Azərbaycanın maddi mədəniyyət nümunələri YUNESKO-nun İrs Siyahısında

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. 1946-cı ildə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlayıb. BMT-nin bu ixtisaslaşmış orqanının vəzifəsi müharibə nəticəsində dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmamışdır.

YUNESKO-nun fəaliyyəti daha ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. YUNESKO irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoymuşdur. Həmin dövrdən başlayaraq bu günə qədər bura üzv olan dövlətlərin sayı artmışdır. Azərbaycan - YUNESKO əlaqələrini bu sırada xüsusi olaraq qeyd etməliyik. Bu əlaqələndirici körpünün əsası müstəqillik dövründən başlamışdır. YUNESKO – Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addımı Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.

YUNESKO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ümumilli Lider Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, Xarici İşlər Naziri onun sədri təyin edilmiş və eyni zamanda sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra Respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, Muğam sənətinin, Aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə bir layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilmişdir. Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir ki, bu da təşkilatla əməkdaşlıq nəticəsində reallaşır.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə bu təşkilat diqqət ayırır. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək və s məsələlər diqqətdə dayanır. Qeyd edək ki, bu təşkilat tərəfindən elm, mədəniyyət kimi sahələrə aid proqram və layihələr hazırlanıb həyata keçirilir. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək işində YUNESKO Azərbaycanla birgə əməkdaşlıq prinsiplərinə əsaslanır. Yubiley tədbirlərin beynəlxalq səviyyədə təşkili işində də Heydər Əliyev Fondu ilə YUNESKO arasında birgə əməkdaşlıq layihələrinə imza atılır.

Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasında bütün sahələrində təbliğ olunaraq, özünün tarixi mədniyyəti, adət-ənələrini təqdim edərək nüfuzlu qurum tərəfindən öz qiymətini alır. Ölkəmizin sərvətlərinin tanınmasında və dünya miqyasında, əks-səda ilə qarşılanması sözsüz ki, bu beynəlxalq qurum tərəfindən ona verilən yüksək qiymətdir. Bu günlərdə isə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün ilkin siyahıya salınması məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb. Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Qeyd edək ki, İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi Ümumdünya İrs Siyahısına daxil edilmişdir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Bu və ya digər abidələrin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi ölkə başçısının və Birinci-vitse prezidett Mehriban Əliyevanin tariximizə, mədəniyyətimizə göstərdiyi xüsusi qayğısının nəticəsidi

Görülən işlər Azərbaycanın ölkəmizin daxilində, istərsə də onun hüdudlarından kənarda - dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin davamı olduğunu göstərir.

Nəzakət ƏLƏDDİNQİZİ

Bütün xəbərlər Facebook səhifəmizdə