Naxçıvan Muxtar Respublikası: İqtisadiyyatın şaxələndirilməsi və reallaşan hədəflər

Cavadxan Qasımov,

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasında milli iqtisadi quruculuq prosesləri uğurla və yeni perspektivlər hədəfləməklə davam etməkdədir. Davam edən islahatlar şəraitində qətiyyətlə nail olunan amillər ölkənin əldə etdiyi sosial-iqtisadi potensialı bir daha göstərməkdədir. Bu sahədə istər regional, istərsə də milli iqtisadiyyat üçün təmin olunan səmərəlilik diqqəti çəkməkdədir. Nəticədə, milli iqtisadiyyat ölkənin hər bir vətəndaşının maraq və mənafeyinin dolğun ifadəsi olmaqla, həm də sosiallaşma sahəsində etibarlılığa çevrilmişdir. Qarşıya qoyulan sosial-iqtisadi intibah məqsədlərinin reallaşması və bu sahədə əldə olunan nəticələr makroiqtisadi proseslərin perspektivliliyini daha da artırmış, zəruri infrastruktur quruculuğu ölkənin bütün iqtisadi rayonlarında özünə kök salmış və regional inkişafın güclü dayaqları yaradılmışdır. Məhz bu sahədə isə Naxçıvan Muxtar Respublikası davamlı uğurları ilə diqqəti çəkməkdədir.

Ölkədə 2004-cü ildən icra olunan regional inkişaf üzrə Dövlət proqramlarının artan dinamikaya xas nəticələrinin əks olunduğu Naxçıvan Muxtar Respublikası müəyyən olunan hədəflərinə qətiyyətlə çatmaqdadır. İqtisadiyyatın müqavimətliliyi, sosiallaşma proseslərinin isə səmərəli təşkili məsələləri muxtar respublikanın müasir inkişaf mənzərəsini yaratmış, bu isə, onun böhranlar qarşısındakı dayanıqlılığını daha da artırmışdır. Fikrimizi 2020-ci ilin təkcə yanvar-iyun aylarının makroiqtisadi göstəriciləri də sübut etməkdədir. Məlumdur ki, artıq dördüncü mərhələsi icra olunan regional inkişaf üzrə Dövlət proqramının ikinci ili davam etməkdədir. Bu dövr də muxtar respublika iqtisadiyyatında, onun sosial həyatında mühüm təşkilatlanma ilə yadda qalmaqdadır. Şəhərləşmə və rayonlaşma sahəsində qətiyyətli göstəricilər əldə olunmuş, bu isə, makroiqtisadi proseslərin uzunmüddətli perspektivlərini formalaşdırmışdır. Qeyd edək ki, bütün bunlar cari ilin birinci yarısının sosial-iqtisadi göstəricilərində öz əksini tapmışdır. Belə ki, istinad olunan dövr ərzində muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 1 milyard 310 milyon 168 min 700 manat olmuşdur ki, bu da, üçüncü Dövlət proqramının ikinci ili olan 2015-ci ilin eyni dövrünün göstəricisi ilə (1 milyard 86 milyon 578 min manat) müqayisədə 1,2 dəfədən çox artıq olmuşdur.

Ölkə miqyasında qətiyyətlə davam etdirilən sosial-iqtisadi siyasətin əsas tərkib hissələrindən biri də ayrılıqda insan amilindən, onun bir potensial qüvvə olaraq inkişafından, ümumilkdə isə, əhalinin etibarlı rifahının təmin olunmasından ibarətdir. Elə təsadüfi deyildir ki, makroiqtisadi inkişafın hazırkı səviyyəsinə uyğun şəkildə olmaqla, həyata keçirilən islahatlar özündə insanların yaşayışının və həyat şəraitinin daha da yaxşılaşmasına hesablanmış və bu, hər addımda reallaşmaqdadır. Naxçıvan Muxtar Respublikasında da bu sahədəki tədbirlər milli iqtisadi quruculuq proseslərinin çox zəruri hissəsi olaraq aktuallığını saxlamaqdadır. Statistik rəqəmlərin təhlili də göstərir ki, 2015-2020-ci illərin yanvar-iyun ayları üzrə hər bir nəfərə düşən ÜDM-nin həcmi (müvafiq olaraq, 2465 manat-2847,6 manat) 1,2 dəfə artmışdır. Bu isə, müasir dövrün tələbləri və mövcud proseslər baxımından olduqca mühüm amildir.

Milli iqtisadiyyatın zəruri inkişaf göstəricilərindən birini də onun şaxələndirilməsi təşkil etməkdədir. Şaxələndirmə bir tərəfdən iqtisadiyyatın sahə strukturunun hərəkətlənməsini təmin edir, bir tərəfdən onun istehsalın fasiləsizliyinə olan stimulllaşdırıcı təsirlərini gücləndirir, digər tərəfdən isə, makroiqtisadi zəmində sosiallaşma proseslərinə yeni perspektivlilik gətirir. Bu mənada, Naxçıvan Muxtar Respublikasının malik olduğu iqtisadi potensial mühüm əhəmiyyət daşımaqdadır. Ölkəmizdə uğurla davam etdirilən sənayeləşmə siyasəti, regionlarda Sənaye Parkları və Məhəllələrinin yaradılması bu sahədəki prosesləri daha sürətləndirmiş və nəticədə sənaye iqtisadiyyatın lokomotivinə çevrilmişdir. Muxtar respublika iqtisadiyyatında da sənayenin möhkəmlənən perspektivləri ümumilikdə, makroiqtisadi göstəricilərin artan dinamikasını daha da etibarlı etməkdədir. Əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda ilk yerdə təşəkkül tapan sənaye sahəsi muxtar respublikanın sosial-iqtisadi inkişafının ifadəsi olmaqla, öz aktuallığını qorumaqdadır. Cari ilin birinci yarısında muxtar respublikada 561 milyon 563 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə (491 milyon 380 min 800 manat) müqayisədə 1,1 dəfədən çox atmışdır.

Artıq muxtar respublikada sənayeləşmə siyasəti özünün gerçək nəticələrini vermiş, bu potensialla ölkənin Sənaye Parkları və Məhəllələrinin təşkilatlanması sahəsində də mühüm mərhələ təmin olunmuşdur. Bunun nəticəsidir ki, istehsal olunan sənaye məhsulunun həcmi müvafiq dövrlər üzrə artan dinamikaya malik olmaqdadır. Təbii ki, bu isə, istehsal prosesinin artan tələbatlar qarşısında dayanıqlılığını göstərməkdədir. Qeyd edək ki, bəhs olunan dövr ərzində istehsal olunan sənaye məhsulu həcminin 96,3 faizini malların, 3,7 faizini xidmətlərin təşkil etməsi iqtisadi şaxələndirmənin bütün sahələr üzrə davamlılığını bir daha ifadə etməkdədir. İqtisadiyyatın belə inkişaf dinamikası bütün tərəfləri ilə islahatların səmərəliliyi fonunda özəl sektorun perspektivlərini də artırmaqdadır. Elə bu baxımdan da qeyd edə bilərik ki, muxtar respublikada özəl sektorun inkişafı kəndlərin, qəsəbələrin istehsal infrastrukturu ilə təşəkilatlanmasının gerçək ifadəsi olaraq çıxış etməkdədir. Həmçinin iqtisadiyyatın sahə strukturu üzrə mütərəqqi təşkilatlanmanın təmin olunmasında özəl sektorun rolu daha da artmaqdadır. Qeyd edək ki, hazırda muxtar respublikada istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2 faizə bərabər olmuşdur. Təbii ki, bütün bunlar bir etibarlı baza olmaqla, daha məhsuldar nəticələrin əldə olunmasına imkan yaratmaqdadır. Eyni zamanda, burada dövlətin tənzimləyici mexanizmlərlə təsərrüfat subyektlərinə göstərdiyi dəstək mühüm vasitə olaraq çıxış etməkdədir. Cari ilin ilk yarısında muxtar respublikada məhz dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 69 layihə üzrə həm istehsal, həm də xidmət obyektləri yaradılmışdır. Hazrıda həmin proseslər daha dinamik şəkildə davam etdirilərək 46 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması təmin olunmaqdadır.

İqtisadiyyatın davamlı inkişafı digər aparıcı sahələrdən biri olan kənd təsərrüfatının məhsuldarlıq və sosiallaşma çəkisini daha da artırmışdır. Nəticədə:

- kəndlərin və qəsəbələrin inkişafında;

- təsərrüfat formalarının fəaliyyətinin stimullaşdırılmasında;

- kənd əhalisinin səmərəli məşğulluq göstəricilərinin yüksəldilməsində;

- daxili bazarın yerli məhsullarla təmin olunmasında, qorunmasında və infrastruktur olaraq yekdilliyində;

- iqtisadi inteqrasiyanın sürətlənməsində və s. amillərin təşkilində kənd təsərrüfatının rolu da artmaqdadır. Naxçıvan Muxtar Respublikasında ərazinin və əhalinin böyük hissəsinin məhz kənd təsərrüfatına aid olmasını nəzərə alaraq, burada müvafiq sahə üzrə dövlət tənzimlənməsinin də daimi diqqət mərkəzində saxlanıldığını qeyd edə bilərik. Burada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı, suvarma sahəsində səmərəliliyin qorunması, çoxistiqamətli infrastruktur quruculuğunun həyata keçirilməsi və digər zəruri tədbirlərin reallaşması kənd təsərrüfatının həm rolunu artırmış, həm də onun davamlı inkişafı üçün zərurət yaratmışdır. Sistemli, ardıcıl və əlaqəli tədbirlər fonunda muxtar respublikada iqtisadiyyatın aparıcı sahələrindən biri kimi kənd təsərrüfatı sahəsində məhsuldarlıq göstəricilərinin artması təmin olunmuş və təkcə 2020-ci ilin yanvar-iyun aylarında 139 milyon 886 min 600 manatlıq məhsul istehsal olunmuşdur ki, bu da, 2015-ci ilin eyni dövrünün göstəricisindən (110 milyon 870 min 400 manat) 1,3 dəfə çox təşkil etməkdədir.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının müasir mərhələsi daha çox ölkənin milli iqtisadi quruculuq proseslərinə hərəkətverici təsir etməkdədir ki, burada da kənd təsərrüfatı önəmli çəkiyə malikdir. Əlbəttə ki, əsas məqsəd eyni zamanda, fəaliyyətin məhsuldarlığını təmin etmək, artan təlabatlar qarşısında dayanıqlı istehsalı formalaşdırmaq və təbii ki, əhalinin uzunmüddətli saxlanılması mümkün olacaq məhsullara çıxışını əlçatan etməkdən ibarətdir. Bu isə innovativ və yaradıcı təşəbbüslərə əsaslanan təşkilatlanmanın mövcudluğunu şərtləndirməkdədir. Bunun tərkib hissəsi olaraq, istehsal olunan məhsulların zay olmaması, onlardan həm tələbata uyğun, həm də qarşıdakı dövrlərdə səmərəli istifadə olunması məqsədilə zəruri şəraitin yaradılması təmin olunmaqdadır. Belə ki, artıq tutumu 200 və 2500 ton olan 2 soyuducu anbar yaradılmışdır ki, bu da, kənd təsərrüfatı məhsullarından istifadə olunması sahəsində məqsədyönlülüyü daha da artırmaqdadır. Bundan əlavə, 1 soyuducu anbar isə genişləndirilmişdir. Kəndlərin iqtisadi inkişafının ifadəsi olan bu proseslərin səmərəliliyi daha 1 soyuducu anbarın yaradılması ilə artmaqda, həmçinin, 8 istixana təsərrüfatının qurulması, 1 istixana təsərrüfatının fəaliyyətinin isə bərpa olunması ilə daha da məhsuldarlıq qazanmaqdadır.

Artan potensialla, yüksələn dinamika ilə hazırda davam edən pandemiya dövründə də güclü müqavimətliliyə malik olan Naxçıvan Muxtar Respublikası ökənin etibarlı tərəfdaş, dostluq münasibətlərinin inkişafında və bununla da, dünya iqtisadiyyatına inteqrasiya olunmasında mühüm əhəmiyyət daşımaqdadır. Bu isə, təbii ki, eyni zamanda, onun ixrac imkanlarının artmasında özünü göstərməkdədir. Hazırkı 2020-ci il muxtar respublikada “İxrac ili” elan olunmuşdur. Qeyd edək ki, muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur ki, bu da, qarşıdakı dövrlər üzrə daha perspektivli səhifələr açacaqdır. Məhz iqtisadiyyatın nəzərdə tutulan hədəflərə doğru qətiyyətlə addımlaması onun aparıcı sahələri üzrə ixrac imkanlarını daha da artırmışdır. Təkcə cari ilin yanvar-iyun aylarında muxtar respublikada 152 milyon 23 min 700 ABŞ dolları dəyərində sənaye, 40 milyon 629 min 800 ABŞ dolları dəyərində isə kənd təsərrüfatı, o cümlədən, meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur. Hesablamalar göstərir ki, 2015-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə ixrac olunan sənaye məhsulunun (145 milyon 857 min ABŞ dolları) həcmi 1 dəfədən çox, kənd təsərrüfatı, o cümlədən, meyvə və tərəvəz məhsullarının (38 milyon 563 min ABŞ dollar) həcmi isə 1,1 dəfə artmışdır.

Digər tərəfdən, 2020-ci ilin ilk yarısı üzrə ixrac olunan sənaye məhsulunun həcmi ümumi ixrac həcminin (192 milyon 653 min 500 ABŞ dolları) 80 faizinə bərabər olmuşdur. Bu göstərici ixrac olunan kənd təsərrüfatı, o cümlədən, meyvə və tərəvəz məhsulunun həcmində isə 21 faizdən çox təşkil etmişdir.

Bu bir həqiqətdir ki, artıq muxtar respublikada istehsal olunan məhsullar ümumilikdə, Azərbaycan brendinin dünyaya tədqim olunmasında mühüm göstəriciyə çevrilmişdir. Təbii sərvətlərdən həm də səmərəli istifadə olunması sahəsində zəruri mərhələ olan bu amil Naxçıvan məhsullarının dünyaya çıxışının bariz ifadəsidir. Təkcə bu ilin iyun-iyul aylarında travertin, mebel, siyanit mərmər, vafli, “Badamlı” və “Sirab” mineral sularının Oman Sultanlığı, Gürcüstan, Yəmən, Əfqanıstan kimi ölkələrə ixrac olunması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 25 halda mənşə sertifikatı verilməsini göstərə bilərik.

Beləliklə, Naxçıvan Muxtar Respublikası özünün mövcud potensialı ilə ölkənin davam edən islahatlar fonunda qazandığı sosial-iqtisadi uğurlarına böyük töhfə verməkdədir. Burada istehsalın davamlılığı, əhalinin rifahı və iqtisadiyyatın şaxələndirilməsindən ibarət güclü təşkilatlanma özünü göstərməkdədir. Təbii ki, bütün bunlar isə ümumilikdə, milli iqtisadiyyat üçün daha etibarlılıq və daha müqavimətlilik deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə