Bakıda yol mədəniyyəti - ANALİZ

Deyirlər ki, hər bir xalqın mədəniyyəti yoldan başlayır. Bu sözlərdə böyük həqiqət vardır. Yol həm də iqtisadiyyat və həyatdır. Yalnız bunu demək kifayətdir ki, yolun rahat olması, intensivliyin olması insanda xoş ovqat yaradır. İnsanın davranışı, danışığı onun mədəniyyətinin göstəricilərindən biridir. Davranış qaydalarma əməl etmək həm də ətrafdakılara hörmət əlamətidir. Bu baxımdan sürücü və piyadalar üçün vacib olan bir sıra qaydaları bilmək və onlara əməl etmək, diqqətli və məsuliyyətli olmaq mədəniyyətdən xəbər verir. Sürücülük mədəniyyəti yolların təhlükəsizliyi baxımından olduqca vacibdir. Mədəni sürücü digər hərəkət iştirakçılarına kömək edir, özü yol hərəkəti qaydalarını, vəzifələrini bilir və onlara əməl edir. Bu qaydalara əməl etmədikdə isə intensivlik pozulur və faciələr yaranır.

Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, yol mədəniyyəti insanları və cəmiyyəti birləşdirən əsas meyardır. Bu meyarı qorumaq hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, həm də mənəvi məsuliyyətidir. Çünki yollarda məsuliyyət həddən artıq fərdidir, özünəməxsusluq daşıyır. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmaqla əməl etməlidir.

Unutmayın ki, yollardakı işarələr, işıqforlar, müxtəlif qurğular sürücü və piyadaların - bir sözlə, bütün hərəkət iştirakçılarının qanuna əməl etməsinə, insanların təhlükəsizliyinə xidmət edir. Hər kəs buna bir nəfər kimi əməl etməyə borcludur.

Lakin çox vaxt piyadalar piyada keçidindən istifadə etməzdən əvvəl vəziyyəti dəyərləndirmirlər. Piyada nəzərə almalıdır ki, maşın sürətlə hərəkət edə bilər və yaxud sürücünün fikri yayındığından yoldakı ani dəyişikliyə hazır olmaz. Ona görə də piyada keçidindən istifadə etməzdən əvvəl sürücünün sizə yol verəcəyinə əmin olmağınız vacibdir. Yollarda bəzilərinin etdiyi kimi deyil, yol hərəkəti qaydalarının tələbinə uyğun hərəkət edin. Sərbəst düzgün qərarlar verməyi öyrənin.

Müşahidələrimiz zamanı gəldiyimiz nəticə isə bunu deməyə imkan verir ki, şəhərimizdəki sürücü-piyada münasibətlərində gərginlik müşahidə olunur, piyadalar öz vəzifələrinə hələ də biganə yanaşırlar. Halbuki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində piyadaların da vəzifələri nəzərdə tutulub. Qanunda yolda piyadanın istiqamətinin tənzimlənməsindən tutmuş hər hansı pozuntuya görə tətbiq edilən cəriməyədək hər şey öz əksini tapıb. Ancaq təəssüflər olsun ki, hələ də piyadalarımızın əksəriyyəti yol hərəkəti qaydalarının pozulmasında yalnız sürücüləri günahkar bilirlər. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bəzilərimiz piyada kimi öz vəzifəmizi dərk etsək də, qanunlara əməl etməyi, necə deyərlər, sevmirik. Bəzən bir çox məsələlərdə Avropa ölkələrini nümunə gətirib onlardakı müxtəlif mədəniyyət nümunələrindən heyranlıqla danışırıq. Lakin unuduruq ki, Azərbaycan sahib olduğu mədəniyyətlə dünyada tanınan ölkədir. Onda nəyə görə biz yol mədəniyyətimizi nümayiş etdirməyək?

Sürücü və piyadaların “tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm – bir dəqiqəyə gəlir, uşaq məktəbdə qalıb, yolu tanımıram, dərman alıram”, - deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması yollarda gündəlik vərdişə çevrilib. Başqa müşahidə olunan hallar da var. Məsələn, dayanma, durma və parklanma qaydalarını pozmaqla, nəqliyyat vasitəsini tərk edərkən mütləq avtomobilin salonunda “keşikçi-sərnişin” təyin edir. Bu keşikçinin məqsədi yol polisi tərəfindən nəqliyyat vasitəsinin evakuasiya olunmasının qarşısını amaq, “bu dəqiqə gəlir” - deməkdən ibarət olur.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə