“Beynəlxalq təşkilatlar Ermənistanın təxribatına münasibət bildirməlidir” Sevinc Fətəliyeva

“Məlumdur ki, iyulun 13-dən 14-nə keçən gecə Azərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfinin bir gün öncəki təxribatından sonra şiddətli döyüşlər davam edib. Düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilib. Qarşı tərəf canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək geri çəkilib. Ağır döyüşlər zamanı ordumuzda da itkilər olub. Belə ki, general-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgər şəhid olmuşlar. General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni bərabər qoruduqlarını göstərir. Allah hərbçilərimizə rəhmət eləsin. Şəhidlərin qanı yerdə qalmayacaq”. Bu fikirləri "Səs" qəzetinə aciqlamasinda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, ermənilər tərəfindən mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları qətlə yetirmək faşizmin və vandalizmin əyani təzahürüdür. Onun sözlərinə görə, Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir: “Eləcə də, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən işğalçı ölkə danışıqların da formatını kobud şəkildə pozur. Bütün bunları etməkdə Ermənistanın məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarını azad etməməkdir. Həmçinin bu kimi təxribatlarla onlar diqqəti daxili ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq və üzvləri olduğu siyasi-hərbi təşkilatları bu prosesə cəlb etmək istəyirlər. Lakin hamı prosesi yaxşı başa düşür və onlara inanan yoxdur”.

Millət vəkili xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT Minsk qrupu həmsədr dövlətlərinə, BMT-yə, Avropa Birliyinə, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlara Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki əhalinin ağır silahlardan bombalanması ilə bağlı məlumatlandırsa da, Ermənistana qarşı heç bir təzyiq edilmir. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar. Bilirsiniz ki, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan özünün Azərbaycandan zəif olduğunu dərk edir. Buna görə də, KTMT-ni münaqişəyə cəlb etmək üçün Ermənistan tərəfi atəşkəs rejimini Dağlıq Qarabağ ərazisində deyil, Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində pozur. Ermənistan ümid edir ki, sərhəddə baş verən münaqişəyə KTMT qurum kimi və üzv dövlətlər daha tez reaksiya verə bilərlər. Amma işğalçıların gözlədiyi kimi olmadı, KTMT və üzv dövlətlər olduqca təmkinli davrandılar və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırdılar.

Millət vəkilinin deyib ki, hər kəs bilməlidir ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil. Ölkəmiz bütün sahələr üzrə inkişaf edib və güclənib, möhkəm ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi mövcuddur. O cümlədən qüdrəti ordusu formalaşıb.

“Ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, onun Ali Baş Komandana, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndiriblər Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq-Ordu vəhdəti sarsılmazdır. Xalq dövlət başçısının siyasətini dəstəkləyir. Bununla belə, bir qrup insan vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışıb. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməmiş, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni Milli Məclisin binasına daxil olmuş və binaya zərər vurmuşlar. Bu cür təxribatlar heç bir nəticə verə bilməz. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”-deyə, S.Fətəliyeva vurğulayıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə