“Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır” - TƏDBİR
İyunun 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə YAP Qaradağ rayon təşkilatının, QMƏVŞAİB Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil etdiyi “Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının şöbə müdiri Adil Haqverdiyev, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, QMƏVŞAİB-ın Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov, “N” saylı hərbi hissənin zabiti Yaşar Zamanov, YAP Qaradağ rayon təşkilatının və Mərkəzin əməkdaşları, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Lökbatan qəsəbəsi Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq bu dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayıb, qonaqları təqdim edib, tədbir iştirakçılarını “26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” münasibəti ilə təbrik edib. Daha sonra o qeyd etmişdir ki, ordu dövlətin əsas dayaq nöqtələrindən biridir. Dövlətin müstəqilliyi bilavasitə onun ordusunun gücündən, qüdrətindən asılıdır. Məlum olduğu kimi, milli silahlı qüvvələrin formalaşması prosesi 1918-ci ildən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə milli ordu quruculuğu prosesi də dayandı. Sovetlər İttifaqı dövründə yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində Azərbycanda mlli hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Hər kəsə məlumdur ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz o dahi şəxsiyyətin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi bugünkü müzəffər Azərbaycan Ordusunun təməlini qoymuşdur. Ulu öndərdən sonra isə onun siyasi varisi cənab Ilham Əliyev Azərbaycan Ordusunun Ali Baş Komandanlıq missiyasını uğurla yerinə yetirmişdir. Ordumuz dünyanın ən güclü 50 Ordusundan biri, Cənubi Qafqazın isə ən güclü Ordusudur. Ordumuzun gücü 44 günlük Vətən müharibəsində öz təsdiqini tapmışdır. Natiq sonda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Silahlı Qüvvələrin bütün şəxsi heyətini təbrik edərək gərgin və məsuliyyətli işlərində, şərəfli xidmətlərində müvəffəqiyyətlər arzu etdi.
Sonra Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov vurğulamışdır ki, biz artıq Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti ilə bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, onu məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 2020-ci ilin sentyabrın 27-də və 2023-cü ilin sentyabr ayının 19-da ordumuzun həyata keçirdiyi əks hücum əməliyyatlarında hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verildi. Nəticədə, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları şurasının şöbə müdiri Adil Haqverdiyev keçdiyi müharibə yolundan, 44 günlük müharibədə ordumuzun göstərdiyi şücaətdən və qəhrəmanlıqdan geniş şəkildə söz açmışdır. Bildirmişdir ki, Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit və gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.
Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva öz çıxışında, ordumuzun keçdiyi şanlı və şərəfli yoldan danışaraq qeyd etmişdir ki, tarix boyu ərazisində böyük dövlətlər qurmuş Azərbaycan xalqı döyüşkən və cəsur xarakteri ilə hər kəsin diqqətini cəlb etmişdir. Azərbaycan əsgəri hər zaman mərd, qorxmaz və mənəvi keyfiyyətləri ilə seçilmişdir. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Qəhrəmanlıqla həlak olan, yaxud qazi olan Vətən müharibəsi qəhrəmanlarımızın döyüş yolu xalqımızın qəlbində və zehniyyətində əbədi həkk olunan Zəfər yoludur, bölünməz, vahid, qüdrətli, gələcəyinə inanan və ona doğru inamla irəliləyən böyük xalqın Qələbə yoludur, öz soy-kökümüzə, əcdadlarımızın bizə miras qoyduğu ənənələrə sədaqət yoludur, azad edilmiş torpaqlarımızın dirçəldilməsi və quruculuq yoludur, xalqımızın Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasəti polad iradəsi ilə dönmədən həyata keçirən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, tarixi qələbənin memarı və komandanı Prezident İlham Əliyevə inam yoludur.
Sonda çıxış edən QMƏVŞAİB-ın Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov ilk olaraq Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edərək gərgin və məsuliyyətli işlərində, xidmətlərində onlara müvəffəqiyyətlər arzulayaraq bildirdi ki, Silahlı Qüvvələrimiz 107-cı ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.
Dəyirmi masanın sonunda "Azərbaycan Ordusu-107 ildə" adlı videoçarx göstərildi və Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə