Azərbaycan hər bir məsələyə yeni reallıqlar prizmasından yanaşır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

XX əsrin sonunda yetişmiş taixi şərait nəticəsində Azərbaycan xalqı özünün müstəqilliyini uzun müddətdən sonra bərpa etmək imkanı qazandı. Müstəqilliyinin bərpası xalqımız və ölkəmiz üçün heç də asan başa gəlmədi. Yaradılan süni maneələr, peoblemlər heç biri xalqın müstəqillik əzmini qıra bilmədi. 1991-ci ilin oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında dövlət müstəqilliyinin bərpası ilə bağlı başlayan müzakirələr dörd gün davam etdi. Nəhayət ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Qısa müddət ərzində bir sıra ölkələr Azərbaycanın müstəqilliyini tanıdı ki, bunlardan birincisi məhz qardaş Türkiyə oldu.

Ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçərək bərpa etdiyi müstəqlliyə bir sıra təhlükələr var idi. Bu təhlükələrdən ən əsası isə Ermənistanın ölkəmizə qarşı elan etmədən başlatdığı müharibə idi. Yaranmış boşluqdan istifadə edərək bir qrup səriştəsiz “siyasətçinin” ölkədə rəhbərliyə keçməsi müstəqilliyini yeni bərpa edən Azərbaycanı çox ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Yürüdülən səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Məhz müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi naminə yorulmadan çalışır, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün davamlı islahatlar həyata keçirir. Cənab İlham Əliyevin prezidentliyi dövründə həyata keçirdiyi uğurlu daxili, xarici siyasət, müasir orduquruculuğu işləri Azərbaycanı regionun güclü dövlətinə çevirdi. 27 sentyabr 2020-ci il tarixdə başlanan və cəmi 44 gün davam edən Vətən mühariəsində Azərbaycan güclü dövlət olduğunu düşmənlə yanaşı bütün dünyaya nümayiş etdirmiş oldu. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək möhtəşəm Zəfər qazanan Azərbaycan öz qələbəsi ilə regionda və dünyada yeni reallıqlar yaratdı. Yaradılan yeni reallıqlar özlüyündə hər bir məsələyə yanaşma tərzinin yenilənməsi zərurətini meydana çıxarmış oldu. Bunlardan biri də dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurətidir.

103 il bundan öncə, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyamnəməsi imzalamaqla Azərbaycanın müstəqil ölkə olduğunu bütün dünyaya bəyan etdi. Azərbaycanın qədim dövlətçilik ənənələrini özündə təcəssüm etdirən Xalq Cümhuriyyəti hökuməti qısa zaman ərzində ilk parlamenti yaradaraq dövlət atributlarını təsis etmiş, dövlət quruculuğu sahəsində mühüm işlər görmüşdü. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir.

Müstəqlliyinin bərpasının 30-cu ilində öz ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan artıq hər bir məsələyə yeni reallıqlar prizmasından yanaşır. Bu əsasda tarixi günlərimizin də yeni qaydada təsbit olunması əsas məqamlardandır. Belə ki, ölkədə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi qəbul edilmiş və 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü elan edilmişdir.

18 oktyabrın müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura və digər ərazilərə dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə