Ermənistanın hazırkı Qarabağ siyasəti barədə Azərbaycan Prezidentinin budəfəki mülahizələri əvvəlkilərlə müqayisədə prinsipcə özünü xeyli fərqli və yeniləşmiş məzmunda göstərdi. Prezident İlham Əliyevin müsahibəsindəki yeni və fərqli nüanslara beynəlxalq vasitəçilərin və qlobal sülh üçün özünü məsul sayanların həssas və daha ciddi baxmasına indi həmişəkindən qat-qat çox ehtiyac var. Ermənistanın təcavüzkar siyasət kursunu davam etdirməsi bütün regionda sülh üçün mümkün sayılan ən təhlükəli həddə artıq çatıb.
Ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. 2016-cı ilin Aprel döyüşləri, cari ilin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversantının saxlanılması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır. Ermənistanın baş nazirinin tez-tez işğal zonalarına səfər etməsi, nizamasalma prosesinə zidd olan bəyanatlar səsləndirilməsi növbəti erməni təxribatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Ermənistan hökuməti işğalçılıq siyasətinin həyata keçirmək üçün gecə-gündüz yollar axtarır. N.Paşinyan vəziyyətin böhranlı olduğunu dərk edərək, yenidən əhalini aldatmağa cəhd edir. Onun 2020-ci il avqustun 29-da qondarma Dağlıq Qarabağ respublikasına gəlməsi, yerli hərbi rəhbərliklə görüş keçirməsi məhz bu niyyətdən qaynaqlanır. Əslində, Paşinyanın növbəti ucuz təbliğatı saxta şou və blefdən başqa bir şey deyil.
Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, qəbul olunan qərar və qətnamələrin icrası barədə düşünməyən işğalçı Ermənistana bu günə qədər heç bir təzyiqin göstərilməməsi daha da ərköyünləşməsinə, təxribatlarının davamlı olmasına yol açır. İşğalçı dövlətin təkcə son aylarda törətdiyi əməllərə diqqət yetirmək kifayətdir. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən böyük qətiyyətlə alındı. Həmin ərəfədən xaricdə yaşayan soydaşlarımız Orduya dəstək adı altında dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirdilər. Ermənilərin bu aksiyalara, həmçinin konsulluqlarımıza, səfirliklərimizə hücumları diqqətdən kənarda qalmadı. Amma bunları görməzdən gələn yenə də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu həmsədrləri oldu. Törədilən bu kimi cinayətlərin cəzasız qalmasının nəticəsi olaraq Ermənistan hakimiyyəti bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi qiymətləndirib. Belə ki, separatçı rejimin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Artıq Ermənistan mətbuatının məlumatlarına əsasən Livandakı bir neçə erməni ailəsi bölgədə yerləşdirilib.
Görünən odur ki, Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək üçün Tovuz döyüşlərində uğursuzluğu digər müstəvilərdə kompensasiya etməyə çalışır. Ölkə rəhbərliyi diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq üçün təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirir. Bütün bunlar isə Ermənistanın münaqişənin nəticələrini aradan qaldırmaq deyil, qanunsuz güc tətbiqi ilə yaratdığı işğalı davam etdirmək məqsədini güddüyünü göstərir. Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir. Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun törətməyə çalışdığı təxribat da bu terror zəncirinin növbəti halqası idi. Ermənistan ordusunun Tovuz təxribatından sonra Goranboy istiqamətində diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır.
Təhmasib Məmiyev, 192 saylı orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB