Restoran, kafe və "mall"lar ayın sonuna qədər açılmayacaq

Restoran, kafe və "mall"lar ayın sonuna qədər açılmayacaq

Böyük ticarət mərkəzlərinin açılması ilə bağlı müzakirələr davam edir. SİA-nın verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir: “Amma təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bütün statistik göstəriciləri təhlil edərək bununla bağlı qərar verəcək. Ola bilsin ki, gələcək günlərdə ticarət mərkəzləri açılsın. Amma mərkəzlərin içində yoluxma sayını artıra bilən sahələrdə, məsələn, uşaqlar üçün əyləncə mərkəzlərində, qida bölmələrində məhdudiyyətlər qoyula bilər”.

Ramin Bayramlı bildirib ki, kafe və restoranların nə zaman açılacağı və hansı iş saatlarının tətbiq olunacağı məsələsi ilə bağlı müzakirələr bu günlərdə də davam etdiriləcək: “Yəqin ki, qarşıdakı günlər ərzində bu məsələ açıqlanacaq. Bakı metrosunun, Bakıda və rayonlarda restoranların fəaliyyətə başlaması barədə qərarlar aparılan təhlillərə əsasən verilir. Biz bundan sonra onları çox uzun müddət bağlı saxlaya bilmərik. Sərt karantin dövründə biz infeksiyanın məhdudlaşmasına nail olduq. Tibb müəssisələrini səfərbər etdik, resurslarımızı yenilədik. Bundan sonrakı dövrdə isə açılma və epidemioloji vəziyyətin nəzarət altında saxlanılması üçün əvvəlcədən planlaşdırılmış tədbirlərin həyata keçirilməsi dövrüdür. Başqa sözlə, biz indi ikinci mərhələni yaşayırıq. Bütün bu mərhələlər üçün də hər bir sahə üzrə müvafiq qaydalar hazırlanıb. Əgər biz bu qaydalara əməl etsək, nə metroda, nə rayonlardakı, nə də Bakı şəhərindəki kafe və restoranlarda və açacağımz digər müəssisələrdə yoluxma olmayacaq və onun qarşısını alacayıq. Təbii ki, bu qaydalara əməl etməsək, sosial məsafəni gözləməsək, ikinci dalğa çox sərt şəkildə davam edə bilər”.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə