərqi olmayan cütlüklərin dünya görüşü, meyilləri, davranışları bir- birilərini tamamlayır”.

Psixoloq Zeynəb Əyyubova: “Sırf psixoloji nöqteyi nəzərdən yanaşacağam məsələyə. Əgər biz gənc qız yaşından 10-15 yaş böyük kişi ilə ailə həyatı qurmaq istəyirsə, bu o deməkdir ki, qızın travması, ata boşluğu və ata qayğısından məhrum olunmuşluğu var. Yəni, o ata qayğısı, ata obrazı axtarır. Bu qızlar ailədə travma alırsa, seçdiyi insanda da onun təzahürünü görə bilərik.

Qızlar da fərqlidir. Bəzi qızlar evliliyə 19 yaşında hazır olduğu halda, bəzisi 30 yaşında hazır olmur. Bu qızın zəka səviyyəsindən, dünya görüşündən, sosial sferada özünü aparmasından, ağlından asılıdır.

Şərq mədəniyyəti oğlanın qızdan yaşca böyük olmasını bəyənir. Ən yaxşı variantda 5-6 yaş böyük oğlanlar bəyənilir. Lakin hal-hazırda ölkəmizin statistikasına baxdıqda bunun əski ilə də qarşılaşa bilirik”.

Din xadimi Mircəfər Əyyubov: “Cütlüklər arasındakı yaş fərqi cütlüklərin intellektinə uyğun dəyərləndiriləcək. Elə cütlüklər var ki, yaş fərqi onların daha da yaxınlaşmasına səbəb olur. Amma elə cütlüklər də var ki, yaş fərqi onları bədbəxt edir. Əsas məsələ yaşın nə qədər önəmli olub olmadığı deyil. Əsas məsələ kişinin qadına və qadının kişiyə hansı prizmadan baxması, həyat yoldaşı olaraq necə görməsidir.

Təsadüfi deyil ki, nə dinimizdə, nə psixologiyada, nə başqa sahədə evlilik üçün xüsusi yaş həddi təyin olunmayıb və biz cəmiyyətin demək olar ki, bütün təbəqələrindən olan cütlükləri tanıyırıq, həm tarixdə müasir dövrdə hansı ki, onların arasında çox böyük yaş fərqi var. İncəsənət dünyasında belələri var, ədəbiyyatda, ziyalılarda, yazıçılarda da belələri var və s. Dinimiz də, psixologiya da deyir ki, yaş fərqi önəmli deyil. Əsas məsələ onların bir-birini necə tamamlamasıdır. Əlbəttə həm dinimizin tövsiyələrinə, həm də sosiologiya alimlərinin tövsiyələrinə baxdıqda 6-7 yaş uğurlu yaş sayılır. Amma bunun da istisnaları var. Təsadüfi deyil ki, qız uşağı İslam dininə əsasən 9 yaşında həddi-büluğa çatır, oğlan uşağı 15 yaşında. Yəni, bu 6 il özünü göstərir. Amma insanın böyüməsindən, tərbiyəsindən çox şey asılıdır. Qız uşağı düzdür 9 yaşında həddi-büluğa çatır. Amma qız var ki, 15 yaşı olub, amma hələ həddi-büluğa çatmayıb. Ən azından təfəkküründə. Oğlan uşağı var ki, daha tez həddi-büluğa çatır, oğlan da var ki, bəlkə də 30 yaşı var təfəkkür baxımından, dünyagörüşü baxımından hələ həddi-büluğa çatmayıb. Ona görə də evlənməkdən qat-qat əhəmiyyətli münasib cütlük tapmaqdır. Yəni, kişi münasib qadını axtarmağa daha çox önəm verməlidir və qadın da münasib kişini axtarmalıdır. Söhbət onların öz həyatlarına münasib kişi və qadından gedir. Ola bilər ictimai kriteriyalar, mentallar hamıda eyni effekti verməsin. Ona görə də bu məsələ çox önəmlidir. Adına həyat yoldaşı deyirsiniz, həyat yoldaşı bir həyat, bir ömür onunla yaşamalısınız. Bu adam dost deyil ki, məsələn, beş gündən sonra xoşunuza gəlməsə imtina edəsiniz, əlaqəni kəsəsiniz. Hərçənd ki, dinimizdə dostla da əlaqəni kəsmək tövsiyə olunmur, əksi tövsiyə olunur ki, nə olur-olsun qarşı tərəf nə qədər pis xasiyyətli olursa-olsun, onunla dolanmağı dinimiz tövsiyə edir. İstər evlilikdə, istər dostluqda, istər ailədə və s. Bu tərəflərin səviyyəsinə baxır. Yaş fərqi önəmli ola da bilər, olmaya da bilər. Əsas onların fiziki yaş fərqi deyil. Əsas onların intellekt yaş fərqidir. Yəni, onlar neçə yaşdadılar? Məsələn, psixoloji baxımdan müəyyən yaş fərqi əsas götürülmür. Ola bilər bir kişi özündən çox yaşlı bir qadını sevsin onunla xoşbəxt olsun. Ola bilər bir qadın özündən çox yaşlı bir kişini sevsin xoşbəxt olsun. Burada kişi və qadının uşaqlıqda ya sonrakı dönəmlərdə, yeniyetməlik dönəmində yaşadığı travmalar da öz sözünü deyir. Məsələn, ata məhəbbəti görməmiş, ya ata məhəbbətini kifayət qədər mənimsəməmiş qız uşaqları, adətən, daha yaşlı kişilərə önəm verirlər. Əksi də elədir. Yəni, ana məhəbbəti görməmiş, ana qayğısı görməmiş oğlanlar nisbətən daha yaşlı xanımlara üz tuturlar”.

SİA məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Aytac Ali: "Rəqəmlər bizim həyatımızda formal xarakter daşıyır məncə. Yaş da bir rəqəmdir. Zənnimcə, münasibətlərin qurulmasında hər hansı bir rəqəmin deyil də, insani keyfiyyətlərin olması vacibdir. Digər bir tərəfdən yanaşsaq belə bir atalar sözü var: "Ağıl yaşda deyil, başdadır". Yəni ki, yaşından asılı olmayaraq hər kəsin öz düşüncə tərzi, xarakteri olur və düşünürəm ki, yaş fərqi elə də problem deyil. Əsas olan nə yaşadığının və hiss etdiyinin fərqində olmaqdır".

Şəhər sakini Ülkər Xəlilli: "İnsanlar yaş fərqinə rəğmən bir-birilərini dəlicəsinə sevə bilərlər. Ancaq bu sevgi onları gələcəkdə yaşayacaqları problemlərdən siğortalaya bilməz. İlk günlərin həyəcanı keçib gedən kimi bəzi həqiqətlər yavaş-yavaş su üzünə çıxmağa başlayacaq. Düzdür, bütün sevgililər və ya evli cütlüklər arasında mübahisə olur. Ancaq yaş fərqindən qaynaqlanan münaqişələr bir az daha fərqlidir. Təəssüf ki, eşq nə qədər böyük olsa da, müəyyən müddət sonra aradakı yaş bəzi problemlərin yaranmasına gətirib çıxarır. Hətta xəyanətə belə gətirib çıxara bilər. Həm də xasiyyətdən də asılı olan bir şeydir o. Əvvəl yaş fərqinə baxan yox idi. Özündən 20-25 yaş aşağı olan qadınla da ailə quranlar var idi, yaşamları gözəl də olurdu. İndi amma elə evlilik görəndə deyirlər pedofildir".

Şəhər sakini Paşa Məmmədov: "Düşünürəm ki, ağıl yaşda deyil başdadır. Yəni, elə qız var ki, 20 yaşı var uşaq xasiyyətlidir. Həmçinin 50 yaşlı bir kişi də 5 yaşında uşaq xarakterində ola bilər. Amma yaxşı olar ki, oğlan qızdan ən azı 2 yaş böyük olsun. Düşünürəm ki, oğlan yaşca qızdan böyük olanda problemləri daha rahat həll edir, hər xırda məsələni böyütmür, münaqişə yaratmır".

Şəhər sakini Aylin Səmədova: "Cütlüklər arasındakı yaş fərqi böyük əhəmiyyət kəsb edir. Mənim fikrimcə, birmənalı olaraq kişi qadından yaşca böyük olmalıdır. Qadınlar düşüncə olaraq daha tez olqunlaşır. Eyni yaşda olan cütlüklərdə düşüncə fərqi yaranır. Məncə ideal yaş fərqi 5-10 yaşdır. Kişi yaşca böyük olanda qadın ona daha çox arxayın ola bilir, daha çox inanır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə