Kitabi-Dədə Qorqud” boylarında tərbiyəvi əhəmiyyətli ailə-əxlaq məsələləri
"Kitabi-Dədə Qorqud" dastanı Türk Dünyasının qiymətli bir xəzinəsidir. Bu adla yaddaşımıza həkk olunan qədim oğuz dastanları Türk Dünyasının yaratdığı milli mədəniyyətin ən zəngin, ulu qaynaqlarından biridir. "Kitabi-Dədə Qorqud" dastanı əsrlərdən gələn bahar çiçəkləri kimi təravətli, həmişə təzə-tər qalan mədəniyyət bağçasıdır. Bu qiymətli sənət əsəri Azərbaycan şifahi və yazılı ədəbiyyatının, tarixinin babasıdır. "Kitabi-Dədə Qorqud" dastanı oğuzların əfsanəvi keçmişini poetik dildə bizə çatdırır.
Cəmilə Çiçək yazır ki,“Kitabi-Dədə Qorqud” boylarının bir sıra özünəməxsusluqları ilə yanaşı, bu qədim oğuznamədə tərbiyəvi əhəmiyyətli ailə-əxlaq məsələləri, ibrətamiz səhnələr diqqəti xüsusilə cəlb edir. Məsələn, igid bəy oğlunun evlənmək üçün qız seçməsi, həmin qızda hansı keyfiyyət və bacarıqları arzulaması, daha doğrusu, bunları bir tələb kimi irəli sürməsi olduqca ibrətamizdir, maraq doğurur və eyni zamanda istər klassik eşq, istərsə də müasir məhəbbət dastanlarından fərqlənir. Ümumiyyətlə, “Dədə Qorqud” boylarında kişidən də, qadından da eyni keyfiyyətlər tələb olunur. Türkün yaşam tərzinə uyğun gəlməyən tənbəllik, çox yatmaq, sübh tezdən durub atlanmamaq, əl-üzünü yumamaq, qonşuları gəzib-dolanmaq, çox danışmaq və bu kimi digər mənfi cəhətlər oğuz igidinin evlənəcəyi qızda qətiyyən olmamalıdır. Qadın ərindən qabaq yuxudan durub əl-üzünü yumalı, çay-çörək hazırlamalı, xırda-para vacib ev işlərini əri yuxudan oyanınca görüb qurtarmalı, atlanmağa hazır olmalıdır. Qoçaqlıqda, cəsurluqda, qılınc çalmaqda, ox atmaqda, at çapmaqda, baş kəsməkdə, savaşmaqda ərinə uyğun gəlməlidir. “Qanlı qoca oğlu Qanturalı boyu”na nəzər salsaq, bunları aydın görərik. Belə ki, Qanturalı evlənəcəyi qızda arzuladığı ən başlıca keyfiyyətləri aşağıdakı kimi sadalayır:
“− Baba, mən yerimdən durmadan ol durmuş ola. Mən qara qoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola”. Göründüyü kimi, burada gözəllik, incəlik, zəriflik arxa planda dayanır. Qoyulan əsas tələblər qoçaqlıq, çeviklik, mərdlik, cəsurluqdur. Hətta sevginin özü belə ilkin mərhələdə ön plana çıxmır. Sadəcə, qəti bir əminlik var ki, tələb olunan keyfiyyətləri özündə cəmləşdirmiş istənilən qızın çirkin, xoşa gəlməyən olması mümkün deyil. O, hökmən xarici görünüşcə də gözəl olur və igid onu tapınca şəksiz-şübhəsiz vurulur, sevir, aşiq olur.
Sözügedən boyda igidin qızı axtarıb tapmaq üçün uzaq səfərə çıxması, ellər, ölkələr dolaşması, onu almaq üçün qoyulan şərtləri yerinə yetirib həyatını təhlükəyə ataraq sınaqlardan keçməsi, bir növ, klassik eşq dastanlarının buta almış aşıq qəhrəmanlarının başlarına gələnləri xatırladır.
“Kitabi-Dədə Qorqud” boylarının qəhrəmanları sevgi, daha doğrusu, ən yaxşı qız almaq uğrundakı imtahanlardan, ən çətin sınaqlardan yalnız özləri Tanrının onlara verdiyi cəsarət, igidlik, bacarıq, qoçaqlıq, çeviklik, güc nəticəsində sağ-salamat, alnıaçıq çıxa bilirlər və həmişə də vüsala çatır, arzuladıqları qızı alırlar. Daha burada nakam sevgi yoxdur.
Lakin klassik eşq dastanlarının sonluqlarına nəzər salsaq, görərik ki, buradakı hadisələr “Kitabi-Dədə Qorqud” boylarındakı hadisələrdən daha çox real həyatla səsləşir.
Sevgidə problem də sırf həyatla səsləşir. Həyatda isə hər şey həmişə arzulanan sonluqla nəticələnmir. Dastanların real həyat detalları ilə daha da zənginləşməsi, buradakı sevgilərin, sevgi sonluqlarının həyatiliyi həm də dövrün, zamanın tələbi kimi meydana çıxır.
Azərbaycanlıların ana kitabı hesab olunan “Kitabi-Dədə Qorqud” boyları özündə tarixin ən dərin qatlarından süzülüb gələn, ailə dəyərlərimizlə bağlı bir çox adətənənələrimizi yaşadır. Qədim oğuz türklərinin genetik bazası əsasında formalaşan Azərbaycan xalqı ilk növbədə bu xalq eposunun hərtərəfli öyrənilməsi, daha dərindən dərki nəticəsində tarix səhnəsində öz yerini, rolunu, kimliyini dəqiq müəyyənləşdirə bilər. Bu baxımdan “Dədə Qorqud”un daha da hərtərəfli araşdırılmasına, ciddi tədqiqat obyektinə çevrilməsinə böyük ehtiyac var.
Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanının yenidən dəyərləndirilməsinə, psixoanalizinin aparılmasına, mahiyyətinin açılmasına, folklor nümunələri arasında, eləcə də xalqımızın həyatında, tarixində yerinin, mövqeyinin müəyyənləşdirilməsinə, ailə dəyərləri sisteminə təsirinin öyrənilməsinə böyük zərurət duyulur.
Bu məqamda vurğulayaq ki, “Kitabi-Dədə Qorqud” eposunun qələmə alınması tarixinin xalq yazıçısı Anarın təşəbbüsü və Heydər Əliyevin razılığı ilə 1300 il bundan əvvəl müəyyənləşdirilməsinin səbəblərindən biri, bəlkə də ən başlıcası bu möhtəşəm xalq ensiklopediyasının məhz bizim milli pasportumuz kimi bəşəriyyətə təqdim edilməsi istəyindən irəli gəlir...
Eposun müxtəlif boylarında təsadüf edilən ailə dəyərlər sisteminin maraqlı tərəfləri, məsələn, qəhrəmancasına elçilik motivləri də əski Azərbaycan yaşam tərzinin, evlilik, ailə mədəniyyətinin bariz nümunəsi olan adətlərdəndir.
“Qəhrəmancasına elçilik” ifadəsinin tərkibindəki “qəhrəman” sözü burada yalnız qoçaqlıq, igidlik və mərdliyi, cəsurluğu deyil, eyni zamanda ağsaqqallıq, müdriklik, sadiqlik, xeyirxahlıq anlamlarını ifadə edir. Misal üçün, Cəmilə Çiçək daha sonra yazır ki,“ “Bayburanın oğlu Bamsı Beyrək” boyunda el ağsaqqalı, elin bilicisi olan Dədə Qorqudun Dəli Qarcarın yanına onun bacısı Banuçiçəyi Beyrək üçün istəməyə tərəddüdsüz yollanması bir tərəfdən ulu ozanın öz müdrikliyinə, inanclarına güvənməsi ilə bağlıdırsa, həm də Qorqud Atanın xeyirxahlıq missiyası kimi dəyərləndirilməlidir. O, həyatını təhlükəyə ataraq özündə cəsarət tapır ki, elçiliyə getsin. Bu da ozanın, Qorqud Atanın igidlikdə heç də oğuz bəylərindən, igidlərindən geri qalmadığını göstərir.
“Qanlı Qoca oğlu Qanturalı” boyunda isə məsələ xeyli fərqlidir. Burada sevən (daha doğrusu, özünə uyğun qız almaq istəyən) igid öz elçiliyinə özü yollanır. Bu, daha təhlükəli bir səfərdir. Qızı almaq istəyənlər üçün ata –Trabzon təkuru elə şərtlər qoyub ki, bu şərtləri yerinə yetirməkdən heç bir igid sağ-salamat xilas ola bilmir.
Qanturalı bunu bilə-bilə özündə cəsarət tapıb Selcan xatun uğrunda həyatını təhlükəyə atır. Lakin Oğuz igidi burada da təkcə öz fiziki gücünə, qoçaqlığına deyil, eyni zamanda meydanda quduz aslanla, buğa ilə, qara nərlə təkbətək, silahsız-filansız vuruşarkən yanında apardığı qırx igidin dostluğuna, sevgilisinin sədaqətinə, ağsaqqalların dualarına arxalanır. Qanturalıya sarı donlu Selcan xatunun eşqinə müqəddəs qopuzunun sədaları altında elə bir güc gəlir ki, o, buğanı və quduz aslanı asanlıqla məhv eləyə bilir. Növbə qara buğraya çatanda igid artıq xeyli yorulmuşdu. Dəvənin qoltuğundan girir və başı hərlənib yıxılır. Onu görəndən bəri igidə bir könüldən min könülə vurulub aşiq olan Selcan xatun çox narahatlıq keçirir. Beləliklə, Qanturalı qızın dediyi kimi etməyi şəninə sığışdırmayıb, başqa üsulla dəvəni də məğlub edir. Sarı donlu Selcan xatunu alıb geri dönür.
“Kitabi-Dədə Qorqud” boylarındakı qəhrəmancasına elçilik motivləri, ailə-əxlaq prinsipləri əski dünyaduyumuna əsaslansa da, onun müəyyən əlamətləri islam zamanının klassik eşq dastanlarında hiss olunmaqdadır.
Əvvəlcə qeyd edək ki, klassik eşq dastanlarında rast gəldiyimiz qəhrəmancasına elçilik məsələlərində vəziyyət tamamilə fərqlidir. Məlum olduğu kimi, aşiqə yuxuda buta verilir. Qız da buta alır. Oğlan sazını götürüb yuxuda ona buta verilən qızın sorağıyla uzaq səfərlərə çıxır və s. Bir sözlə, o – aşıq qəhrəman – Haqq aşığı, əslində, elçilik etmir. Gedib qızı tapır və deyir: ölsəm də, qalsam da, bu qız mənimdir. Qız da onu sevir. Aşiqin burada silahı, yarağı yalnız aşıqlığıdır. Dədə Qorqud boylarında olduğu kimi, eşq dastanı qəhrəmanı fövqəltəbii “ağa”sına güvənib, özünü bütün təhlükələrə gözüyumulu atır. Burada dünyəvi sevgidən söhbət gedir. Sadəcə, dövrün, zamanın qaydaqanunları dəyişib, sevgi azaddır. Müasir dastanın aşiq qəhrəmanı sevdiyi qızın valideynlərinə qızlarını sevdiyini açıq-aşkar deyə, etiraf edə bilir. Artıq, bir növ, bu, normal haldır və o qədər də ciddi qəzəblə qarşılanmır. Burada qarşıya çıxa biləcək başlıca problem qızın aşiqi bəyənməməsi ola bilər ki, buna da çox az halda təsadüf edilir. Fəqət qızlarını sevən (həm də əksinə, qızın sevdiyi) oğlanı valideynlərin bəyənməməsi, qızı öz seçdikləri, nəzərdə tutduqları başqa bir oğlana vermək niyyətləri günümüzdə yaranan məhəbbət dastanlarında, bədii əsərlərdə, əsasən, aparıcı mövqe tutur. Yeni dastanlardakı aşiq obrazlarının qəhrəmancasına elçiliyi isə sevdikləri qızın valideynləri ilə şəxsən görüşüb, onları amansız fikirlərindən çəkindirməyə cəhd etmələrindən, özlərinin daha üstün əlamət, istedad, bacarıq və keyfiyyətlərə malik olduqlarını nümayiş etdirməkdən ibarətdir.
Dastanlarda əks olunan hadisələrdən də göründüyü kimi, bir sıra oxşar xüsusiyyətlərlə yanaşı, “Dədə Qorqud” boyları ilə sonrakı dastanlardakı xüsusən ailə-əxlaq, evlənmə, elçilik, sevgiyə münasibət məsələləri çağdaş dövrümüzdə öz aktuallığını saxlamaqdadır və ailə dəyərlər sistemində xüsusi yer tutur.
Kitabi-Dədə Qorqud” oğuz türklərinin dastanıdır. Dastanın ilk mötəbər tədqiqatçılarından V.V.Bartold onun Qafqaz mühitində yarandığını qeyd edir. “Kitabi-Dədə Qorqud”un mükəmməl nəşrini çap etdirən böyük türk alimi O.Ş.Gökyay Drezden nüsxəsində açıq olaraq “Azərbaycan şivəsi özəllikləri gözə çarpmaqdadır” – deyir. Fuad Köprülü, Məhərrəm Ergin kimi nüfuzlu qorqudşünasların, habelə V.V.Bartold, V.M.Jirmunski, A.H.Kononov, A.Y.Yokubovski kimi rus türkoloqlarının, təbii ki, tanınmış Azərbaycan filoloqlarının dəfələrlə təsdiq etdikləri kimi “Kitabi-Dədə Qorqud” dil xüsusiyyətləri, cərəyan edən hadisələrin coğrafi məkanı baxımından daha çox Azərbaycanla bağlıdır. Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”la əlaqədar keçirilən Dövlət Komissiyasının iclasında demişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.
“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2013-cü il dekabrın 13-də Dədə Qorqud kompleksinin açılış mərasimində çıxış edərək demişdir: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur... Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür...” Bu abidə kompleksinin açılışından dərhal sonra 28 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” imzaladığı Sərəncamında da dastanın Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos və xalqımıza məxsus qədim adət-ənənələrin ulu babalarımızın dünya görüşünün mənəvi aləminin öyrənilməsində qiymətli mənbə olduğu xüsusi olaraq nəzərə çarpdırılmışdır. “Kitabi-Dədə Qorqud” dünya miqyasında Azərbaycan oğuzlarının canlı tarixi, bədii nəsr təfəkkürünün möhtəşəm abidələrindən biridir.
Fikrimizcə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamı da mahiyyət etibarilə bu böyük Azərbaycançılıq abidəsinin dünya mədəniyyəti hadisəsi səviyyəsində dəyərləndirilməsi istiqamətinin daha da dərinləşməsinə uğurla xidmət edən ardıcıl dövlət siyasətinin məntiqi davamıdır.
Vahid Ömərov f.ü.f.d.
Bütün xəbərlər Facebook səhifəmizdə