Ombudsman Almaniyanın Federal müvəkkili ilə görüşüb

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Almaniyada bu ölkənin Federal Müvəkkili Lars Kastellucci ilə görüş keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, görüşdə müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, o cümlədən Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən fəaliyyət, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya əldə etmək, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülmüş işlər, Ombudsmanın mandatının genişləndirilməsi ilə bağlı Konstitusiya Qanununa edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat verib.

Səbinə Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş mina terrorundan bəhs edərək, mövcud olan mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığını, minadan əziyyət çəkənlər arasında uşaq və qadınların olduğunu, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda həyata keçirilən quruculuq işlərinə maneə törətdiyini bildirib. Müvəkkil dəfələrlə müraciət olunmasına baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə hələ də təqdim olunmadığını diqqətə çatdırıb.

Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın itkin düşdüyünü qeyd edən Səbinə Əliyeva itkin düşmüş şəxslərin taleyi barədə hələ də məlumat əldə olunmadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə