Ana və atanın işləməsi uşağın gələcəyinə necə təsir edir? - ARAŞDIRMA

Valideynlərin hər ikisinin işləməsi onları maddi cəhətdən rahat etsə də, bəzi problemlər də gətirir. Stressli və yorucu iş saatlarından sonra valideynlərin uşaqları ilə ünsiyyəti pozulur, işdə yaşanan stress ev həyatına da yansıyır. İş saatlarının sıxlığı səbəbindən övladlarına vaxt ayıra bilmədiklərini, övladlarına baxa bilmədiklərini düşünən valideynlər qeyri-adekvatlıq, günahkarlıq, apatiya kimi güclü emosiyalar yaşayırlar.

Bu sıx günahkarlıq hissi səbəbindən valideynlər övladlarını işdən evə gələndə ərköyünləşdirməyə meyillidirlər. Halbuki valideyndən gözlənilən ən mühüm şey övladına diqqət və sevgi göstərmək, övladının “mən dəyərliyəm”, “mən təhlükəsizəm”, “xoşbəxtəm” hissini yaşamasına şərait yaratmaqdır. Uşaqlar varlıqları haqqında rəy istəyirlər. Ailədaxili qarşılıqlı əlaqə uşağın bu ehtiyacını ödəyə bilməlidir. Uşaq da özünü təhlükəsiz hiss etməlidir və valideynlərinin yanında olmalıdır. Bütün bunlara nail olmaq üçün 24 saata ehtiyac yoxdur. Önəmli olan ananın övladı ilə keçirdiyi vaxtın keyfiyyəti, onunla qurduğu ünsiyyət növüdür.

Araşdırmalar işləyən anaların övladının problemlərinin vaxtında həll olunmaması, uşaq tərbiyəsi prosesində kifayət qədər olmaması ilə bağlı narahatlıqlar olduğunu göstərir. İşləyən ananın yaşadığı bu günahkarlıq hissləri hər şeyi eyni anda etməyə çalışıb bacarmamağın nəticəsidir.

Ananın işinin uşağa mənfi təsir etməməsi
Uşağının sağlam inkişafı üçün ananın 24 saat deyil, övladı ilə keyfiyyətli vaxt keçirməsi lazım olduğunu vurğulayır. Əslində, əsas problem valideynlərin övladı ilə keçirdikləri müddətdə övladına necə baxacağını bilməmələri, iş və ev həyatı arasında real planlama qura bilməmələrindən qaynaqlanır. Bu səbəblə valideynlərin övladı ilə daha keyfiyyətli bir əlaqə qurması və keçirdikləri vaxtı necə dəyərli etmələri çox əhəmiyyətlidir. Mütəşəkkil olmaq, planlaşdırmaq, iş və ailə həyatı arasında düzgün tarazlığı tapmaq valideynlik və peşəkarlığın açarıdır.

İşləyən ana və atalar həftə sonlarını sıx ev işləri ilə keçirmək əvəzinə övladlarını kinoya, teatra, parka aparır, müxtəlif tədbirlərdə birlikdə iştirak edir, uşağın valideynlərinin onlarla maraqlandığını və sevildiyini görməsinə səbəb olur. Ancaq keyfiyyətli vaxt keçirmək üçün vacib olan həftə sonu cədvəllərini lazım olduğundan daha çox fəaliyyətlə doldurmaq deyil, iş və şəxsi həyatın stressindən azad, yalnız uşağınıza, təxəyyül və oyuna diqqət edə biləcəyiniz vaxtlar yaratmaqdır.

Günahkarlıq hissindən qurtulmağınıza kömək edəcək məsləhətlər:

Dəyərlərinizi kəşf edin və necə valideyn olacağınıza qərar verin. Hansı valideyn olacağına qərar vermək, həyatınızdakı prioritetləri və uşağınıza münasibətinizi təyin etməyə kömək edəcək.

Qərarlarınıza etibar edin və onları həyata keçirin. Verdiyiniz qərar bəzən doğru, bəzən yanlış, bəzən isə nə doğru, nə də yanlış olacaq. Özünüzə səhv etməyə icazə verin. Beləliklə, səhvlərinizdən dərs alacaqsınız. Səhv etdiyinizi düşündüyünüz zaman övladınıza səmimi üzr istəməyi və izahatını təklif edin.
Özünüzü çox yükləməyin. Heç bir ananın övladına 7/24 baxması mümkün deyil. Ailəniz və ya uşağınızla həyata keçirə bilmədiyiniz planlardan məyussunuzsa, özünüz üçün daha kiçik və daha real hədəflər qoymağa başlayın. Unutmayın, heç kim mükəmməl deyil.

Qaçırdığınız şeyə deyil, etdiyiniz işə diqqət yetirin. Valideyn rolunu unutmayın. Hər ailənin öz qaydaları və sərhədləri var. Ailənizdə qoyduğunuz qaydalar və sərhədlər uzana bilər, ancaq günahkarlıq hissi ilə qaydaları və sərhədləri pozmayın.

İşinizin sizi xoşbəxt etdiyinə əmin olun. İşdə xoşbəxt olan valideynlər bu xoşbəxtliyi evlərinə gətirirlər.

Özünüzü başqaları ilə müqayisə etməyin. Uşaqlarınızla vaxt keçirərkən, eyni zamanda başqa işlərlə və ya başqa insanlarla məşğul olmayın. Bu müddət ərzində telefonları, televizorları, kompüterləri ətraf mühitdən çıxarın. Uşaqlarınıza yalnız onlarla ünsiyyətə açıq olduğunuzu və keçirdiyiniz bu vaxtın yalnız onlara aid olduğunu hiss etdirin.

Özünüzə qulluq edin. Kifayət qədər yatmaq, qidalanma, idman etmək və sizi xoşbəxt edən şeylər etmək vacibdir. Bilin ki, sizin xoşbəxtliyiniz ailənizin xoşbəxtliyidir.

Daha az vaxt ayırmaq daha az sevgi vermək demək deyil. Vacib olan birlikdə vaxtınızı necə keçirdiyinizdir. Uşağınızla birlikdə olarkən onun xoşladığı fəaliyyətlərlə məşğul olun.
Vaxtınızın məhdud olduğu vəziyyətlərdə, məsələn, ev işləri ilə məşğul olmaq lazım olduqda, işinizi görərkən uşağınızla söhbət edin və ya uşağınızın yaşına və qabiliyyətinə uyğun olaraq kömək istəyin.

Uşağınızla müntəzəm vaxt keçirin. Əhəmiyyətli olan anı tam yaşamaqdır. Hər bir ailənin valideynlik macərası onlara xasdır və hər an ona yeni bir şey əlavə olunur. Ancaq uşağınızın ilk addımlarını atdığı o ana heç vaxt geri qayıda bilməyəcəksiniz. Odur ki, dərindən nəfəs alın və 21-ci əsrin xaosunda və həyatda uşağınızla keçirdiyiniz vaxtı həzm edərək, daha yavaş və həzz alaraq yaşayın.

Həyatın hərəkatında məsuliyyət daşıyan bir çox sahədə uğur qazanmağa çalışan qadın, işləyən bir ana olaraq hamıdan iki qat daha çox yorulacağını unutmamalıdır. Yenə unutmamalıdır ki, övladından ayrıldığı üçün günahkarlıq hissi yaşayacaq. İşləyən ananın bu günahkarlıq hissi onun övladını lazım olduğundan daha çox sevindirmək, istədiyini etməyə çalışmasına səbəb olacaq.

İşləyən analar və onların övladları ilə bağlı araşdırma nəticələri, ümumiyyətlə, ananın işinin uşağa mənfi təsir göstərmədiyini göstərir. Araşdırmalar göstərir ki, anaları hər gün işə gedən uşaqların inkişafı ləngimir və onlara zərər dəymir. İşləyən anaların uşaqlarında inkişaf problemi aşkar edilməyib. Ananın uşağa baxım üçün əhəmiyyətli bir qaynaq olduğu, ancaq övladı ilə möhkəm münasibət qurması üçün ananın 24 saata ehtiyac olmadığı müəyyən edilmişdir.
SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq və sosioloqların fikirlərini öyrənib:

Psixoloq Vüsalə Əmiraslanova məsələnin psixoloji yanlarına toxunub: "Ata-ananın işləməsi, ümumiyyətlə, son dövrlər uşaqlara mənfi təsir göstərir. Yəni, rejimsiz iş çox təsir göstərir. Əslində, hər iki valideynin işləməsi indiki dövrdə normaldır. Uşaqlar da bunu artıq qəbullanıblar. Sadəcə, kiçik yaşlarda bir az onlara çətinlik yaranır. O yaşlarda ki, onlar təhsilə başlayıblar, məktəbdə problemlər yaşaya bilirlər. Onu da valideyn tam nəzarət altına ala bilmir, çünki səhər gedir, axşam gəlir və uşağının dərsləri və s. məşğul ola bilmir.

Çox vaxt repititor tutmağa məcbur olurlar, müəllimi tam olaraq dinləyə bilmirlər, müəllimin verdiyi tapşırıqları yoxlaya bilmirlər, iclaslarda ola bilmirlər. Bununla bağlı birtərəfli problem burdadır.

İkinci tərəfli problem ondadır ki, əgər uşaq kiçik yaşlıdırsa, məktəbəqədər yaşındadırsa mütləq onu dayənin yanında qoyurlar. Əgər dayə də xüsusi məktəb keçmiş dayə deyilsə, qohumdursa, kiminsə tanışıdırsa o da uşaqlara mənfi təsir göstərir. Çünki o düzgün olaraq dayəlik məktəbindən keçməyib və uşağa hansı psixoloji yanaşmalar istifadə etməlidir.

Bir də müəyyən bir qadağalar qoysun ki, tərbiyəsində problem olmasın. Məsələn, əgər xalanın, bibinin, nənənin yanında qalırlarsa uşaqlar bu zaman da onlarda başqa cür problemlər yaşanır. Çünki onlar daha ərköyün olurlar, yəni, bu da ikinci dərəcəli problemdir. Ümumiyyətlə, problemlər bu sahədə çoxdur. Amma valideynlərdən birinin yəni, atanın tam işdə olması normaldır, hər iki valideynin daim işdə olması uşağın tərbiyəsində bir az təhlükə yaradır. Ana çalışmalıdır ki, daha tez bitən işlərdə olsun. Yəni, saat baxımından daha tez bitən işlərdə olsun ki, uşağının tərbiyəsi ilə məşğul olsun. Çünki birmənalı şəkildə tərbiyə ilə valideyn məşğul olur. Yəni, ana məşğul olur".

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Azərbaycanın QHT sektorunun tanınmış təmsilçisi Gülayə Səfərova: "Apardığımız araşdırmalar göstərir ki, uşaqlar ən çox məktəb və valideyn nəzarətindən uzaq olduqda bu sərbəstlik onların tərbiyəsində öz mənfi təsirini göstərir. Ən çox da yetkinlik dövründə uşaqların nəzarətsiz qalması çox təhlükəlidir. Onlar müxtəlif qruplara qoşulub təsir altına düşürlər, sosial şəbəkələrdə vaxtlarını daha çox keçirirlər, dərsdən uzaqlaşırlar.

Doğrudur, işləyən valideynlərin uşaqlarının nəzarətsiz qalmaması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə bir çox rayonlarda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə Günərzi Qayğı Mərkəzləri fəaliyyət göstərir ki, burda da imkansız ailələrin uşaqları dərsdən sonra həmin mərkəzlərə gəlib, həm müxtəlif dərnəklərdə məşğul olur, dərslərini hazırlayır, gün ərzində qidalanır asudə vaxtlarını səmərəli keçirirlər. Valideynlər də uşaqları sarıdan arxayın olduqları üçün rahat işləyə bilirlər. Amma çox təəssüf ki, belə Mərkəzlər çox azdır. Bunların sayı artsa və yaxud məktəblərdə işləyən valideynlərin uşaqları üçün günü uzadılmış qruplar yaradılsa çox gözəl olardı.

Sosioloq, “Sağlam Cəmiyyət Hərəkatı”nın sədri Lalə Mehralı: "Bu, elə bir vəziyyətdir ki, yəni, sosial vəziyyətindən asılı olaraq bütün valideynlər işləməyə çalışır. Çünki bir nəfərin maaşı ilə ailə idarə etmək indi çox çətindir. Ata-ana hər ikisi işləmək istəyir. Onlar bunu uşağına daha yaxşı gələcək verə bilsin deyə edir. Ona görə təbiidir ki, uşağı bu vəziyyətdə ya nənə-baba ümidinə qoymalıdır, ya bağçaya tapşırmalıdır, ya dayə tutmalıdır. Üç variantdan birini etməlidir.

Uşaq tərbiyəsi elə bir məsələdir ki, bununla valideynin məşğul olmağı daha məqsədəuyğundur. Çünki biz yaxşı bilirik ki, nənə-baba əzizləyir, uşağın xətrinə dəymir. Bu da təbii ki, tərbiyə, ərköyünlük məsələsində özünü büruzə verə bilir. Bağça tərbiyəsindən yəni, onu müzakirə etmək istəmərəm. Orda pedaqoqlar bilirlər öz işləri nədir. Onlara əmanət etmək ən yaxşı variant olar. Amma bəzən valideynlər etibar etmirlər və yaxud da körpə olur istəmirlər. Bu halda dayə tutmağa üstünlük verirlər ki, evin içində baxılsın. Çünki bu virus məsələsinə görə əksəriyyətimizin gözümüz qorxdu. Uşağı bağçaya əmanət edə bilmirik ki, virusa yoluxar. Evdə dayənin tərbiyəsi əgər dayə təcrübəli biridirsə, burada pis bir şey yoxdur. Amma biz ətrafımızdan görürük ki, indi işsiz olan hamı dayə olmaq fikrinə düşür. Tutaq ki, uşağa baxaram. Burada çətin bir şey yoxdur. Amma uşağı yalnız yedirdib, içirdib, altını təmizləmək dayəlik deyil. Ona ilk tərbiyəni, ilk dünyagörüşü, ilk bilgini dayə verir. Ona görə də seçimdə yaxşı seçim etmək lazımdır. Bütün hallarda ata-ana tərbiyəsi mütləqdir, 6-dan, 7-dən sonra evə gələn valideyn müəyyən müddət tapıb uşağıyla məşğul ola bilir. Məşğul ola bilmirsə təbii ki, bu sonra problemlər yarada bilər".

SİA məsələ ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənib:

Şəhər sakini Paşa Məmmədov: "Məncə evdə həm ana, həm də ata işləyəndə uşaqlar qayğıdan kənar qalırlar. Həmçinin, bu, uşağın tərbiyəsinə də mənfi təsir edir. Onlar nənə-babanın ümidinə qalırlar. Ümumilikdə insanların fikirlərinə hörmətlə yanaşıram və xanımların da işləməsi normaldır".

Şəhər sakini Aytac Ali: "Uşağın dünyagörüşünün formalaşmasında valideyn önəmli rol oynayır. Müəyyən yaş dövrü var ki, burada valideyn (əsasən ana) uşağın hər anında yanında olmalı, onu qorumalıdır. Uşaqları gündəlik həyatda düzgün məişət davranışına öyrətmək hələ erkən yaşından önəmlidir. Müvafiq qurumların, mütəxəssislərinin və valideynlərin əsas məqsədi uşaqlarda məişət tərbiyəsini formalaşdırmaqdır. Uşağın qayğısına qalmaq hər bir valideynin borcudur. Buna görə də düşünürəm ki, valideynlər müəyyən yaş aralığında uşağın tərbiyəsini heç kəsə həvalə etməsinlər. Özləri məşğul olsunlar".

Şəhər sakini Aliyə Qarayeva: "Ana və atanın işləməsi uşağın maddi cəhətdən yaxşı yaşaması üçün çox önəmlidir. Təbii ki, hər iki valideynin işləməsi nə qədər vacib olsa da, uşağın tərbiyəsi hər şeydən önəmlidir. Atadan çox uşağın tərbiyəsi ilə ana məşğul olur. Amma əgər ana da işləyirsə uşağa çox çətin olur. Valideyn uşağa vaxt ayıra bilmir, uşaqla ünsiyyət qurmur, dərslərində kömək edə bilmir, bir çox gündəlik qayğıları ilə uşaq tək qalır. Bu uşağa həddindən artıq pis təsir edir. Ona görə də valideyn necə olursa-olsun, ilk növbədə, uşaqla məşğul olmalı, uşağa mümkün qədər vaxt ayırmalıdır ki, uşaq özünü tam rahat hiss edə bilsin, valideyn qayğısından məhrum olmasın. Çünki uşaqları düzgün şəkildə tərbiyə etmək bizim valideynlik borcumuzdur. Axı uşaqlar bizim gələcəyimizdir. Onlar tərbiyə, sevgi və qayğı ilə əhatə olunmalıdırlar ki, gələcəkdə özləri öz övladlarına da düzgün tərbiyə versinlər. Ən əsası isə övladlarımız cəmiyyətdə öz mövqelərini bilsinlər".

Şəhər sakini Rüfanə İsmayılova: "Düşünürəm ki, uşağın rahat yaşaması və gələcəyi üçün ailədə hamının işləməsi çox önəmlidir. Mən də uşaqlarımı daha rahat şəkildə yaşatmaq, onlara daha gözəl gələcək vəd etmək üçün işləmək istəyirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə