Cenevrədə Ermənistanın raket hücumlarına etiraz məqsədilə aksiya keçirilib

İsveçrədə yaşayan Azərbaycan icmasının nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan ordusunun ölkəmizin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrə şəhərindəki Millətlər sarayının qarşısında dinc aksiya keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının və “Azərbaycanın Dostları” cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan icmasının təmsilçiləri ilə yanaşı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının üzvləri və Fransada yaşayan azərbaycanlı gənclər də iştirak ediblər.

Dövlət himnimizin səsləndirilməsindən sonra çıxış edən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov işğalçı Ermənistan ordusunun ölkəmizin ərazisində törətdiyi qanlı cinayətlər və terror aktları barədə məlumat verib.

Terror qurbanlarının şəkilləri önünə güllər düzərək onların xatirəsini yad edən soydaşlarımız Gəncə və Bərdə şəhərlərində mülki vətəndaşların, xüsusilə uşaqların həlak olmasından dərin təəssüf hissi keçirdiklərini bildiriblər.

Aksiyada “Erməni işğalına son!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” şüarlarının əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmamasını bir daha ictimaiyyətin diqqətinə çatdırıb, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları erməni terroruna son qoymağa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə