Texnologiya inkişaf etdikcə insanlar daha çox elektron vasitələrdən istifadəyə etməyə başlayır ki, bu da öz növbəsində bir sıra vərdişlərin unudulmasına və ya onların elektron vasitələrlə əvəzlənməsinə şərait yaradır. Əgər biz illər öncə nəqliyyat vasitələrində, dayanacaqlarda çoxlarının, xüsusilə də gənclərin əllərində kitab oxuduğunu, mütaliə etdiyini görürdüksə, son dövrlərdə kağız kitabların yerinə elektron vasitələrini – mobil telefon, planşet və ya digərlərini görürük. Hətta iş otaqlarında, ofislərdə kitab rəflərinin iri monitorlarla dəyişdirildiyinin şahidi oluruq. Kitabxanaların yolunu tanımayan gənclər haqqında isə danışmaq belə istəmirik. Alimlər hesab edirlər ki, kitab oxumaq insanlar üçün olduqca faydaladır. Belə olan halda, gənclərimizin əksəriyyəti kitaba oxumağa, ən asası da kağız kitablara maraq göstərmir? Mütaliə vərdişinin yaranmasına nə mane olur?
Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlu bildirib ki, Azərbaycanda, eləcə də digər ölkələrdə cəmiyyət gənclərin kitab oxumasına çalışır: “Lakin biz ilk növbədə gənclər niyə kitab oxumalıdır? sualına cavab verməliyik. Çünki hansı gəncə sən kitab oxumalısan deyərkən onun ilk sualı niyədir? Hətta akademiklərimizdən biri söyləmişdi ki, hazırda heç zaman kitab oxumayan o qədər insan var ki, onlar xoşbəxt, rahat, uğurlu biznesmendirlər. Ona görə də cəmiyyət problemi həll etmək üçün ilk növbədə bu suala cavab verməlidir. Əks halda məsələ qaranlıq qalır”.
Niyə kitab oxumalıyıq?
JEM sədri söyləyib ki, kitab oxumaq insana ilk növbədə rahatlıq gətirir: “İkincisi, həyatı maraqlı edir, üçüncüsü isə təsəvvür qabiliyyətini formalaşdırır. Hər bir insan üçün təsəvvür qabiliyyətinin olması vacibdir. Çünki, düşündüyünü təsəvvür etmək insana rahatlıq, stimul bəxş edir. Bununla yanaşı, kitab oxumaq intellekt səviyyəsini yüksəldir, fikirlərini düzgün çatdırmağa, mədəniyyət nümayiş etdirməyə yardımçı olur. Bu baxımdan hər kəs kitab oxumağa nail olmalıdır”.
Sosial şəbəkələrin təsiri
Mərkəz sədri vurğulayıb ki, kitab oxumağın qarşısını alan səbəblərdən biri də sosial şəbəkələrdir: “Sosial şəbəkələr vasitəsilə hekayə oxumaq olar. Amma roman oxumaq mümkün deyil. Oxusa belə, həmin roman insanın yaddaşında, təsəvvüründə kağız kitabdan oxuduğu rahatlığı verməyəcək. Çünki kitab istənilən vaxt insanın qucağında olur və imkan tapdığı zaman ondan istifadə edə bilir”.
Mətbəə, yoxsa nəşriyyat?
C. Musaoğlu qeyd edib ki, Azərbaycanda son dövrlərlə kitab oxuyanların sayı artmağa başlayıb: “Kitab mətbəələri çoxalıb, lakin nəşiriyyat yoxdur. Çox təəssüf ki, bir çox nəşriyyatlar da mətbəə rolunu oynayır. Amma mətbəə ilə nəşriyyatın funksiyası tamamilə fərqlidir. Nəşriyyatın işi təkcə kitabı çap etməkdən ibarət olmamalıdır. Kitabı sifariş də vermək lazımdır. Nobel mükafatçısı Qabriel Qarsen Markes İranda yayılmasına qadağa qoyulan kitabını nəşr edərkən əsərin adını onun gəzdiyi gözəlçələr adlanmasını təklif edir. Ondan bunun səbəblərini soruşanda Markes bildirir ki, “Mənim gəzdiyim gözəlçələr” çoxları üçün maraqlı ola bilər. Əsər peşəkar oxucular üçün zəif olsa da, dünyada ən çox satılan əsərlərdən birinə çevrildi. Bununla həm yazıçı çoxlu miqdarda vəsait qazandı, həm də nəşriyyat bazarın belə əsərləri tələb etdiyini anladı”.
Yazıçı və şairlərin üzərinə düşən vəzifələr?
JEM sədri söyləyib ki, əgər yazıçı və ya şair öz işini işləməyəcəksə, o zaman onun yazdığı kitablar oxunmayacaq: “Əgər mən gündüzlər mühəndislik edir, həm jurnalist fəaliyyəti ilə məşğul olur, həm də gecələr əsər yazıramsa o zaman uğur qazana bilməyəcəm. Çünki yazıçı öz fəaliyyəti üzrə çalışmalıdır. Nəşriyyat, oxucu və yazıçı arasında münasibət fəlsəfi, etik və düzgün normalar çərçivəsində qurulmayacaqsa, kitab oxumağa meyl də olmayacaq. Hər kəs kitab yarmakalarında, sərgilərdə kitab almağa gedir. Amma gəlin görək alınan kitablar oxunurmu? Kitab oxuyan gənclərimizə isə diqqət edəndə onların yerli deyil, xarici yazarlara üstünlük verdiyini görürük. Gərək kitab ilk cümləsindən insanı öz əsir altına salsın. Əks halda, gənclərimizə kitab oxutdura bilməyəcəyik. Bu gün yazarlarımız Azərbaycandan olan problemlərdən deyil, azərbaycanlı romanı yazmalıdırlar. Bu gün Avropada problem bir nəfərin yoldan keçərkən digərinə acı şəkildə baxmasıdır. Hətta bu cür mövzularla bağlı dünyanın ən məşhur romanları yazılıb. Lakin bizdə roman yazarkən ailə dramı, faciə, cinayət, xəyanət və digər o qədər ağır məqamlara toxunuruq ki, gənclər belə hadisələrdən yüklənir və oxumaq istəmirlər. Bu gün Azərbaycanda qlobal istiləşmə, Mars haqqında roman yazan yoxdur. Bu gün insanlar Marsa yaşamağa başlayıblar, amma bu haqda heç bir əsər yazılmır”.
Kitab oxumağın psixoloji tərəfləri
Kitab oxumağın psixoloji tərəfləri ilə bağlı danışan psixoloq pedaqoq Zeynəb Eyyubova söyləyib ki, kitab oxumaq insana psixoloji baxımdan təsirsiz ötüşmür. Onun sözlərinə görə, kitab oxuyan istənilən insan oxuduğu kitabda mövcud olan personajlardan birini özünə daha yaxın hesab edir: “Hər kəs oxuduğu əsərdə özünə uyğun problemi də tapa bilir. Bu, əlbəttə ki, həyata baxış bucağını dəyişir. Əgər baxış bucağımız dəyişirsə, bu, hadisəyə olan baxışımızın da dəyişməsi deməkdir. Hazırda psixoloqlar tərəfindən oxumaqla bağlı birgə layihələr həyata keçirilir. Layihələrdə bir qrup insan bərabər kitab oxuyaraq, sonradan oxuduqları haqqında birgə müzakirələr aparılır. Bu cür müzakirələr təfəkkürün açılmasında mühüm rol oynayır. Əgər biz kitab oxuyanla oxumayanı müqayisə etsək, o zaman biz gecə ilə güdüzün arasında olan fərqi olduğunu söyləyə bilərik. Çünki, kitab oxuyanda təfəkkür məntiq, əqidə formalaşır”.
Necə kitab oxuyaq?
Mütəxəssis söyləyib ki, hər kəs özünə uyğun kitabları oxumalıdır: “Melonxalik mənşəli kitablar, insanda bədbinlik yaradan kitablardan uzaq durmaq məsləhətdir. Çünki bu cür kitablar psixoloji cəhətdən zəif olan inbsanlara mənfi təsir göstərə bilər. Hər kəs özü işinə, peşəsinə, xarakterinə, mənimsəmək qabiliyyətinə uyğun kitablar oxumalıdır”.
Mütaliənin tibbi baxımdan əhəmiyyəti
Məsələnin tibbi tərəflərinə gəldikdə terapevtlər kağız kitabın elektron kitablardan sağlamlıq baxımından ziyansız olduğunu bildirirlər. Mütəxxəsislərin fikrincə, elektron kitablar insan sağlamlığı üçün zərərlidir, nəinki kağız kitablar. Planşet və telefon vasitəsilə oxuduğumuz elektron kitablar gözləri və zehni daha çox yorur. Bunun səbəbi də həmin texnologiya vasitələrində olan şuadır. Ancaq kağız kitablarda bu belə deyil. Bununla yanaşı, sıxıntılı vaxtlarda kitab oxumaq insan üçün faydalıdır. Kitab oxumaq həm səbirli olmağı öyrədir, həm də yaddaşı gücləndirir.
NƏTİCƏ !
Bütün deyilənlərdən gəldiyimiz nəticəyə əsasən, kitab oxumaq gözəl məşğuliyyətdir. Kitaba ayırdığınız zaman hədər olmayacq, əksinə sizə yeni şeylər qazandıracaq. Ona görə də sizə bir məsləhətimiz olacaq. Bacardığınız qədər kitab oxuyun!
Bütün xəbərlər Facebook səhifəmizdə