BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi məsələyə aydınlıq gətirdi AÇIQLAMA-YENİLƏNİB

BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi məsələyə aydınlıq gətirdi AÇIQLAMA-YENİLƏNİB

Bakıda bəzi yerlərdə irigövdəli ağaclar güclü külək nəticəsində aşıb. SİA xəbər verir ki, hadisə Səbail və Yasamal rayonlarında baş verib.

Qeyd edək ki, Neftçilər prospektində aşan ağac xoşbəxtlikdən ətrafa ziyan vurmasa da, İnşaatçılar prospektində aşan ağac minik avtomobilinin üzərinə düşüb və nətcədə “Reno” markalı avtomobilə ziyan dəyib, hadisə yerinə polis əməkdaşları da cəlb olunub.

Ağacların aşması, avtomobillərə ziyan dəyməsi ilə nəticələnən belə hadisə ilk dəfə deyil və heç şübhəsiz ki, belə halların qarısının alınması lazım gəlir. Nəzərə almaq lazımdır ki, belə hallar avtomobillərə maddi ziyanla yanaşı, bədbəxt hadisələrə də, insan tələfatına, yaxud xəsarət almasına da səbəb ola bilər. Bu baxımdan, əlbəttə ki, təhlükə mənbəyi olan, aşma, sınma və ətrafa zərər vermə təhlükəsi olan ağacların kəsilməsi, budanması, yaxud müvafiq tədbirlər görülməsi tələb olunur.

Maraqlıdır, paytaxtda güclü külək səbəbi ilə ağac aşması, ətrafa zərər verməsi kimi belə halların qarşısının alınması istiqamətində hansı qabaqlayıcı tədbirlər görülür? Ümumiyyətlə, belə xoşagəlməz halların baş verməməsi üçün hansı tədbirlərin görülməsi tələb olunur? Eyni zamanda, belə hadisələr baş verəndən sonra ərazidə hansı işlər görülməlidir və görülür?

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə müraciət etdik və bildirildi ki, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfat Birliyinə müraciət olunmalıdır və bununla BŞİH-nin Yaşıllaşdırma Təsərrüfat Birliyi məşğul olur.

BŞİH-nin Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə telefon əlaqəsi yaratdıq və bu zaman görülən tədbirlər barədə məlumat verildi.

“Bu gün səhər saatlarında əsən şiddətli külək nəticəsində paytaxtın müxtəlif rayonlarında, o cümlədən Səbail və Yasamal rayonlarında bir neçə ağac sınmışdır. Qurumun əməkdaşları tərəfindən dərhal ölçü götürülmüş və həmin ağaclar kəsilərək yığışdırılmış, ərazi təmizlənmişdir.”, deyə BŞİH-nin Yaşıllaşdırma Təsərrüfat Birliyindən bildirildi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə