İnsanlar niyə özündənrazı olur? - ARAŞDIRMA

Tərs və özündənrazı insanlar onlara verilən məsləhətləri dinləyirmiş kimi göstərsələr belə, həmişə bildikləri həqiqətlə hərəkət edirlər. Həmçinin, onlar inadkar və dikbaş olurlar.

Uşaqların yeniyetməlik dönəmlərində analar bu kimi sözlərdən həddindən artıq çox istifadə edir. Tarixə baxdığımızda görürük ki, böyük işlərə imza atmış insanlar həmişə dikbaş olurlar. Bu nəticə analarımızın dedikləri ilə ziddiyyət təşkil edir. İnsanların dediyini kor-koranə qəbul etmək düzgün olmaz, hətta analar belə olsa.

Birbaşa dikbaşlıq etdiyiniz zaman diqqət etməmiz lazım olan tək məqam, getdiyimiz yolun düzgün olub-olmamasıdır. Çox vaxt həqiqət nisbidir. Başqa sözlə, zamana, yerə və ya insana görə dəyişə bilər.

Məsələn, İstanbulun fəthi və lampanın icad edilməsi kimi tarixin səhifələrinə qızıl hərflərlə yazılmış hadisələr və ixtiralar dikbaş və məqsədli insanlar tərəfindən olub. Bu cür nailiyyətlər çox vaxt ətraf mühitin mənfi düşüncələri, neqativ hallar və hər şeydən əvvəl insanın özü tərəfindən törədilir. Yəni, insan tənbəlliyinə rəğmən dikbaş olmaqla qalib gələ bilər.

Unutma, bu həyat sənindir və bu ömrün sonunda sən özünün qarşında hesab verəcəksən, başqa heç kimə yox. Buna görə də öz qərarlarınızı özünüz verin. Nə olursa-olsun, doğru bildiyin yoldan dönmə.

İnadkar insanlara həyatımızın bütün sahələrində rast gəlirik. İnadkar insanların bir çox xüsusiyyətləri var. Onlar sabit fikirlidirlər. Onlar öz ideyalarından yapışaraq, israrla dediklərinin yerinə yetirilməsini tələb edirlər. Özləri üçün etdiklərini hərtərəfli qiymətləndirirlər. Başqalarının nə düşündüyünün onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onlar heç vaxt təslim olmurlar. Üzr istəmədikləri kimi, inadkar olduqlarını da etiraf etmirlər. Onlar həmişə son sözü deyən olmaq istəyirlər. Onlar həmişə çıxış yolu tapır, qarşıdakını inadla imtina etməyə məcbur edirlər və son dərəcə qürurludurlar. Geri addım atmırlar. İnadkar insanları inandırmaq çətindir, çünki onlarda bütün bu xüsusiyyətlər var.

İnandırmaq bir bacarıqdır və bu, mütləq inkişaf etdirilə bilən bir konsepsiyadır. İnandırmaq qabiliyyəti olan insanlar həyatın bir çox sahələrində uğur qazanırlar. İnandırma, insanların fikirlərimizi, düşüncələrimizi və hisslərimizi təzyiq və məcburiyyət olmadan qəbul etmə sənətidir. İnadkar insanları inandırmaq çətin olsa da, qeyri-mümkün deyil.

İnadkar insanları inandırmaq üçün bu yolu sınayın

Onu diqqətlə dinləyin. Fikirlərinə dəyər verdiyinizi göstərməklə onun tərəfində olun. Bu yolla onun əsəbiləşməsinin və inadının qarşısını almış olarsınız. Sakitcə ona öz fikrinizi təlqin edin.

Nə deyəcəyinizi əvvəlcədən planlaşdırın

İnandıracağınız mövzu ilə bağlı əvvəlcədən öyrənmə fürsəti yaradın. Dediyiniz hər şeyə onun verə biləcəyi cavabı düşünün və dominant cavablar verə bilərsiniz. Sözlərin gücündən istifadə edin.

Səmimi olun

Səmimi olmaq qarşı tərəfin bizə etibar etməsinə səbəb olur. Münasibətlərdə güvən olduqda, keçilməsi mümkün olmayan heç bir maneə yoxdur.

Düzgün bədən dilindən istifadə edin

Davranışlarınız və cümlələrinizlə uyğun gələn bədən dilini istifadə edərkən dediklərini dəstəkləyirsiniz. Bu, qarşınızdakı insana əmin olduğunuzu göstərir və güvən hissi verir. Onların sizinlə rahat və təhlükəsiz hiss etmələrini təmin edin.

Yumşaq və sakit bir səs tonu istifadə etməyə çalışın

Sakit və yumşaq səs tonu ilə səmimi danışın. Mühit gözəldir, siz sakit və arxayın olanda istər-istəməz sizi dinləyəcəklər. Onun fikirlərinizi fərqinə varmadan təsdiq etdiyini görəcəksiniz.

Dəyişimi sevdirməyə çalışın

İnadkar insanlar həyatlarında nəyinsə dəyişəcəyindən qorxurlar. Onlar yeniliklərə və dəyişikliklərə açıq deyillər. Dəyişikliyin onların həyatına gətirəcəyi müsbət şeylərdən danışın.

SİA məsələ ilə bağlı araşdırma apararaq sosioloq və psixoloqların fikirlərini öyrənib.

Psixoloq Zeynəb Eyyubova: “İnsanlarda özündən razılığın və tərsliyinin səbəbi hər hansı travmadan dolayı ola bilər. Sadəcə biz insanlara fərdi yanaşaraq və hər biri ilə söhbət edib, suallar verib hansında hansı səbəbin niyə yaranmasını aydınlaşdıra bilərik.

Bəzi insanlar kiçik yaşlardan etibarən o qədər əziliblər, o qədər görülməyiblər, o qədər sözləri eşidilməyib ki, artıq onlarda bəzi problemlər yaranıb. Ona görə də onda özgüvən əksikliyindən, travmadan dolayı gələcəkdə hamını əzmə, özündən razılıq, özünü göstərmə tipində və yaxud tərsliyinin səbəbi o qədər ki uşaqlıqdan etibarən davranış pozuntusu olub ki, bu davranış pozuntuları da artıq elə bir vəziyyətə gətirib çıxarıb ki, o artıq tərsliklə öz səhv və ya düzlərini insanlara qarşı tətbiq edir.

Buradan insanlara səslənib belə deyirəm ki, əgər valideynsinizsə və artıq 3-4 yaşından etibarən uşaqlarınızda qeyri-adi eqo və ya əksinə qeyri-adi özgüvənsizlik, davranış pozuntuları, tərsliklər gördüyünüz vaxtda mütləq şəkildə bunu ya həll edin ya da psixoloqa mütləq müraciət edin”.

Sosioloq Lalə Mehralı isə məsələyə bu cür münasibət bildirib: “Bəzən insanlar özündən razılıqla özünə dəyər verməyi və tərsliklə qəddarlığı səhv salırlar. İnsan var ki, qərarında inadçıdır, qərarının üzərində əminliklə durur, onu çox zaman tərs adlandırırlar. Yəni, tərsliklə qərarlılığı əvvəlcə ayırd etmək lazımdır. Qaldı ki, insanlarda tərslik xarakterinin formalaşmasına, bu “mənim dediyim dedikdir”, “məndən başqa heç kim doğru bilmir”, “ən doğrunu mən bilirəm” düşüncələri, xarakter də ola bilər.

Bir insan üçün onun etdiyi ən doğru əməldir, ən doğru hərəkət öz etdiyidir. Belə insanlar məsləhətə açıq olmurlar, kimsə ona məsləhət versin, kimsə öz təcrübəsini bölüşsün, kimsə ona doğru yol göstərsin, onlar bunu qəbul etmirlər. Onlar yalnız öz bildiklərini tətbiq edirlər. Çox zaman öz bildikləri onlara xeyir gətirməsə də, uğurlu olmasa da yenə öz bildiklərindən dönmürlər. Bu onlarda xarakterdir. Özündən razılıq məsələsinə gəlincə isə bu əslində həm yaxşı, həm pis xüsusiyyətdir. Yaxşı xüsusiyyətdir ona görə ki, insan özünü, mənliyini tanımalı və öz hərəkətlərində sərhəd qoyaraq özünü qiymətləndirməyi bacarmalıdır. Bəzən sərhəddi keçəndə özündən razılıq olur, sərhədə qədər bu özünə dəyər vermək olmalıdır. Müəyyən çərçivəyə qədər öz şəxsiyyətinə, öz mənliyinə dəyər verməlisən, amma, o çərçivələri aşdıqda artıq özündən razılıq, xudbinlik meydana çıxır. Bu insani keyfiyyət olsa belə müsbət insani keyfiyyət deyil. İnsan özündən razı bir yerə qədər ola bilər. Amma, müəyyən çərçivələr daxilində olmalıdır.

İnsan həmişə öyrənməyə, oxumağa, kimdənsə nəsə götürməyə, öyrənməyə açıq olmalıdır. Bu özündən kiçik də ola bilər, özündən böyük də ola bilər. Yəni, o misal var ağıl yaşda deyil başdadır. Bu o misaldır. İnsan 90 yaşında da olanda nə isə öyrənə bilər, insan 15 yaşında da olsa nəyi isə öyrədə bilər. Yəni, bu tamamilə dərrakə, şüur, ağıl məsələsidir. Yəni, konkret həmin misalın sözdə, əməldə təsviri deməkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə