11 Iyul Ümumdünya Əhali Günüdür

Dövlət başcisının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı dayanır

Bu gün Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu günün əsas məqsədi ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Son açıqlamalara əsasən, dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötüb. Əhalisinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Dünya əhalisinin sayı 1804-cü ildə - 1 milyard, 1927-ci ildə - 2 milyard, 1999-cu ildə - 6 milyard olub. Demoqrafların hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmaqda davam etsə, 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq.

Dünya Əhali Günü, bir çox dünya ölkələrində olduğu kimi, 2005-ci ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunub. Ölkəmizdə də bu cür tədbirlər diqqət mərkəzindədir. Azərbaycanda MDB məkanında, ilk dəfə olaraq, elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib.

Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Azərbaycanda son illər baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsirini göstərib. Demoqrafiya sahəsindəki siyasət dövlətimizin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Demoqrafik proseslər cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlı olduğundan, bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində, demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirinin təzahürüdür. Müasir dövrümüzdə insan inkişafının demoqrafik aspektləri bir sıra amilləri özündə cəmləşdirir. Belə ki, ölkəmizdə ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə, cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla, miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər ölkəmizdə demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına imkan yaratmaqla bərabər və demoqrafiya sahəsində müsbət meyilləri də stimullaşdırıb. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etdirilməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı hər il, sabit şəkildə artaraq, 10 milyonu ötən ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan, bir çox sahələrdə olduğu kimi, bu baxımdan da, nümunəvi ölkədir.

Azərbaycanda hər il doğulanların sayı artır və doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri və idman kompleksləri istifadəyə verilir.

Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

Tarixboyu dövlətləri, xalqları çətin və mürəkkəb vəziyyətlərdən liderlərinin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və zəruri tədbirlər həyata keçirildi. Cənubi Qafqazda ilk dəfə olan tibbi maska və digər tibbi ləvazimatlar istehsal edən müəssisə, modul tipli xəstəxanalar acıldı. Təbii ki, görülən işlər bütün dünyada tüğyan edən pandemiyanın ölkəmiz üçün yarada biləcəyi fəsadları minimuma endirməyə hesablanır. Dövlətin məqsədi bu bəladan mümkün qədər az itkilərlə və az zərərlə çıxmaqdır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu çətin dönəmdə də xalqının yanındadır, vətəndaşının taleyini daim diqqətdə saxlayir. Dövlət başcısının bıldirdiyi kimi: “Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq...Xəstəxanaların buna hazır olması məsələləri də öz həllini tapıb. Deyə bilərəm ki, bu 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir".

Ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrasına uyğun olaraq Tədbirlər Planı təsdiqlənib, insanların məşğulluğunun artırılması və sosial rifahının yüksəldilməsi üçün böyük məbləğdə vəsait ayrılıb. Tədbirlər Planı çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunmasına nəzarət edilir. Eyni zamanda, işsiz insanlar qeydiyyata alınaraq onlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilir. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində daim islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur, onlara pul yardımları göndərilir. Xəstəliklə əlaqədar olaraq bütün dünyada vəziyyət gərgindir. Dövlətimiz vətəndaşı, onun sağlamlığı və rifahı üçün mümkün olan hər şeyi edir. “Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb” -cıxışlarının birində bildirən Prezident İlham Əliyev qeyd edib ki, bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə