Qadınların cinsi istismarı problemi: kim, kimi, niyə, harda, necə...? - ANALİZ

Ekspertlər problemin səbəblərini və çıxış yollarını nədə görürlər?

Qadınların cinsi zorakılığa və insan alveri obyektinə çevrilməsi problemi son illərdə bütün dünyada aktual məsələlərdən birinə çevrilib. BMT-nin hesablamaları göstərir ki, dünyada hər 3 qadından biri fiziki zorakılığa məruz qalır. Azərbaycanda da belə hallara rast gəlinir. Ölkə qanunvericiliyində gender bərabərliyinin təsbit olunmasına baxmayaraq, qadınlara qarşı zorakılıq, bəzi sahələrdə cinsi ayrı-seçkilik, onların alver predmetinə çevrilməsi tendensiyası narahatlıq yaradır. Bu yazımızda problemin yaranma səbəbləri, nəticələri və çıxış yollarına aydınlıq gətirməyə çalışacağıq.

“Məni dayəlik adı ilə apardılar, fahişəliyə məcbur etdilər….”

Araşdırmalar göstərir ki, hər il Azərbaycandan Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələrə əxlaqsızlıq 1000-dən çox qadın aparılır. Qadınların demək olar ki, yarıdan çoxu işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Həmin ölkəyə çatandan sonra isə, şəxsiyyətlərini təsdiq edən sənədləri əllərindən alınır və məcburən fahişəliyə cəb edilirlər.

Ölkəmizdən qadınlarını əsasən, bu ölkələrdə yüksək əməkhaqqı müqabilində dayəlik işi vədi etməklə aparırlar. Yazımızın qəhrəmanı, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü, orta ixtisas təhsilli Aytən də ölkəni bu ümidlə tərk edibmiş. Ailədə zorakılıq və basqı nəticəsində əyalət şəhərlərinin birindən Bakıya qaçıb, burda iş tapa bilməyəndə isə təsadüfən tanış olduğu bir qadının Türkiyədə uşaq baxıcılığı təklifini qəbul edib.

Onunla bərabər daha 11 qadını da Türkiyəyə aparıblar. Qadınlar yalnız İzmirə çatdıqdan sonra real vəziyyətdən xəbərdar olublar. Amma artıq iş-işdən keçibmiş. Onların sənədləri əllərindən alınıb, cinsi istismara məruz qalıblar.

Gündə ən azı 9-10 dəfə cinsi əlaqəyə məcbur edildiyini deyən Aytən qaçmaq üçün çox yola əl atdığını deyir: “Orda bizim kimi qadınlar çoxdur. Savadsızlığımızdan istifadə edib bizə sənəd imzalatmışdılar ki, guya öz istəyimizlə bu işi görürük və avans olaraq 10 min dollar da pul almışıq. Hər dəfə qaçmaq cəhdlərim uğursuzluqla nəticələnirdi, əvəzində möhkəm döyülürdüm. Axır ki, bir dəfə alındı. Mənim kimi zorla bədənlərini satdıqları 2 azərbaycanlı qızla yaxınlıqdakı polis idarəsinə qaça bildik. Bizi müfahizə altına aldılar, sonra Azərbaycana göndərdilər”.

Sosioloq: “Qız tələb olunur" elanlarının məqsədi başqadır

Qadınların cinsi istismara məruz qalması təkcə iş vədi ilə xaricə aparılma ilə məhdudlaşmır, ölkəmizdə də bu proses həyata keçirilir. "Sağlam Cəmiyyət" İctimai Birliyinin (SCİB) sədri, sosioloq Lalə Mehralının fikrincə, "Qız tələb olunur" elanlarının əsas məqsədi məlumdur: "Küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Əlbəttə, istisnalar var, bəzi işlərə məhz qızlar, qadınlar daha uyğundur, lakin əksəriyyətində başqa məqsədlər güdülür.

Faktlar göstərir ki, əsasən, firma və şirkətlərdə, mağaza, kafe, sauna, restoran və s bu kimi müəssisələrdə bu hallara çox rast gəlinir. İşlə bağlı müraciət edən qadınlar müəssisə rəhbərləri tərəfindən müxtəlif yollarla cinsi istismara təhrik edilir. Təşkilatımızın araşdrımalarına görə, qadınların cinsi istismara təhrik olunduğu iş yerləri sırasında hətta telekanallar da var".

SCİB sədri deyir ki, bir sıra Avropa ölkələrində qadınları qazanc məqsədi ilə fahişəliyə cəlb etməyə cəhd edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir: “İş yerində qadına belə təklif olunursa, o, müvafiq orqana müraciət edə bilir. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir və müəyyən edilmiş qədər həbs cəzası alır. Bu üsul Azərbaycan üçün də çox effektli ola bilər".

Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir. “Adətən, bu problemin kökündə mənəvi dəyərlərin aşınması, işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Bundan başqa, təhsilin və hüquqi maariflənmənin aşağı olmasıdı səbəblər arasındadır”.

Psixoloq: "Əsas səbəb sosial yox, mənəvi-psixoloji problemlərdir"

Son araşdırmalara görə, boşanmaların, tənha qadınların sayında ciddi artım müşahidə olunur. Paralel olaraq, fahişəliklə məşğul olan qadınların da sayı artır. Bunun səbəblərini isə mütəxəssislər bir neçə faktorla bağlayırlar.

Psixoloq Arzu Qarayeva hesab edir ki, burada əsas səbəb sosial problemlər yox, mənəvi-psixoloji problemlərdir: "Televiziyalarda, internetdə müasirlik adı altında mənəvi dəyərlərə zidd həyat tərzinin təbliği gəncləriin tərbiyəsinə ciddi zərər vurur. Onlara maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olması fikri aşılanır. Pulla hər şeyin satın alına biləcəyi, xoşbəxt olmaq üçün yalnız pulun vacibliyi təbliğ olunur, ailə dəyərləri geridəqalmışlıq əlaməti kimi lağa qoyulur. Seriallarda, filmlərdə, şou proqramlarda onlara belə edənlərin zəngin həyatı göstərilir, şüuraltına belə olmağın vacibliyi haqda subliminal mesajlar verilir. Asan qazanc əldə etməyin daha üstün olduğu, əməklə, yaradıcılıqla yaşamağın əziyyətli olduğunu açıqca deyirlər. Bu işlə xüsusi mərkəzlər məşğul olur".

Psixoloq digər faktorların da rolunu qeyd edib: "Düzdür, burada sosial problemlərin də müəyyən payı vardır. Təhsili və peşə təcrübəsi olmayan qadın özünün minimum ehtiyaclarını təmin edəcək əməkhaqqı müqabilində iş tapa bilməyəndə, başqa yollara əl atmağa məcbur olur ki, nəticədə insan alveri ilə məşğul olan insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur".

Arzu Qarayevanın fikrincə, fahişəliyə aparan yolun başlanğıcında əsasən 2 səbəb durur- biri sosial problemlər, xüsusilə də işsizlik problemi, digəri isə mənəvi deqradasiya- amma ikincinin payı digəri ilə müqayisədə dəfələrlə çoxdur. Zamanla sosial problemlər həllini tapsa və qadınlar işlə təmin olunsa da, ikinci səbəbin aradan qaldırılması mümkün olmur, əksinə, milli-mənəvi dəyərlər getdikcə daha arxa pana atılır.

Statistika bu sahədə vəziyyəti necə göstərir?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, ölkəmizdə əhalinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Ölkəmizdə qadınlar rəhbər vəzifələrdə çox az təmsil olunsalar da, bəzi sahələrdə- məsələn humanitar iş sahələrində üstünlük təşkil edirlər. Məsələn, təhsil sistemində- təxminən 70-80%, səhiyyədə- 60-70%, ticarət və xidmət müəssisələrində- təxminən 80%. Lakin digər sahələrdə qadınların çalışması faizi çox aşağıdır.

Yüksək dövlət vəzifələrində də qadınlar yox dərəcəsindədir. Azərbaycanda qadın nazir yoxdur, lakin qonşu İranda 4 qadın nazir vəzifəsində çalışır. Ölkə əhalisinin 51 faizini qadınlar təşkil etsə də, Azərbaycan parlamenti üzvlərinin cəmi 16 faizini qadınlar təşkil edir.

Statistikaya görə, son illərdə xarici ölkələrdəki azərbaycanlı miqrantlar arasında qadınların xüsusi çəkisi artır. Onlar bir çoxu iş tapmaq ümidilə başqa ölkələrə gedirlər. Bir qisim gənc xanımlar yaxşı perspektiv üçün təhsilini xaricdə davam etdirməyə çalışır. İş tapmaq istəyilə miqrasya edən qadınlar ən çox Rusiyanı və Avropa ölkələrini, fahişəliklə qazanc əldə etmək istəyənlər isə Türkiyə və ərəb ölkələrini seçirlər.

Xarici ölkələrdə fahişəliklə məşğul olan azərbaycanlı qadınların sayı da artır. Təəssüfedici haldır ki, indi xaricə getməyə çalışan azərbaycanlı qadınlar arasında 15-28 yaş qrupuna daxil olan qızlarımız üstünlük təkil edir.

Qanunlar mükəmməldirmi və nəyi dəyişmək lazımdır?

Cinayət Məcəlləsinin 150, 151, 171, 173, 243-cü maddələrində insan alverinin müxtəlif formalarında təzahür edən fahişəliyə cəlb etmə, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız hərəkətlərə cəlb etmə, yetkinlik yaşına çatmayanın alqı-satqısı və s. cinayət əməllərinə görə bir neçə müstəqil normalarda cinayət məsuliyyəti nəzərdə tutulub.

Maddə 108-də isə konkret olaraq cinsi zorakılıq haqqında bənd var- şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətlər- 10 ildən 15 beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.

Cinayət Məcəlləsinin 151-ci maddəsində cinsi istismara təhrik edilən qadının məhkəməyə müraciət edə bilməsi haqda bənd var. Ancaq məhkəmələr əksər halda qarşı tərəfi cərimə etməklə kifayətlənir.
Burada cəmiyyətdə rüsvay olmamaq üçün imtinalar da xüsusi rol oynayır. Ona görə də, əksər qadınlar məhkəməyə müraciət etmirlər.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə