Zaman həqiqətləri bərpada güclü silahdır - ARAŞDIRMA

Zaman həqiqətləri bərpada güclü silahdır - ARAŞDIRMA

Bu günlər tarixinə zəfərlər yazan Azərbaycan Ermənistan tərəfindən 20 faiz torpaqları işğal edildiyi dövrdə öz səsini dünya ictimaiyyətinə daha intensiv şəkildə çatdırdı, təbliğatı daha da gücləndirərək, ermənilərin işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətini, 1 milyon insanın qaçqınlıq problemini Avropa dövlətlərinə, ümumillikdə, dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırdı. Tarix boyu işğalçılıq siyasətini həyata keçirməyə çalışan ermənilər azərbaycanlılara qarşı hər bir sahədə düşmənçilik edərək, məkrli planlarını həyata keçirməyə cəhd göstərdilər. Onlar silahla torpaqlarımızı işğal edir, eləcə də, mənəvi abidələrimizə də zərbə vurmaq yolu ilə vandal siyasətlərini davam etdirmiş oldular. İkitərfli mübarizədə siyasi və ideoloji müharibədə erməni kimliyi özünü büruzə vermiş oldu. Əlbəttə ki, bu ideoloji müharibədə məqsəd xalqımızın tarixi kökünü saxtalaşdırmaq idi. Belə ideoloji müharibələrdən biri də xalqımızın yaşadığı torpaqların qədim sakinləri olduğunu göstərən coğrafi adların dəyişdirilməsi ilə müşahidə olundu. Yaxın keçmişimizin olayları nəticəsində, vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr zamanı Ermənistanda yaşayan azərbaycanlılar 1988-89-cu illərdə SSRİ dövlətinin birbaşa köməyi və yardımı ilə öz tarixi-etnik torpaqlarından deportasiya olundular. Qısa bir müddət ərizində, iki ildən sonra Ermənistan prezidentinin fərmanı ilə 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə əvəzləndi. Bu "rəsmi sənəd" 1991-ci ili əks etdirir.

Bildiyimiz kimi, Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsi, iki yüz ildən artıq bir zamanı əhatə edir. Ermənilərin tarixi torpaqları olmadığından, özlərini təsdiqləmək məqsədi ilə müxtəlif məqamlara əl atır, öz tarixi keçmişlərini oğurladıqları və hiylə ilə əldə etdikləri sənədlər üzərində qurmağa çalışırdılar. Nə qədər inandırıcı addımlar atmağa cəhd etsələr də, bunun əsasında hiylə durduğundan, saxtakarlıqlarının tarix qarşısında təsdiqinə nail ola bilmədilər. Dəlil və mənbələr əsas götürülərək, göstərilən həqiqətlərə inandırıcı sübut olmadığından, cəhdləri birmənalı qarşılanmadı. Bəllidir ki, ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır. Bu da, bir həqiqətdir ki, XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idi. Tarixçi-alimlər ermənlərin Azərbaycan toponimlərinə təcavüzünü dövrlərə bölərək, bu istiqamətdə araşdırmalar aparmışdılar. Həmin araşdırmaların qənaətinə əsasən, türk mənşəli toponimlər erməni adları ilə əvəzlənmişdir. Tarixi mənbələrdə göstərilir ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermişdir: "Addəyişmənin birinci dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da, ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad isə Cəlaloğlu (Stepanovan) rayonundakı Qaraməhəmməd kəndidir. Onun adı dəyişdirilərək, Aleksandrovka qoyulub. Bu ilk addım sonralar daha geniş miqyası əhatə edərək, günümüzə qədər gəlib çıxmışdır. Bu gün ilk addəyişilmə zamanından 200 ildən artıq zaman ötür. 1918-20-ci illərə aid səhifələr xalqımızın başına gətirilən erməni müsibəti, erməni genosidi ilə bütün dünyaya məlumdur. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda və indiki Ermənistanda minlərlə azərbaycanlı qətlə yetirildi.

Onlar xalqımızı, soyqırımına məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yandırmaqla və yenidən addəyişməni davam etdirməklə, mənəvi soyqırımını da davam etdirdilər. Həmin dövrün materiallarını əks etdirən sənədlərdə qeyd olunur ki, 1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində türk mənşəli adlar Molla Dursun - Şaumyan, Yuxarı Ağdam - Qanzakar (İcevan), Tamamlı - Burastan (Artaşat) və s. erməni mənşəli sözlərlə əvəzləndi. Ermənilər soyqırımı siyasətinin nəticəsində, yer adlarımızın da soyqırımı zaman-zaman həyat keçirilib. Tarixi faktdır ki, SSRİ dövründə daha çox Azərbaycan toponimlərinə qarşı iddialı çıxışlar olub. Bunun nəticəsidir ki, imperiyanın ilk illərində Azərbaycana məxsus olan yer adları dəyişdirildi. Belə ki, 1924-1930-cu illər ərzində, Ermənistanda 80 toponim dəyişdirildi. Tarixi sənədlərdə göstərilir ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsi müxtəlif tərəflərdən izah olunsa da, kökü həmin adların türk mənşəli olması idi. Leninin ermənipərəst siyasəti və Azərbaycan toponimlərinin erməniləşdirilməsi daha kütləvi xarakter alırdı. Leninin razılığı ilə 1920-ci ildə onlar ərazi iddialarını təmin edə bilmişdilər. Belə ki, azərbaycanlılar yaşayan Zəngəzur və Göyçə mahalları, Qazax qəzasının Dilican dərəsi Azərbaycandan qoparılıb, Ermənistan Respublikası yaratmaq naminə ermənilərə bağışlandı. Erməni təcavüzkarları tarixə qarşı da genosid siyasətinə əl atdılar. Məlumdur ki, Ermənistan SSR yaranmamışdan, onun zəbt etdiyi Qərbi Azərbaycanda kəndlərin 95 faizdən çoxunun adi türk mənşəli olmuşdur. Kommunist rejimi zamanı isə, qısa vaxt kəsiyində, azəri toponimləri tam erməniləşmişdir.

Bu, genosid siyasətinin bir istiqamətidir ki, Azərbaycan diyarı olan İrəvan xanlığının tarixdən və yer üzündən silinməsinə xidmət edirdi. Belə ki, 1924-cü ildən həmin addəyişdirmə prosesi başlandı və ilk olaraq, Gümrü Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1935-ci ildə 195 kəndin, 1945-ci ildə 39 kəndin, 1946-cı ildə 120 kəndin, 1947-1978-ci illərdə 400-dən çox kəndin, 1978-80-ci illərdə 300-dən çox kəndin, 1991-ci ildə isə, qalan 94 kəndin adı dəyişdirildi.

Tarixçi-alimlərin fikirlərinə istinadən, deyə bilərik ki, bir çox hallarda, yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri ermənicəyə tərcümə olunmuş, ya da bir-iki hərf dəyişdirilmişdir. Dəmirçi-Darpnik, Ağqala-Berdkunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik, Qaraqala-Sevaberd, Göykilsə-Kaputan, Oxçaberd-Voxçaberd, Yengicə-Norabats, Xaçaparaq-Xaçpar, Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Almalı-Xizorud, Nəzrvan-Kazaravan, Ağbulaq-Axpurak, Bəriabad-Barapet, Ağkilisə-Cermakavan, Acıbac-Acabac, Qovşud-Kavçut, Kərd-Kard, Ağudi-Aqitu, Aravus-Aravis, Bayandur-Baqatur, Yeni kənd-Nor-Gyuq, Gabut-Kapuyt, Molla Musa-Musakan, Piraqan-Byurakan, Daşqala-Karaberd, Bəzirxana-Dzithankov, Qızıltamur-Vosgevaz, Melikkənd-Melikgyuğ, Güllücə-Vardenis, Gözəldərə-Geqadir, Qamışqut-Yeğeqnut və s. Sovet Ermənistanı ərazisində olan Azərbaycan mənşəli bütün toponimlərin - çayların, dağların, dərələrin, təpələrin və düzənliklərin adları belə dəyişdirilib erməniləşdirilmişdir. Buna baxmayaraq, əcdadlarımızın qoyduğu müqəddəs adlar tarixin səhifələrinə həkk olunub. Zaman həqiqətləri bərpada güclü silahdır. Bu reallıqlar erməni xislətini və Azərbaycana qarşı iddialı çıxışını əks etdirir.

Ermənilərin həyata keçirdikləri bu siyasət erməni siyasətinin mənfurluğunu və öz tarixini Azərbaycanın qədim tarixi üzərində qurmaq ideyasını açıq-aydın özünü göstərir.

Bəli, ermənilər təkcə Ermənistanda deyil, Azərbaycanın bir sıra məkanlarını da adını dəyişib. Elə bu günlərdə Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Suqovuşan tarixi adına qovuşdu. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması ilə tarixi adı bərpa olundu. Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırıldı. Bu qürurverici haldır.

Mənbələrə əsasən bildirək ki, Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edilib. Bu gün artıq Azərbaycanın güclü ordusu tərəfindən işğaldan azad olundu. Zaman yetişəcək bütün adları dəyişdirilən ərazilərimiz tarixi adlarına qovuşacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə