İbrahim QULİYEV,

Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi

20 Yanvar faciəsindən 30 il ötür. Zaman keçdikcə bu qanlı hadisələr yaddaşlarda silinməz izlər qoyur. Dinc, əliyalın, günahsız insanları vəhşicəsinə qətlə yetirmiş imperiya və onun sadiq nökərləri daim nifrətlə xatırlanır.

1990-cı ilin qanlı Yanvarı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzinə çevrilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu barədə demişdir: ”20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir... Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər.”

Təbii ki, imperiya caynaqlarından qurtulmaq heç də asan deyildi. Xalqımız öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizədə igidlik, mətinlik, əyilməzlik nümayiş etdirirdi. Sözün əsl mənasında 1980-ci illərin sonlarında Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı keçmiş SSRİ rəhbərlərini ciddi narahat etməyə başlamışdı. Kreml nəyin bahasına olursa-olsun xalqımızın azadlıq, demokratiya arzularını beşikdəcə boğmaq, vətənpərvər insanları, azadlıq mücahidlərini susdurmaq üçün məqam gözləyirdi.

Azərbaycana qarşı düşmən mövqe tutan qüvvələr 1987-ci ildə ümummilli lider Heydər Əliyevin Sov. İKR MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılmasından sonra daha da fəallaşdılar. Bədnam qonşularımız ölkəmizə qarşı torpaq iddiası irəli sürərək vəziyyəti getdikcə gərginləşdirirdilər.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mərkəzin birtərəfli mövqe tutması, Azərbaycanın haqq səsinə açıq şəkildə soyuqluq, biganəlik nümayiş etdirməsi xalqın ittifaq rəhbərlərinə inamını sarsıtmışdı.

1990-cı ilin əvvəlində hadisələr ən kəskin həddə çatdı. Kreml vəziyyətə nəzarət edə bilmədiyi üçün xalqımıza divan tutmaq yolunu seçdi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən 11 min nəfərlik sovet ordusunun xüsusi təyinatlı dəstələri, daxili qoşunların iri kontingenti Bakı şəhərinə daxil oldu. Ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni zabitləri, hətta kursantlar da daxil edilmişdi. Xüsusi amansizlıq, qəddarlıq, misli görünməmiş vəhşiliklərlə müşayiət olunan qanlı faciə nəticəsində Bakı şəhərində 131 mülki şəxs öldürüldü, 700 nəfərdən çox adam yaralandı.

SSRİ rəhbərliyinin göstərişi ilə hərbi birləşmələr paytaxtla yanaşı Sumqayıt, Lənkəran, Neftçala şəhərlərində də qanlı hadisələr törətdilər, əliyalın, günahsız insanları, azadlıq mücahidlərini qanına qəltan etdilər.

İmperiya cəlladlarının törətdiyi qətliama, bəşəri cinayətə don geydirməyə çalışan sovet rəhbərləri hadisələrin guya “SSRİ Konstitusiysının müddəalarına uyğunluğu”, “İnsanların hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıdığını” iddia edirdilər. Lakin həyata keçirilmiş qanlı terrorun qeyri-qanuni, ağır cinayət olduğu artıq hamıya məlum idi.

Törədilmiş faciə insan hüquqlarına dair beynəlxalq sənədlərə, ilk növbədə, “İnsan hüquqlarının ümumi Bəyannaməsi”nə, “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, keçmiş SSRİ və Azərbaycan SSR Konstitusiyasının tələblərinin kobudcasına pozulmasına dəlalət edirdi.

Keçmiş SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə əsasən, SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-nin müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə bütün ölkədə və ya onun ayrı-ayrı ərazilərində fövqəladə və ya hərbi vəziyyəti yalnız o halda elan edə bilərdi ki, bu məsələyə müttəfiq respublikanın Ali Sovetinin Rəyasət Heyəti tərəfindən baxılsın. Lakin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin bu məsələyə baxılmasına belə imkan verilməmişdir.

Bakıdakı qanlı faciədən dərhal sonra-yanvarın 21-də xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq ailə üzvləri ilə birlikdə Azərbycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi.

O vaxt mən Moskvada təhsil alırdım. Azərbaycan KP MK bürosunun və SSRİ Daxili İşlər Nazirliyinin kollegiya qərarları ilə SSRİ Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının birinci fakültəsində-müttəfiq respublikalar üçün rəhbər kadrlar hazırlayan fakültəsində oxuyurdum.

Dağlıq Qarabağ ətrafında baş verən hadisələri diqqətlə izləyir, çox narahat olurdum. Moskvada yaşayan görkəmli azərbaycanlı alimlərlə, tanınmış ziyalılarla görüşür, fikirlərimizi bölüşürdük. Azərbaycan KP MK katibi Həsən Həsənovun MK-da keçirilən yığıncaqda kəskin çıxışını ziyalılar arasında yayır, Azərbaycanın haqq səsini müxtəlif millətlərin nümayəndələrinə də çatdırıdıq.

Ümummilli liderin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlişinin şahidi və orada baş verən hadisələrin iştirakçısıyam. Ulu Öndər daimi nümayəndəliyə gələndə onun ətrafına yığışan həmyerlilərimizə və Azərbaycan xalqına faciə ilə əlaqədar başsağlığı verdi. Sonra ölkə və xarici jurnalistlərin, tədbir iştirakçılarının toplaşdığı zala daxil oldu.

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin rəhbəri Zöhrab İbrahimov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsi barədə məlumat verdi. Ümummilli lider Heydər Əliyev çıxışa başlayandan bir neçə dəqiqə sonra əvvəlcədən xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, Moskvada təhsil alan azərbaycanlı tələbə qız gözlənilmədən zala daxil oldu və dərhal yersiz suallarla ümummilli liderin çıxışına mane olmağa, tədbiri pozmağa cəhd göstərdi. Mən milis formasında olduğum üçün zala buraxılmışdım. Çoxlarında, xüsusilə orda iştirak edən və eyni zamanda daimi nümayəndəliyin əməkdaşlarında belə təsəvvür yaranmışdı ki, mən Moskva Şəhər Daxili İşlər Baş İdarəsinin rəhbərliyi tərəfindən ictimai asayişi qorumaq məqsədilə tədbirə göndərilmiş yüksək rütbəli zabitəm. Mən və bir neçə ziyalı dərhal həmin tələbə qıza bildirdik ki, bura belə yersiz sualların, söhbətlərin yeri deyil və zalı tərk etsin. Həmin tələbə qız mənim milis formasında asayişi qoruduğumu zənn edərək zaldan çıxdı.

Sonra ümummilli lider Heydər Əliyev öz çıxışını davam etməyə başladı. Bu zaman ikinci tələbə qız zala daxil olaraq yersiz, mənasız, tədbiri pozmağa yönəlmiş suallar verdi. Eyni qaydada onun da zaldan getməsini təmin etdik.

Maraqlısı budur ki, tədbirin əvvəlində heç bir maneə yaranmadı. Moskvanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış bu iki tələbə gəncin məqsədi isə xalqımızın ağır günündə onun dərdinə şərik olmağa, başsağlığı verməyə, haqq səsimizi dünyaya çatdırmağa gəlmiş ümummilli lider Heydər Əliyevin verdiyi bəyanata mane olmaq idi.

Xalqımızın yeganə ümidi və pənahı olan Heydər Əliyev nümayəndəlikdə çox sərt bəyanatla çıxış etdi. Bakı şəhərində sovet rəhbərliyinin törətdiyi qanlı hadisələri pislədi, bunu bütöv bir xalqa qarşı zorakılıq, qəddarlıq, misli görünməmiş cinayət adlandırdı. Xarici ölkə jurnalistlərinin gözü qarşısında sovet rəhbərlərini ittiham edərək təcavüzə kəskin etirazını bu cür bildirdi: “Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadislərə gəlincə, mən onları hüquqa, demokratiyaya yabancı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm.”

Ulu Öndərin bu qətiyyətli çıxışı Azərbaycanın informasiya blokadasına alındığı gərgin dövrdə totalitar rejimə, onun rəhbərlərinə sarsıdıcı zərbə oldu. Qorbaçovun və digər rəhbərlərin ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, təcavüzə məruz qalmış Alma-Ata, Tbilisi, Vilnüs və digər şəhərlərdə, xarici dövlətlərdə böyük rəğbətlə qarşılandı.

Azərbaycanın ağır günlərində ümummilli lider Vətəndə, xalqının yanında olmağı məqsədəuyğun bildi. 1990-cı il iyulun 20-də təyyarə ilə Moskvadan Bakıya gəldi, iyulun 22-də hakimiyyətin təhdidləri və təzyiqləri nəticəsində Naxçıvana getməyə məcbur oldu.

Müdrik rəhbərin “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır” tələbi onun 20 Yanvar faciəsi barədə sonralar etdiyi bütün çıxışların, bəyanatların, imzaladığı sənədlərin leymotivinə çevrildi. Ulu Öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verən sənədin qəbul edilməsinə nail oldu. İlk dəfə olaraq faciə siyasi-hüquqi qiymətini aldı, cinayətin iştirakçılarının və təşkilatçılarının adları açıqlandı. Əlbəttə, bu o dövrdə rəhbərdən böyük siyasi iradə, cəsarət və qətiyyət tələb edirdi.

Ümummilli lider 1993-cü ilin iyun ayında xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü il mart ayının 29-da Milli Məclis geniş müzakirələrdən sonra “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi.

Sənəddə milli azadlıq hərəkatını boğmaq, xalqın iradəsini, inamını qırmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sov. İKP MK, sovet dövləti və hökumətinin rəhbərlərinin, o cümlədən, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olundu. Eyni zamanda hərbi təcavüzə görə respublika rəhbərlərinin məsuliyyət daşıdıqları, onların Azərbaycan xalqına qarşı xəyanət etdikləri sənəddə öz əksini tapdı.

Qanları ilə torpağa “Azadlıq” sözünü yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, antihumanist siyasətinə qarşı əliyalın çıxmaqla xalqımızın mübarizə əzmini, igidliyini, qəhrəmanlığını bir daha təsdiqlədilər. Ümummilli liderin dediyi kimi “Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdırlar, onlar millətimizin qəhrəmanlarıdırlar”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 13 dekabr 2019-cu il tarixdə “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” sərəncam imzalayıb. Yanvar hadisələrinə çox böyük diqqətlə, həssaslıqla yanaşan ölkə başçısı bu qanlı aksiyanın sovet rejiminin qəddarlığını, saxtalığını və iflasa uğradığını, xalqın azadlıq uğrunda mübarizlik əzminin möhkəmlənməsinə güclü təkan verdiyini önə çəkir, həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış vətən övladlarının şücaətini yüksək qiymətləndirir.

1990-cı ilin yanvarında Azərbaycan xalqı öz iradəsini bütün dünyaya göstərdi. 20 Yanvar bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan öz xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi yaşayır, inkişaf edir.

Qanlı Yanvar həm də müstəqillik tariximizin ən şərəfli bir səhifəsidir. Azadlıq, istiqlal uğrunda xalqımızın apardığı mübarizənin zirvəsi kimi çağdaş tariximizə əbədi həkk olunub. O müdhiş şənbə gecəsindən 30 il keçsə də xalqımız bu faciəni heç vaxt unutmur, ağrılarını yaşadır və onu törədənlərə dərin nifrətini bildirir. Bu qanlı, dəhşətli faciə xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə