Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanırıq! MƏKTUBLAR

Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanırıq! MƏKTUBLAR

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Fuad Paşayev Bakı şəhərindən yazır:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi müraciət edərək, həm bizə yaradılan şəraitə, həm tətbiq edilmiş onlayn dərs sisteminə, həm də bu ağır günlərdə xalqımıza, millətimizə qayğı göstərib yanımızda olduğunuza görə təşəkkürümü bildirirəm.
Televiziyada Sizə yazılan məktubları görüb mən də öz təşəkkürümü və minnətdarlığımı çatdırmaq qərarına gəldim.
Mənim ən böyük arzum Dövlət Sərhəd Xidmətində zabit kimi çalışıb Azərbaycan Respublikasına xidmət etməkdir. Həm hərbi xidmətə olan marağım, həm də Prezidentimə, xalqıma olan sevgim məni bu peşənin vurğunu edib. Zamanı gəldikdə Sizin əmrinizlə torpaqlarımızı geri qaytarmaq üçün mətanətlə ən irəlidə getməyə hazıram.
Mənim anam da bir tibb işçisi olaraq koronavirusa qarşı ən öndə mübarizə aparanlardandır. İnşallah, bu ağır günləri geridə qoyub gözəl günlərə addım atacağıq. Allah bizlərin köməyində olsun.
Cənab Prezident, bir daha Sizə və ailənizə təşəkkür edirəm. Bu sınaq günlərində Sizə cansağlığı, uğurlar arzulayıram. Allah Sizləri qorusun.

Qurbanəli Abbasov və başqaları Masallı rayonundan yazırlar:

Hörmətli cənab Prezident.
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan olunmuş karantin dövründə xalqımıza, o cümlədən Masallı rayonuna göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Daim xalqımızın yanında olmağınızdan, tapşırıq və tövsiyyələrinizlə aztəminatlı ailələrə maddi yardımlar edilməsindən və görülən işlərdən ilhama gələn xalqımızın təşəbbüslərinizə qoşulması bizləri çox sevindirdi.
Masallı rayon rabitəçiləri adından bu çətin günlərdə xalqımızın sağlamlığını və təhlükəsizliyini təmin etdiyiniz üçün, dövlətimizin inkişafı uğrunda misilsiz işlər gördüyünüz üçün Sizə təşəkkür edirik.
Allah Sizə yar olsun.

Şamaxıdan Tərlan Bayramov yazır:

Möhtərəm cənab Prezident.
Bu çətin günümüzdə bizə yardımçı olduğunuz üçün öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirirəm. Nə qədər ki, ölkəmizin başında Siz varsınız, heç bir çətinlik ölkəmizə güc gələ bilməz. Allah Sizi qorusun. Yaxşı ki, Sizin kimi ölkə başçımız var. Sizə minnətdarlığımı bildirirəm. İnşallah tez bir zamanda bu bəladan xilas olarıq. Mən özüm kimi hamını evdə qalmağa çağırıram. Özümüzü və ailəmizi qoruyaq. Bir daha təşəkkür edirəm. Sağ olun.

Elnarə Ələsgərova Daşkəsən rayonundan yazır:

Əziz və hörmətli Prezidentimiz.
Mən qürur hissi ilə bildirmək istəyirəm ki, bizim Sizin kimi humanist, əməlisaleh ölkə başçımız var. Bu gün dünyanı bürümüş COVID-19 virusunun ölkəmizdə fəsadlarının qarşısını almaq məqsədilə verdiyiniz tapşırıqlar həlledici rol oynadı. Xalqın narahatlığı nisbətən azaldı, kütləvi yayılma baş vermədi. Xarici ölkələrdə olan vətəndaşlarımızı, həmçinin tələbələri koronavirusdan qorumaq üçün ölkəmizə gətirtdiniz, xəstələrin qeydinə qalan, onların qayğısını çəkən həkimlərin maaşlarını artırdınız. Bir illik əmək haqqınızı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiniz. Vətəndaşlara birdəfəlik ödəmə edilməsi ilə bağlı tapşırıqlar da bir daha sübut etdi ki, Siz xalqımıza, ölkəmizə hər bir sahədə qayğı ilə yanaşırsınız. Saymaqla qurtarmayan, ölçüyəgəlməz işlərdir bunlar.
Gənc, müstəqil Azərbaycan Respublikası bir çox bəlaların öhdəsindən çox məharətlə gəlmişdir və gələcəkdir. Biz buna heç bir tərəddüd etmədən inanırıq. Çünki bizim qüdrətli ordumuz, asayişin keşiyində duran polislərimiz, gecə-gündüz demədən xalqımızın qeydinə qalan həkimlərimiz və Sizin kimi qayğıkeş və cəsarətli Ali Baş Komandanımız, qürur yerimiz var.
Əziz və hörmətli Prezidentimiz, gördüyünüz bütün işlər üçün xalqımız adından bir daha Sizə təşəkkür edir, uzun ömür, cansağlığı, xoş günlər diləyirəm.

Fərman İsmayılov Zərdabdan yazır:

Möhtərəm cənab Prezident.

Sizin uğurlarınızı şərtləndirən amillərdən biri də hadisələri öncədən görmək və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmək bacarığınızdır. Sizin tapşırığınızla görülən çevik, təcili tədbirlər koronavirus bəlasının Azərbaycanda geniş yayılmasına imkan vermədi. Siz populizmdən uzaq, gələcəyə hesablanmış iqtisadi, sosial proqramların müəllifi kimi tanınan dövlət başçısısınız. 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışınızda inkişafımızın və islahatların gələcək konturlarını açıq-aydın göstərdiniz. Ötən dövrdə bu islahatların ardıcıllıqla həyata keçirilməsinin şahidi olduq. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz pandemiyanın yaratdığı bu çətin vəziyyətdən də şərəflə çıxacaq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcəkdir. Belə ki, koronavirusla mübarizənin ilk anlarından verdiyiniz qərarlar tərəfimizdən rəğbətlə qarşılanmışdır. Bu gün Siz də qeyd etdiyiniz kimi, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi, ümumilikdə, 600 minə yaxın insanın dövlətdən maddi dəstək alması dövlətimizin və onun Prezidentinin hər zaman xalqın yanında olması deməkdir. Allah Sizi və ailənizi qorusun.

Əməkdar mədəniyyət işçisi Bayram Qurbanov Zaqatala rayonundan yazır:

Hörmətli cənab Prezident.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Azərbaycanda mədəniyyətin tərəqqisinə böyük diqqət və qayğı göstərilir. Mən Ulu Öndərin dövründən başlayaraq bu günə kimi sənət adamlarına göstərilən qayğının şahidiyəm. Nə qədər sənətçilərimiz orden və medallarla təltif olunmuş, Prezident təqaüdlərinə layiq görülmüş, sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilmişdir. Mədəniyyət xadimlərinə göstərilən bu diqqət və qayğının nəticəsidir ki, Sizin Sərəncamınızla mən, Qurbanov Bayram Süleyman oğlu da 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşəm.
Cənab Prezident, son dövrlər dünyada geniş yayılmış koronavirus infeksiyası, təəssüflər olsun ki, Azərbaycandan da yan keçməmişdir. Uzaqgörən siyasətçi kimi gördüyünüz qabaqlayıcı tədbirlər, atılan sistemli addımlar nəticəsində bu virusun ölkədə geniş yayılmasının qarşısı alınmışdır. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə bir əməkdar mədəniyyət işçisi kimi Zaqatala rayon mədəniyyət işçiləri adından Sizə təşəkkürümü bildirir, şərəfli və çətin işinizdə uğurlar arzulayıram.

Vicay Cavadov Gədəbəy rayonundan yazır:

Möhtərəm cənab Prezident.
Xalqımızın qayğısına qalmaqla bütün çətin vəziyyətdə bizləri sevindirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi xalqa sevdirən ən mühüm xüsusiyyət əsl dövlət başçısına xas qətiyyətiniz, atdığınız hər bir addımda milli maraqları öndə tutmanızdır. Verdiyiniz hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq Sizin həyat fəlsəfənizdir. Bu çətin pandemiya vəziyyətində xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız bizləri daha da qürurlandırır. Sizə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Allah Sizi xalqımıza çox görməsin. Sizə cansağlığı, uzun ömür arzulayıram.

Şabran şəhər T.Abbasov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Ruziyyə Kərəmova:

Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Azərbaycan təhsilinə, müəllimin əməyinə verdiyiniz dəyər və şagirdlərin sağlamlığını düşünməyiniz Sizin dahi Lider olduğunuzu bir daha sübut edir.
Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq.

İmişli rayonu, Otuz iki kənd sakini Aygün Musayeva yazır:

Möhtərəm cənab Prezident.
Dünyəvi təhlükə olan koronavirus ilə qarşı-qarşıyayıq. Bilirik ki, COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Sizin “hər kəs evdə qalmaqla yoluxucu - öldürücü virusun geniş şəkildə vüsət almasının qarşısını almalıdır” tapşırığı respublikamızda bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə böyük töhfə vermişdir. Sizin rəhbərliyinizlə əhali bu təşəbbüs ətrafında səfərbər olaraq koronavirusla mübarizə istiqamətindəki işlərə həmrəylik nümayiş etdirmişdir. Sizin uzaqgörən siyasəti və humanist addımları nəticəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarət altında saxlanılır.
Hörmətli cənab Prezident, ölkəmizin gələcəyi naminə gördüyünüz bütün tədbirlərdə Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə