Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirəcək - AÇIQLAMA

"Koronavirus pandemiyası bütün dünya ölkələrinin gündəlik həyat və fəaliyyətini iflic edib. Hazırda dünyanın heç bir ölkəsində bu xəstəlik əleyhinə vaksin tapılmayıb. Nəticə etibarilə 100 minlərlə insan bu virusa yoluxub və minlərlə insan bu səbəbdən həyatını itirib. Heç bir ölkə və heç bir insan bu virusdan hərhansı bir şəkildə sığortalanmayıb. Bu virus heç bir sərhəd tanımır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O, bildirib ki, bu gün Azərbaycanda da yoluxma halları qeydə alınıb, lakin dünya statistikasına nəzər saldıqda görərik ki, Azərbaycanda cənab Prezidentin tapşırıqları əsasında görülən qabaqlayıcı tədbirlər çərçivəsində vaxtında atılmış addımlar ölkədə virusun sürətlə yayılmasının qarşısını alır: "Hələ ilin əvvəli yanvar ayının 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, bütün təhsil müəssisələrinin, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb, iaşə və xidmət sahələrinin fəaliyyətləri məhdudlaşdırılıb, beynəlxalq sərnişin daşımalarının qarşısı alınıb və eyni zamanda xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi üçün çox ciddi addımlar atılıb. Ölkəyə gətirilən vətəndaşlarımız karantin rejimini keçdikdən və sağlamlığı tam müəyyən edildikdən sonra evlərinə yola salınıblar. Bütün bu önləyici tədbirlərin görülməsi təbii ki, bu pandemiyanı nəzarətdə saxlamağa yardımçı olub".
Deputat qeyd edib ki, bununla bağlı enerji və səhm bazarlarında kəskin dalğalanmaların Azərbaycana təsirlərini azaltmaq üçün də Prezident İlham Əliyev 2 milyard manat vəsait ayırıb: "Bu vəsait sosial ehtiyacı olan insanların sosial təminatının yaxşılaşdırılması, hüquqi və fiziki şəxslərə, sahibkarlara ehtimal olunan zərərlərin qarşısının alınması, manatın məzənnəsinin saxlanılması, ölkə iqtisadiyyatına dəyə biləcək zərərlərin qarşısının alınması kimi məsələlərdə xərclənməsi nəzərdə tutulub. Bununla yanaşı Koronavirusa qarşı Mübarizə Fondu da yaradılıb və Prezident İlham Əliyev tərəfindən həmin fonda da vəsait ayrılıb. Eyni zamanda Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyev öz birillik əməkhaqqlarını fonda ianə ediblər. Heydər Əliyev Fonududan, digər hüquqi və fiziki şəxslərdən, böyük şirkətlərdən, banklardan, ictimai-siyasi xadimlər tərəfindən fonda dəstək verilib".
C.Osmanov vurğulayıb ki, cənab Prezident İlham Əliyev dünən Azərbaycan Televiziyasına verdiyi müsahibəsində, Azərbaycan vətəndaşlarının daha çox birliyə-həmrəyliyə ehtiyacı olduğunu bildirərək nəzərə çatdırıb ki, Koronavirusa qarşı Mübarizə Fondunun yaradılması və bu fonda bir çox hüquqi və fiziki şəxslərin, şirkətlərin yardımlarını artırması milli birliyin bir təzahürüdür: "Prezident İlham Əliyev Novruz Bayramı müraciətində və həmçinin Azərbaycan Televiziyasına müsahibəsində də bir daha qeyd edib ki, bu virusun qarşısının alınması məqsədilə ən yaxşı üsullardan birincisi evdən çıxmamaq və Operativ Qərargahın tətbiq etdiyi qaydalara lazımı şəkildə riayət etməkdir. Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək bu virusun öhdəsindən gələcəkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...