Məktəbə getmək neçəyə başa gəlir? - QİYMƏTLƏR - ARAŞDIRMA

Məktəblərin açılmasına az vaxt qaldığı bu günlərdə bütün ailələr və şagirdlər məktəb alış-verişi üçün tələsirlər. Uşağınız bu il məktəbə yeni başlayırsa və məktəb alış-verişində heç bir təcrübəniz yoxdursa, sizin üçün hazırladığımız məktəb alış-veriş siyahısı ilə özünüz üçün siyahı tuta bilərsiniz. Əlavə olaraq, məktəb üçün alış-veriş edərkən bilməli olduğunuz şeylər SİA-nın apardığı araşdırmada sizi gözləyir.

1. Geyim:

Məktəbli forması

Corab

Lazım gələrsə yeni alt paltarları

Qızlar üçün saç aksessuarları

Kəmər

Ayaqqabı

Bədən tərbiyəsi dərsləri üçün sport dəst

Məktəb çantası

2. Çantada olması vacib olanlar:

Dəftərlər

Kitablar

Qələm qutusu

Yapışqan

Fayl və sənəd kağızı

Qələm qabı

3. Qələm qabının içində olmalı olanlar:

Bir qırmızı və bir qara qələm

Silgi

Tükənməz qələmlər

Qayçı və dərs bıçağı

4. Qidalanma avadanlıqları

Nahar qutusu

Qidalanma örtüyü

Yemək saxlamaq üçün bölünmüş kiçik saxlama qabları

Qablaşdırılmış süd və şirələr

5. Digər əşyalar

Quru və nəm salfetlər

Oyun xəmiri

Kiçik bir pulqabı

Karandaşlar

Məktəb çantası

Yapışan qeyd kağızları

Məktəb üçün alış-veriş edərkən həm rasional, həm də gəlirli olmaq üçün bilmək lazım olanları sizin üçün tərtib etdik. Bunları qeyd etməzdən əvvəl bir şeyi xatırlatmalıyıq: İbtidai sinif şagirdləri üçün dəftərxana ləvazimatları, əsasən, müəllimlər tərəfindən tövsiyə olunur. Uşağınız yeni məktəbə başlayırsa, müəllimin tövsiyələrinə uyğun olaraq dəftər və kitab almağı məsləhət görürük. Bundan əlavə, məktəb üçün alış-veriş edərkən bilməli olduğunuz digər şeylər bunlardır:

Məktəb və dəftərxana ləvazimatları alverinə başlamazdan əvvəl etməli olduğunuz ilk şey ehtiyaclarınızı siyahıya salmaqdır. Bu şəkildə nə alacağınızı unutmayacaqsınız və ehtiyaclarınızdan kənara çıxmayacaqsınız.

Hər müəllim dərsi üçün xüsusi bir dəftər istəyə bilər, buna görə dəftər mübadiləsi etməyə tələsməyin və məktəblərin açılmasını gözləyin.

Rəngli qələmlər uşaqların təhsilində həvəsləndirici rol oynayır. Buna görə də, uşağınızın qələm qutusunda bir neçə rəngli qələm saxladığından əmin olun.

Silgi seçərkən yumşaq və işarəsiz silgi almağa diqqət edin. İçərisində çoxlu kimyəvi maddələr olduğu üçün mümkün qədər əlverişli ətirli silicilərdən uzaq durduğunuzdan əmin olun.

Məktəb üçün alış-veriş edərkən, uşaqlar arasında da bir tendensiya olduğunu unutmayın. Çantanız, ayaqqabılarınız, qələm tutacaqlarınız kimi uşağınızın bəyəndiyi və dərhal cansıxıcı olmayacaq əşyaları birlikdə seçməyə diqqət edin.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov münasibət bildirib: “İlk növbədə qeyd edim ki, şagirdlərin adambaşına düşən xərcləri əsasən belədir:

- Gündəlik qida xərcləri (4-7 manat)

- Zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər (aylıq 20-30 manat)

- Tibbi xərclər (aylıq 30-70 manat)

- Məktəbə gediş-gəliş xərcləri (aylıq 10-20 manat)

- Dil və hazırlıq kursları (aylıq 150-300 manat)

- Geyim xərcləri (aylıq 70-100manat)

Bundan başqa digər davamlı zəruri xərclər də olur. 12 vərəqli dəftərlər 40 qəpiyədir, 60 qəpiyə Rusiya istehsalı olanları da var. 40 vərəqli dəftərlər 50-60, dəftər üzləri 50, pozan 20-80, qələmbiçən 1.80 qəpiyədir. Gündəliyin qiyməti 2-4 manatdır. Sadə qələmin da ən ucuzu 30 qəpikdir. Albom 50 qəpikdən 1 manat 50 qəpiyə qədər qiymətlərdə təklif edilir. Rəngli qələmlərin qiyməti 1 manatdan başlayıb, 5 manata qədər artır. Plastilinin isə ucuzu 1 manatdır. Məktəbli çantaları 40-150, məktəbli forması 50-120 manata başa gəlir. Yəni, şagirdi məktəbə yola salmaq valideynə aylıq ən azı 150 manata başa gəlir. Düşünürəm ki, məktəbli formalarının verilməsi ilə bağlı yükü də dövlət öz üzərinə götürməlidir. Bütün şagirdlər üçün istənilən nəqliyyat növü pulsuz olmalı, məktəbliləri daşıyan ayrıca avtobuslar təşkil edilməlidir. Fikrimcə, bunlar həyata keçirilsə, təhsilin əhatə dairəsi daha da genişlənər və əlçatanlıq təmin olunar Çünki nəqliyyat problemi rayon yerlərində şagirdlərin vaxtında və davamlı dərsə getməsinə təsir edir. Bu əsasən soyuq, yağışlı və qarlı havalarda müşahidə edilir.

Bunlarla bərabər düşünürəm ki, böyük tənəffüsdə şagirdlərə isti yemək və meyvə verilməlidir. Çox şagirdin məktəb bufetindən istifadə etməyə maddi durumu əl vermir.

Təbii ki, bizimlə Avropanın gəlirlilik səviyyəsi eyni deyil. Amma müqayisə etsək, bizdə xərclərin 7-8 dəfə az olması məlum olar. Məsələn, Almaniyada şagirdin aylıq xərci təqribən 800 avroya bərabərdir. Almaniyanın bu nəticəsi orta aylıq maaş, illik gəlirin yüksək olmasından xəbər verir. Məsələn İrlandiyada bu işdə ən böyük yardım göstərən institutlardan biri kilsədir. Hər şagirdə kilsə tərəfində ayrıca vəsait ayrılır. Bu kilsənin tarixi ənənəsidir. Avropa ölkələrində qeyri hökümət təşkilatları, müxtəlif fondlar, kommersiya təşkilatları, iri şirkətlər məktəblərdə müəyyən layihələr həyata keçirir, bunun üçün vəsaitlər ayırırlar.

Azərbaycanın da qabaqcıl beynəlxalq təcrübədən istifadə etməsində yarar var. Yükü təkcə dövlətin üzərinə atmamaq da olar. Özəl şirkətlər bu işə sponsorluq etsə, müxtəlif dərnəklərin maliyyələşməsini holdinqlər öz üzərilərinə götürsə, vəziyyət dəyişər. Həm qurumlar daha keyfiyyətli xidmət edər, həm də dövlət büdcəsinə müəyyən qədər qənaət etmiş olarlar”.

Sosial ekspert, jurnalist Rövşən Rəsulov isə mövzu ilə bağlı fikirlərini belə qeyd edib: “Qarşıdan gələn növbəti tədris ilində valideynlərin uşaqları üçün məktəb ləvazimatları və geyimləri almaları sözün əsl mənasında problemlə çevrilir. Bütün valideynlər uşaqları üçün ən yaxşısını almağa çalışır, üstəlik, nəzərə alsaq ki, bir ailədə iki, yaxud daha çox uşaq var, bu zaman çəkilən xərc bir neçə dəfə artır.

Aparılan araşdırmalardan isə məlum olur ki, valideyn övladını tam hazır şəkildə məktəbə göndərmək üçün orta hesabla 250-350 manat arasında xərc çəkməlidir.

İndi təsəvvürümüzə gətirək ki, bu proses nə qədər çətinliklər yaradır. Etiraf edək ki, bir sıra ailələrdəki gəlirlər, onların sosial durumları qənaətbəxş olmur, bu baxımdan, onların öz uşaqlarını məktəbli ləvazimatları və s. ilə təmin edə bilməmələri təəssüf doğurur. Bəzi hallarda qayğıkeş insanlarımız da olur ki, bu kimi məsələlərdə örnək addımlar atırlar.

Keçək digər tərəfə. Bu məsələdə əsas tələbat şagird geyimləri ilə bağlıdır. Bəllidir ki, məktəb yaşlı uşaqlar qısa müddətdə boy atırlar və valideyn növbəti tədris ilində ona yeni məktəbli geyimi almalı olur. Düzdür, əgər evdə böyük yaşlı məktəbli uşaqlar olursa, onların geyimləri kiçik yaşlı uşaqlara da verilə bilər. Amma bir ailədə iki uşaq varsa, onlardan biri qız uşğağı, digəri isə oğlandırsa bu zaman həqiqətən də ciddi problemlər ortaya çıxmış olur. Məsələ isə yalnız məktəb geyimləri və ləvazimatları ilə başa çatmır. Yəni tədris ilindəki tələbatlar öz mövcudluğunu davamlı olaraq qoruyub-saxlamaqdadır. Açığını desəm, uşaqları məktəbə yollanacaq valideynlərə təmkin və səbr diləyirəm, çünki özüm də valideyn olaraq həmin proseslərin nə qədər çətin olduğundan xəbərdaram”.

Təhsil eksperti İlqar Orucov isə öz fikirlərini bu cür ifadə edib: “Orta ümumtəhsil məktəblərində təhsil alanların dərsliklərlə təminatını dövlət həyata keçirir və valideynlər dərsliklərə pul xərcləmirlər. Yəni, bu xərci dövlət qarşılayır. Amma, hər bir şagirdin məktəbə getməsi üçün məktəbli geyimləri, dəftər, qələm və s. ləvazimatlara ehtiyac duyulur. Doğrusu, məktəb yaşlı övladım olmadığı üçün mən bazarda konkret olaraq qeyd olunan məktəbə aid ləvazimatların qiymətini dəqiq bilmərəm. Amma təqribən məktəbli geyimləri, üst geyimlər, ayaqqabı təxminə 50-70 manat arası təşkil edir. Yəni, bu əslində minimal qiymətlərdir. Məktəbli geyimlərini bəzən ayrı-ayrı məktəblər xüsusi geyimlər sifariş edirlər. Bu artıq xüsusi geyimlər olduğu üçün bunun qiymətləri bir qədər artır. Burada əsas maliyyə tutumlu məktəbli geyimləridir ki, bununla da bağlı biz, Təhsil Nazirliyi yanında İctimai Şuranın pandemiyadan öncə məktəbli geyimləri istehsal edən 6 böyük şirkətin rəhbəri ilə görüşlər keçirdik, qiymətlərlə maraqlandıq, tövsiyələr verdik. Burada təkcə qiymət məsələsindən az əhəmiyyət kəsb edən məqamlardan biri də məktəbli geyimlərinin təhlükəsizliyi məsələsidir. Yəni, məktəbli geyimləri elə parçalardan istehsal olunmalıdır ki, bu məktəblinin gələcəkdə sağlamlığına ziyan gətirməsin. Bu çox vacib bir faktordur. Düşünürəm ki, Azərbaycanda artıq xeyli ixtisaslaşmış və bu istiqamətdə istehsalla məşğul olan təcrübəli müəssisələr fəaliyyət göstərir.Yəni rəqabət genişdir. Amma, bu rəqabətin olması bazarda süni qiymət artımının qarşısını alan vacib faktorlardan biridir. Amma təxminən düşünürəm ki, bir məktəblinin məktəbə getməsi üçün minimum 100 manat civarında bir xərc tələb olunur və əslində valideynlərin bir qədər öncə narahatlıqları var idi. Yəni, biz büdcəmizə qənaət edib övladlarımıza məktəbli geyimləri aldıq, sabah məktəblərin bağlanması ilə bağlı qərar qəbul olunsa geyimlər necə olacaq? O geyimlərdən şagirdlər istifadə edə bilməyəcəklər. Bütün bunlar sual doğurur. Amma hər bir ailənin düşürəm ki, bir ailə planlaması mütləq şəkildə olmalıdır və valideyn dünyaya övlad gətirirsə, onu təhsil almasının öhdəliyini üzərinə götürmüş olur. Dövlətin burada öhdəliyi ondan ibarətdir ki, pulsuz dərsliklər verir, təhsillə təmin edir. Düşünürəm ki, bütün bunlar çox ciddi bir öhdəliklərdir. Mən fikirləşirəm ki, bizim məktəblər ənənəvi formada təhsilə keçməsi ilə bağlı bu istiqamətdə valideynlərin çətinlikləri olmayacaq. Əlbəttə ki, Azərbaycanda ayrı-ayrı humanitar bölümlü təşkilatlar var. Bu istiqamətdə çətinliyi olan aztəminatlı ailələrə yardım edən ayrı-ayrı fiziki və hüquqi şəxslər var, hansı ki, onlar məktəb yaşlı övladlarını məhz geyimlə, dərsliklərlə, çantalarla təmin edir”.

Araşdırmanı daha dolğun etmək üçün məktəblilərin valideynləri ilə danışaraq onların da bu barədə fikirlərini öyrəndik:

3-cü sinif şagirdi Eldar Mahmudovun valideyni: “Oğlum 3-cü sinifə keçdi. Hər kəs kimi biz də yeni tədris ilinin başlanması münasibəti ilə məktəb bazarlığı etdik. Geyim olaraq bir şalvar, bir ayaqqabı və bir ədəd də ağ köynək aldıq. Bu 3 geyimə birlikdə 75 azn pul ödədik. Dəftər, qələm, kitab üzləri və s. ləvazimatlar üçün isə 18 azn verdik. Lakin nəzərə almaq lazımdır ki, tədris ili yeni başlayır hələ bundan sonra da xeyli dəftər və s. ləvazimatlar alınacaq. Yəni, digər xərclər məktəb başladıqdan sonra bilinəcək. Kitab isə məktəb tərəfindən verilir”.

7-ci sinif şagirdi Məhəmməd Əliyevin valideyni: “Hələ ki, məktəb bazarlığına başlamamışıq. Yəqin ki, 1-2 gün ərzində gedib alarıq. Bir uşaq üçün minimal xərc 70-100 azn aralığında başa gəlir. Məktəb tərəfindən isə yeni kitablar verilib”.

7-ci sinif şagirdi Fatimə Əliyevanın valideyni: “Yaxın günlər ərzində məktəb bazarlığı edəcəyik. Hələ heç nə almadığımıza görə konkret qiymət demək olmur. Amma təxmini iki uşaq üçün minimal xərc 100-150 azn arasıdır. Kitablar isə məktəb tərəfindən verilir. Hələlik, uşaqların hərəsinə 10 dəftər alacağam. Geri qalanını da dərs başladıqdan sonra alarıq".

7-ci sinif şagirdi Tunar Əliyevin valideyni: “İki uşaq üçün təxmini 500 manata yaxın xərc çıxır. Nə qədər bəzi alınacaqları ixtisar etsən də xeyri yoxdur. Hələ test kitabçaları filan almamışıq. Haradasa 100 manat filan da onlar tutur. İki övladım var və hər uşağa bir şalvar, bir köynək, bir ayaqqabı aldım. Yerdə qalan əşyaları isə müəllim tapşırdıqca alacağıq".

1-ci sinif şagirdi Aylin Musazadənin valideyni: “Qızım bu il ilk tədris ilinə başlayacaq. Hamımız çox həyəcanlıyıq. Xərclərə gəldikdə isə bir uşaq üçün minimal xərc 200 manat, bəlkə də daha çox edir. Yəni, bizdə bu civarda çıxdı. Dəftər, qələm və s. ləvazimatlar isə 50 manat etdi.

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə