Naxçıvana yeni tranzit dəmir yolu xətlərinin çəkilişi Türkiyə KİV-lərinin diqqətindədir

Türkiyənin “Yeşil İğdır” qəzeti, eləcə də igdir15temmuzgazetesi.com və serhatbirikim.com.tr xəbər portallarında jurnalist Sara Əzimovanın “Naxçıvanlılara böyük müjdə “Dildə, fikirdə, əməldə birlik” sərlövhəli məqaləsi yerləşdirilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Naxçıvan Muxtar Respublikasına Türkiyədən dəmir yolu və qaz xəttinin çəkilişi ilə bağlı verilən mühüm qərarlar şərh edilir, onun əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, bu məsələ Naxçıvan mediasının da gündəmindədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli “Naxçıvan üçün tarixi addım: Yeni qaz və tranzit dəmir yolu xətləri” adlı yazısında bildirir ki, bu il fevralın 25-i Naxçıvan üçün tarixi və çox əlamətdar bir gün kimi yaddaşlara yazıldı. Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz xəttinin çəkilişi ilə bağlı qərarlar deməyə əsas verir ki, bizi qarşıda daha güclü və modern Naxçıvan gözləyir.

Məqalədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyevin açıqlamalarına da yer verilib. Açıqlamada qeyd olunub ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və muxtar respublikanı bölgənin mühüm bir tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də “Dəmir İpək Yolu”nun bərpası deməkdir. Layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı da xeyli artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə