Pandemiya bizə nə verdi və nə aldı - ARAŞDIRMA

Son zamanlarda bütün dünyaya yayılan koronavirus epidemiyası qısa müddətdə qlobal sağlamlıq probleminə çevrildi. Epidemiyanın müddəti uzandıqca və təsirli olduğu coğrafiya genişləndikcə ondan təsirlənən insanların sayı da gündən-günə artdı. Şiddətli fiziki simptomlara səbəb ola bilən virus təkcə bədənlərə deyil, həm də sosial həyata da təsir etdi. Beləliklə, epidemiyanın səbəb olduğu sosial təsirlər bizə xəstəliklərin həm bioloji bir fenomen, həm də sosial bir hadisə olduğunu xatırlatdı. Əslində, sağlamlıq və xəstəlik, dar və ya geniş miqyasda güclü sosial, iqtisadi və siyasi kontekstlərə malikdir. Təbii ki, fərdlərin qarşılaşdığı və ya qarşılaşa biləcəyi xəstəliklər cinsiyyət, yaş və irsiyyət kimi bioloji faktorlardan asılıdır. Ancaq fərdlərin, qrupların və cəmiyyətlərin sağlamlığını və xəstəlik vəziyyətini təyin edən bir çox sosial faktor var. Bunlar ailə vəziyyəti, təhsili, məşğuliyyəti, sosial təbəqəsi, həyat tərzi, inanc sistemləri kimi sıralana bilər. İfadə olunan sosial amillərlə yanaşı, sosial quruluşu və mədəniyyətini də qeyd etmək lazımdır.

19-cu əsrin sənayeləşmiş ölkələrində üstünlük təşkil edən xəstəliklər yoxsulluqla əlaqəli idi, 20-ci əsrdə yayılmış xəstəliklər isə zənginlik, mədəniyyət və ya həyat tərzi ilə izah edildi. 20-ci və 21-ci əsr cəmiyyətlərində hərəkətsizliyin, yemək pozğunluğunun, ətraf mühitin və yaşayış şəraitinin, təzyiqin səbəb olduğu xəstəliklərdə böyük bir artım müşahidə edilmişdir. Vəba və malyariya kimi epidemik xəstəliklər bəzi dövrlərdə müharibələrdən daha çox insan itkisinə səbəb oldu. Epidemiyalar yüz illər boyu cəmiyyətlərin siyasi, iqtisadi və əlbəttə ki, sosial həyatlarına təsir etdi və hətta dəyişdirdi. Bu səbəbdən bəşəriyyət tarixinin epidemiya tarixi ilə paralel olaraq irəlilədiyini söyləmək yanlış olmaz. Bundan əlavə, ictimai dəyişikliklərlə birlikdə vaxtaşırı meydana gələn müxtəlif epidemik xəstəliklərin olduğu görülür.

İnsanlığın epidemiyalar üzərində qalib gəldiyi fikri ilk böyük zərbəni 1918-ci ildə ortaya çıxan İspan qripi ilə aldı. Epidemiya o qədər təsirli oldu ki, hətta Birinci Dünya Müharibəsinin gedişatını dəyişdirdi. Ancaq epidemiyadan sonra elmi kəşflərlə ən çox yayılmış yoluxucu xəstəliklərə qarşı təsirli vasitələr təmin edildi. Bir çox yoluxucu xəstəliyin tək-tək yox olacağı gözləntisi geniş yayılmışdır. Doğrudan da, dünya miqyasında çiçək xəstəliyinə qarşı kampaniya ilə 1979-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin kökünü kəsdiyini elan etdi. Beləliklə, yoluxucu xəstəliklərin elmi və texnoloji inkişaflarla birlikdə dünyadan yox olacağı düşünülürdü və yeni xəstəliklərin ortaya çıxacağı proqnozu zəiflədi. Yoluxucu xəstəliklərin təsirinin bütün dünyada zəiflədiyi inancına baxmayaraq, epidemiyalar, xüsusən də sənayeləşmə hərəkətini etməyən və ya tamamlamayan yoxsul və az inkişaf etmiş ölkələrdə ölümün əsas səbəblərindən biri olaraq qalmaqdadır. İqtisadi və siyasi cəhətdən qabaqcıl ölkələrdə epidemiyaların ölüm səbəbləri arasında təsiri azaldı. Bu səbəbdən, epidemiya gözləntisinin olmadığı bir vaxtda dünya yeni bir epidemiya xəstəliyi təhlükəsi ilə üz-üzə qaldı.

SİA olaraq pandemiyanın mənfi təsir etdiyi sahələri araşdıraraq psixoloq, sosioloq, deputat və ekspertlərin fikirlərini öyrəndik.

Media eksperti, siyasi şərhçi Azər Həsrət: “Pandemiya bütün dünyada həyatı iflic edib və Azərbaycan da istisna deyil. Bütövlükdə cəmiyyətimizə, təhsilimizə vurduğu ziyana gəlincə isə hər şey göz önündədir. Yəni, ümumiyyətlə, gündəlik həyat ritmimiz pozulub, uşaqlar, tələbələr dərsə gedə, müəllimlər dərslərini normal qura bilmirlər. Düzdür, onlayn dərs sisteminə keçildi, amma o da kifayət qədər effektiv olmadı. Bundan əlbəttə boşluğu doldurmaq üçün istifadə edildi. Ümumi götürəndə nəzərə alsaq ki, ölkənin bir sıra yerlərində ümumiyyətlə internet əlçatan deyil və internetin olmadığı yerdə təbii ki, onlayn dərsdən də söhbət gedə bilməz. Belə götürəndə, mənə elə gəlir ki, Azərbaycan dünya ölkələri arasında ən az itki ilə bu proseslərdən çıxır. Çünki, həqiqətən elə ölkələr var ki, onlar ümumiyyətlə iflic olublar. Yəni, heç nə edə bilmirlər. Amma, Azərbaycan ilk gündən ötən ilin mart ayından başlayaraq, Pandemiyaya qarşı mübarizə tədbirlərini, önləyici tədbirləri daha çox gördü və nəticə etibarilə uğurlara da nail oldu. Əlbəttə ki, təhsildir, cəmiyyətin həyatıdır, bunlarda axsamalar oldu. Bu qaçılmaz idi, olmaması mümkün deyildi. Amma, bütün bunlarla bərabər mən düşünürəm ki, biz hələ ki, bu mərhələyə qədər minimum zərərlə gəlib çıxmışıq. Bundan sonra necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki, hələ ki pandemiyanın bitəcəyi ilə bağlı xəbərlər verilmir. Onun hətta bəzən daha da güclənəcəyi haqqında xəbərlər verilir. O baxımdan mən düşünürəm ki, biz hər halda ehtiyatı əldən qoymamalıyıq. Həyatımızı pandemiya şəraitinə uyğunlaşdırmalıyıq. Yəni istər təhsildə, istər cəmiyyət həyatı, istər iş həyatı və s. Artıq qəbul etməliyik ki, bu virusla bərabər yaşayacağıq.

Mən düşünürəm ki, bu pandemiya da bir gün geridə qalacaq, amma bu xəstəliyin özü birdəfəlik yox olub gedən deyil. Ona görə özümüzü ona kökləməliyik ki, xəstəliklə bərabər yaşayaq”.

Psixoloq Vüsalə Əmiraslanova isə məsələnin psixoloji yanlarına toxunub: “Pandemiyanın cəmiyyətə vurduğu əsas ziyanlardan biri insanların ünsiyyətdən qalmaları olub. İnsanlar artıq demək olar ki, çox nadir hallarda geniş müzakirələr edərək ünsiyyət qururlar. Onlarda biri-birindən qaçma effekti yaranıb, yəni, həm xəstəliyə görə, həm də ümumi hamı narahatdır. Bu xəstəlik tam bitməyənə qədər insanların beynində yenə də o şübhə var ki bir - birimizdən qaçaq, görüşməyək, əvvəlki isti münasibətlərimiz yoxdur.

Bundan əlavə təhsilə də bir sıra mənfi təsirlər dəyib. Belə ki, uşaqlar elə dərslər var ki, onları ümumiyyətlə, onlayn başa düşməyiblər, amma məcbur olub il yarım oxuyublar. Dərslərin tez-tez arasının kəsilməsi uşaqlarda həvəssizlik yaradıb. Çünki, valideyn uşağı toparlayır ki, dərs oxusun, amma gah onlayn olur, gah da əyani təhsilə keçir. Bu da onları zəiflədir, dərsə marağını azaldır.

Bundan əlavə, uşaqların ümumi sağlamlığında çox böyük ziyan olub. Məsələn, onurğa sütununda skalioz, gözlərində problem yaradıb. Uşaqlarda asosiallaşma, telefon asılılığı çoxalıb, bağımlılıq yaranıb.

Pandemiyanın ümumi, yəni, həm iqtisadi tərəfdən, həm səyahətlər baxımından, həmçinin bu analizlərin verilməsi, xarici ölkələrə getməklə əlaqəli, tez-tez analizlərin olması kimi məsələlər insanları qıcıqlandırır. Gündə bir Covid-19 pasportu və yaxud da peyvəndlərin vurulması, şayiələr və s. insanları xaosa salır, onlarda gərginlik, həyəcan yaradır. Yəni, ümumi pandemiyanın cəmiyyətə vurduğu ziyanlar budur.

Həmçinin, teatr, tamaşalar və digər bu faktorlardan geri qalma olub, sərgilər və sair, indi açılsa da artıq ona həvəs azalıb ki, buna da yenidən həvəsin yaradılması lazımdır. Ümumi, yəni, mədəni, fiziki və psixoloji ziyanlarımız çoxdur. İnsanlarda digər insanlardan qaçış yaranıb, özlərini qorxuya salmaq, həyəcan pozuntusu, təşviş çoxalıb”.

Təhsil eksperti Kamran Əsədov isə pandemiyanın təhsilə vurduğu zərər və ziyanlar haqqında ətraflı olaraq öz fikirlərini qeyd edib: “İlk növbədə qeyd edim ki, 1 il 6 aydan sonra tədrisin tam şəkildə bərpası şagirdlər üçün çox vacib bir addımdır. Nəzərə alsaq ki, onlar uzun müddətdir tədris prosesindən kənardadılar, bu xüsusən texniki və təbiət fənlərinin şagirdlərə mənimsənilməsi ilə bağlı problemləri ortaya çıxardıb. Bu amil xüsusilə texniki və təbiət fənlərinin şagirdlərə mənimsədilməsi üçün çox ciddi bir faktordur və əlbəttə şagirdlərin uzun müddət tədris prosesindən kənarda qalmaları onlara çətinlik yaradacaq. Bu təkcə onlara bilik verməklə bağlı deyil. Eyni zamanda şagirdlərin orta məktəblərə adaptasiyası üçün ciddi bir sürəcə ehtiyac var.

Nəzərə alsaq ki, 22 sentyabrda 643 min 333 şagird 1, 2, 3 və 4-cü siniflərə gediblər. Onlar uzun müddətdir dərsdən kənarda qaldıqlarına görə yatmaq, durmaq, ev tapşırıqlarının yerinə yetirilməsi, uzun müddət məktəbdə qalma kimi müəyyən qədər çətinliklərlə yaşayacaqlar. Səhər oyanmaq birinci növbədə şagirdlər üçün çətindir. Eyni zamanda qidalanma ilə bağlı, vaxtında dərs prosesində iştirakla bağlı bunların hər biri müəyyən qədər çətinliklərin yaratdığını bilirik və burada müəllimlər müəyyən qədər anlayışlı olmalıdırlar. Xüsusən, 2 və 3-cü siniflərə dərs deyən müəllimlər nəzərə almalıdırlar ki, şagirdlər uzun müddətdir prosesdən tamamilə kənarda qalıblar və onlar birdən-birə tam olaraq proqramı mənimsəməkdə çətinlik çəkəcəklər.

Hesab edirəm ki, ən vacib məqam tədrisin ilk vaxtlarında müəllimlər çalışmalıdır 1 il 6 ay ərzində şagirdlər tərəfindən zəif mənimsənilən mövzuları xüsusən şagirdləri öyrətməyə çalışsınlar. Nəzərə alsaq ki, bu müddət ərzində şagirdlər riyaziyyat fənni ilə bağlı çətinlik çəkiblər, diqqəti bu fənnə, digər tərəfdən xarici dillərin tədrisinə yönəltmək lazımdır. Bunun üçün isə mütləq şəkildə tədris ili başlayanda şagirdlərin vəziyyətini müəyyənləşdirmək üçün diaqnostik imtahan keçirmək lazımdır. Yəni, diaqnostik imtahan nəticəsində şagirdin hansı mövzunu necə mənimsədiyini müəyyənləşdirmək mümkündür və bunun ardınca şagirdlərin zəif nəticə göstərdiyi, daha çox səhv cavab yazdığı mövzulara təkrarən qayıtmaq və onu şagirdlərə öyrətmək lazımdır. Çünki aşağı pillədəki bilikləri və bacarıqları şagirdlər özlərində formalaşdırmayanda yuxarı sinifdə bunların çatdırılması ilə bağlı ciddi problemlər olacaqdır və bizim təhsil sistemi çox təəsüf ki, birbaşa proqramı tədris etməyi üzərinə götürüb və ona görə də bu il biz bunu bir yenilik olaraq da götürə bilərik.

Şagirdlər ilk həftələrdə köhnə mövzuları təkrar etməli, onunla paralel yeni mövzulara da diqqət etməlidirlər. Ümumiyyətlə, ali məktəblərdə tədrisin təşkili müəyyən qədər çətinlik yaradacaq. Artıq orta məktəblərdə biz bu məsələni, problemi həll etmişik. Orta məktəblərlə bağlı elə bir problem yoxdur. Amma, ali məktəblərlə bağlı müəyyən qədər problem var. Yəni, bu il dərslər ali məktəblərdə təhsil müəyyən qədər hibrid formada təşkil ediləcək, yəni müəyyən dərslər ənənəvi qaydada, bəzi dərslər isə onlayn rejimdə olacaq. Bunun özü də çətinlik yaradacaq. Biz deyirik ki, orta məktəblərdə şagirdlər pandemiya dövründə zəif keçilən və yaxud da keçilməyən mövzuları təkrar öyrənə biləcəklər. Amma ali məktəblərdə bu imkan yoxdur. Çünki, ali məktəblərdə hər semestrdə fərqli biliklər verilir, bacarıqlar formalaşdırılır, informasiya verilir. Yəni, hər semestrdə fərqli fənlər tədris olunur. Orta məktəblərdə isə demək olar ki, 90 faiz eyni fənnlərdir. Ali məktəblərlə bağlı biz bu il ciddi yeniliklər gözləyirik və bütün hallarda vəsaitlər hazırlanmalı idi ki, zəif tədris olunan mövzulara qayıtmaq üçün və ən azından post-pandemiya dövründən biz hazır olmalıydıq. Çox təəsüf ki, Azərbaycan təhsil sistemində ali məktəblər xüsusilə bu istiqamətdə iş görmədilər və həmin şagirdlər 1 il 6 ay ərzində demək olar ki, mənimsəmədiyi mövzulara təkrar qayıtmaq imkanı onlar üçün olmayacaq. Bu ciddi bir problemdir. Artıq 29 sentyabrdan, yəni sabahdan etibarən ölkədə tam şəkildə tədris bərpa ediləcək. Bu böyük bir hadisədir və mən hesab edirəm ki, biz birmənalı şəkildə bu prosesi tam nəzarətdə saxlamalıyıq ki, təhsil alanlar zəruri biliklər əldə edə bilsinlər”.

Milli məclisin deputatı Cavid Osmanov isə fikirlərini bu cür ifadə edib: “Əlbəttə ki, 2 ilə yaxın davam edən koronavirus pandemiyası bütün dünyada bir çox sahələrə mənfi təsirlər göstərməkdə davam edir. Xüsusən, iqtisadiyyata, iqtisadiyyatın bir çox sahələrinə, turizm sektoruna, humanitar sahədə xüsusən təhsil sektoruna çox mənfi təsirlər göstərmişdir. Əlbəttə ki, ənənəvi dərslərin keçirilməməsi, pandemiya ilə əlaqədar tətbiq olunmuş sərt karantin rejimi qaydaları, bütün bunlar ilk növbədə təhsilin keyfiyyətinə çox ciddi zərbələr vurur. Birincisi, əlbəttə ki, xüsusən yeni məktəbə qədəm qoymuş azyaşlı uşaqların həm dərs qavramaq bacarığı, onların ümumilikdə cəmiyyətə inteqrasiyası, daha sonra yuxarı siniflərdə hansılar ki, ali məktəblərə hazırlaşırlar, bunların əlbəttə ki, onlarda da dərs proqramının tamamilə keyfiyyətli şəkildə mənimsənilməsi, o cümlədən həmin yaşda uşaqların artıq sərbəst dillərə qədəm qoyması ərəfəsində olması, bütün bunlar əlbəttə ki, çox təsir edir. Amma, digər tərəfdən də, pandemiya dövründə tətbiq olunan qaydalar, insan sağlamlığının qorunmasına istiqamətlənmişdir. Amma, digər bir tərəfdən biz onun zərərlərini də müşahidə edirik və bundan sonrakı illər ərzində də müşahidə edəcəyik".

Pandemiyanın həyatımıza təsiri ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik:

Şəhər sakini Ülkər Xəlilli: “Birinci növbədə təmizlik. Mən pandemiyadan öncə də təmizliyə diqqət edirdim, lakin pandemiyadan sonra daha da diqqət etməyə başladım. Pandemiyadan öncə meyvə çox yemirdim, sonra isə sağlam qidalara üstünlük verdim. Vitamin daha çox qəbul elədim. Həyatıma isə təsiri o oldu ki, yaxınlarla doğmalarla az ünsiyyətdə oldum”.

Şəhər sakini Fatma Abdulla: “Karantinin ilk şərti özünütəcriddir. Yaxınlarından, tanışlarından, bir sözlə cəmiyyətdən və hər kəsdən. Bu da öz növbəsində bəzi psixoloji fəsadlar doğurur, təbii ki. Mən dostlarımla vaxt keçirməyi çox sevirəm. Karantin məndən bunu aldı. Əvəzinə isə sosial şəbəkələri verdi. Düzdür, hazırda internet şəbəkəsi o qədər inkişaf edib ki, hətta dərslərimizi belə onlayn keçirdik. Çoxumuzun "burdayam" deyib, əslində olmamağı idi onlayn dərslər. Karantin məndən auditoriyada dərsi həqiqətən mənimsəmək istəyimi aldı. Bunlarla yanaşı, yeni yerlər kəşf etməyi, gəzib daha çox öyrənməyi, kinoteatrlara getməyi də özündə saxlayırdı karantin. Artıq bəzi məhdudiyətlər aradan qalxıb, bu məni çox sevindirir. Çox yaxında dünyamızın, vətənimizin Covid-19 təhlükəsindən xilas olmağını diləyirəm”.

Şəhər sakini Nəzrin Qarayeva: “Pandemiya hamı kimi mənim də həyatımda çox böyük dəyişikliklər etdi. Evlərə qapandıq və sağlamlığımız təhlükə altında qaldı. Təhlükə hələ də davam edir. Bu virusun həyatımızdan çıxması üçün hamının qaydalara əməl etməsi mütləqdir. Əks halda bu təhlükə uzun müddət davam edəcəkdir. Pandemiya həmçinin psixoloji problemlərə də yol açır. Sırf bu səbəbdən də əvvəlki həyatımıza dönmək üçün əlimizdən gələni etməliyik”.

Şəhər sakini Şəbnəm İsgəndərova: “Pandemiyanın ilk vaxtları biraz sıxıcı olsa da, sonrakı dövrlərdə adaptasiya oldum. Bir sıra insanların vəfatı həyata qarşı ümidsiz yanaşmağa səbəb oldu. Lakin, sonra bir sıra işlərlə məşğul olmağa, hər şeyə əvvəllər olduğu kimi ümidlə baxmağa başladım. Pandemiya həyatıma sadəcə yeni iş təklifləri ilə rəng qatdı”.

Şəhər sakini Aytac Ali: “Pandemiya öz adımdan desəm, mənə hər an hər şey ola biləcəyini, yaxın və doğmalarımızın qədrini daha yaxşı bilməli olduğumuzu öyrətdi. Çünki hər şey bir anda dəyişdi, demək olar ki, bütün hər şeyə qadağalar, məhdudiyyətlər təyin olundu. Ona görə də anı yaşamaq lazım olduğunu öyrəndim. Həyatımda dəyişdiyi tək müsbət cəhət karyeramda irəliləyiş oldu. Universitet onlayn olduğu üçün öz ixtisasım üzrə işləməyə başladım. Özümü bu sahədə inkişaf etdirdim. Ən pis olduğum isə tələbəlik illərimi yaşaya bilmədim tam olaraq”.

Şəhər sakini Ülkər Orucova: “Düşünürəm ki, karantinin mənfi yanlarının olduğu qədər müsbət yanları da oldu. Mənfi yanı olaraq deyə bilərəm ki, asosyallaşdırdı məni və tələbəlik həyatımdan bir il yarım aldı. Amma müsbət olaraq isə mənə ikinci dili səlis şəkildə öyrənmə imkanı yaratdı və dünya haqqında yeni məlumatlar öyrənməyimə çox kömək oldu”.

Şəhər sakini Bəsti Məmməd: "Əslində pandemiya ilk dəfə başlayanda bunun mənə heç bir təsiri olmadı. Çünki o vaxt Naxçıvanda yaşayırdım və həyat öz axarında davam edirdi. Ənənəvi olaraq dərsə gedirdik. Karantin yox, qadağa yox, polisləri görən kimi maska taxan insanlar yox. Amma bunların hamısı olmasa da ən az yoluxma da Naxçıvanda idi. Pandemiyanı Bakıya köçəndən sonra hiss etdim. Ən çox bezdiyim isə şənbə-bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərməməsidir. Sadəcə şənbə-bazar iş olmurdu amma nəqliyyat olmadığı üçün həyatımızı sanki şüşə fanusun içinə qoyublar və heç yerə çıxa bilmirik. Açığı bezmişəm pandemiyanı 7 aydı hiss edirəm və düşünürəm ki, çox bezdiricidir. Bundan istifadə edib qiymətləri də qaldırıblar. Hətta hamilə qadınlar peyvənd olunmamaq üçün əks göstəriş sənədi almaq üçün müraciət edir məcbur alacağımızı düşünüb analizlər üçün poliklinikalar özəl müəssisələrə göndərib ciblərimizi soymağa çalışırlar. Bir sözlə bitsin artıq. Nəfəsimiz kəsilir. Nəfəs almaq istəyirik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə