Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş humanitar fəlakət
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapmışdır.
Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.
Azərbaycanda həmçinin 11 min nəfərdən çox «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və Fələstindən olan şəxslər təşkil edir.
Beləliklə, hazırda Azərbaycanda bir milyonadək qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının işğal olunmuş 2 kəndindən 1-i, Ağdam rayonunun işğal olunmuş 81 kəndindən 80-i, Füzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 6-sı hələ də işğal altındadır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2010-cu il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 91 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 21 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 30 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 34 nəfərin isə siyahılardan təkrar keçdiyi, 6 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir.
Beləliklə, 1 yanvar 2011-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 5 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.
Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir (149 nəfər qadın).
Əsir, itkin düşmüş 4049 nəfərdən 878 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.
Əsir və girovluqdan 1399 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1056 nəfər kişidir. Eyni zamanda 170 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respublikasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur.
Aşağıda bu faktların bir qismi göstərilir:
Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17. 02. 1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.
Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur.
1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından («QSM-7») Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya («Uraqan») bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinn radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.
Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir. Bunların arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova və Çiçək Həsənova da olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət Abduləli oğlu Əhmədov şahidlik edirlər.
İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyitləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.
Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.
Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.
16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdir.
Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.
61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olmuşdur.
Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.
Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə işgəncələr verilmişdir.
Vahid Ömərov f.ü.f.d dos.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB