Vətəndaş cəmiyyətinin inkişafına dəstəyin Azərbaycan modeli MƏQALƏ

Vətəndaş cəmiyyətinin inkişafına dəstəyin Azərbaycan modeli MƏQALƏ

Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Heç bir dövlət hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz. Bütün bunlar hər kəsin öz hüququnu bilməsi, özbaşınalıqların baş verməməsi, cəmiyyətdə qanunçuluq rejiminin bərqərar olması üçün çox mühümdür. Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq, hakimiyyətin əsas mənbəyi sayılır. Lakin xalqın iradəsinin ifadəçisi, xalq hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi çıxış edir. Bununla bərabər xalqın bilavasitə öz iradəsini ifadə etmək, ona məxsus olan hakimiyyəti bilavasitə həyata keçirmək hüququ vardır (məsələn, dövlət və ya ictimai həyatın hər hansı bir məsələsi üzrə ümumxalq səsverməsi olan referendum yolu ilə). Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini əməli olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür, cəmiyyət yalnız onun dövlət təşkilatı forması ilə məhdudlaşa bilməz. Cəmiyyətdə dövlət strukturları ilə yanaşı insanların birgə fəaliyyət və başqa birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm təsir göstərir. Söhbət vətəndaş cəmiyyətindən gedir ki, bunlara ictimai qurumların, siyasi partiyaların, həmkarların, yaradıcı birliklərin, dini birliklərin təşkilat və fəaliyyətləri, habelə iqtisadiyyat sahəsi (mülkiyyət, əmək, sahibkarlıq), elm və texnika, təhsil, tərbiyə sahəsi, cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir. “Vətəndaş cəmiyyəti”- dövlətdən asılı olmayan, elə ictimai institutlar və münasibətlər (sosial, mənəvi, mədəni sahələr) sistemidir ki, bunun vasitəsilə insanların həyat fəaliyyəti, onların yaradıcılığı və bunların nəsildən-nəsilə ötürülməsi üçün fərdlərin və kollektivlərin xüsusi maraq və tələbatlarının reallaşmasında lazım olan şərait təmin edilir.

“Ötən illər ərzində Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində mühüm işlər görülüb”

Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Azərbaycan müstəqilik əldə etdikdən sonra digər sahələr kimi hüquq elmi də digər yanaşma tələb etməyə başladı: “Sovet ideologiyasının kölgəsində itib batan hüquq elmi daha çox formal xarakter daşıyırdı. Sözdə hüququn aliliyi dildən düşməsə də, reallıq başqa mənzərini göstərirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sovet buxovundan xilas oldu, xalqımız azadlığın necə şirin nemət olduğunu anladı. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində azad cəmiyyətdə mövcud olan hüquqi norma və qaydaların gündəlik həyatımıza gətirmək istiqmətində əməli işlər görüldü”.

Deputat söyləyib ki, Azərbaycanda ötən illər ərzində aparılan mütərəqqi islahatlar nəticəsində Azərbaycanda da demokratik və hüquqi dövlət quruculuğu sahəsində mühüm işlər görülüb: “Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli hadisə olan, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açan, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaradan 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ölkə həyatının bütün sahələrinin inkişafına təkan verdi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilən bu ümumxalq əhəmiyyətli sənəd dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış edib. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilib”.

“Ümummilli lider qısa zaman kəsiyində qarşıya qoyduğu məqsədlərə nail oldu”

Millət vəkilinin fikirlərinin davam olaraq qeyd edək ki, 1993-cü ildə Ümummilli lider qarşıya qoyduğu vəzifələri bəyan edərkən “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır” söyləməsi təsadüfi deyildi. Ulu Öndər vurğulamışdır ki, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməli, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. 1997-ci ildə “Biz istəyirik ki, dövlətimiz tam demokratik, hüquqi, dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir ”,- deyən Ulu Öndər qarşıya qoyduğu məqsədlərə qısa zaman kəsiyində nail oldu”.

Ümummilli liderin hakimiyyəti dövründə həyata keçirilən tədbirlər milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət təşkilatlarının və müstəqil mətbuatın yaradılması sahəsində atılan mühüm addımlar, çoxpartiyalı sistemin formalaşması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi, mətbuat və informasiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərin götürülməsi, senzuranın ləğvi ölkəmizin beynəlxalq aləmdə demokratik imicini formalaşdıraraq dünya dövlətlərini onunla daha geniş əməkdaşlığa ruhlandırdı.

“Xalq Prezident İlham Əliyevin Konstitusiya islahatlarını dəstəklədi”

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklər edilməsini gündəmə gətirdi. Başqa sözlə, sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər salmağı və onu daha da təkmilləşdirməyi zəruri etdi. Bu məqsədlə 2009-cu il martın 18-də, daha sonra isə 2016-cı ilin sentyabrın 26-da keçirilən referendum demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasına əlavə imkanlar açan konstitusiya islahatlarını Azərbaycan xalqının dəstəklədiyini təsdiq etdi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçildi. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkdi. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi uğurlarla qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür. Cəmiyyət qarşısında məsuliyyət daşıyan, ictimai sərvətin qayğısına qalan, korrupsiyaya qarşı amansız mübarizə aparan Azərbaycan dövlət hakimiyyəti bu gün də hüquqi dövləti daha da gücləndirər, onun qabiliyyətini artırır. Azad, demokratik seçkilər yolu ilə formalaşan dövlət hakimiyyəti vətəndaşlar qarşısında hesabat verir və onların mənafelərini, hüquq və azadlıqlarını qoruyur. Aparılan liberal islahatlar liberal-demokratik dəyərləri və azadlığın gerçəkləşməsinə şərait yaradır. Lakin hüquqi dövlətdə dövlət vətəndaş qarşısında necə məsuliyyət daşımalıdırsa, vətəndaş da dövlət qarşısında eyni məsuliyyəti daşımağa borcludur. İnsan Hüquqları haqqında “Ümumi Bəyannamənin” 29 maddəsində deyilir: “Hər bir insan yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıyır...”.

“Hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti əhəmiyyətli rola malikdir”

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev açıqlamasında söyləyib ki, hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti çox əhəmiyyətli rola malikdir: “Hüquqi dövlət qanunun aliliyini, insan hüquq və azadlıqlarını, hər kəsin qanun və məhkəmələr qarşısında bərabərliyini təmin edir. Hüquqi dövlətin effektiv fəaliyyət göstərməsi onun bərabərhüquqlu tərəfdaşının olması ilə şərtlənir. Belə tərəfdaş kimi isə vətəndaş cəmiyyəti çıxış edir. Vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə dövlətin daha səmərəli fəaliyyət göstərməsinə yardım göstərir, eyni zamanda dövlət maraqları ilə cəmiyyətin və vətəndaşların maraqlarını uzlaşdırır. Beləliklə, cəmiyyətin harmonik inkişafına zəmin yaradır. Vətəndaş cəmiyyəti dövlətin ictimai maraqlara xidmət etməsini təmin etməklə, demokratik idarəçilik prinsipləri, siyasi plüralizm, iqtisadi azadlıqların qorunmasının keşiyində durur. Vətəndaş cəmiyyəti qanunçuluq prinsipinin dövlətin bütün fəaliyyətində hakim olması üçün çalışır, bununla bərabər, vətəndaşların da qanunlara riayət ruhunda tərbiyə olunması üçün fəaliyyət göstərir. Bu isə şübhəsiz ki, hüquqi dövlət quruculuğunun əsas prinsipidir”.
QHT rəsmisi qeyd edib ki, vətəndaş cəmiyyəti institutları bütün mümkün vasitələrlə ictimaiyyətlə əlaqələrini genişləndirməli, daha açıq olmalı, öz fəaliyyətində şəffaflıq prinsiplərinə son dərəcə həssaslıqla yanaşmalıdırlar. Ümumiyyətlə, cəmiyyəti QHT-lərsiz təsəvvür etmək olmaz. QHT-lər bir növ dövlət üzərində arbitr rolunu oynayır, Azərbaycan hakimiyyəti də QHT-lərin cəmiyyət üçün vacibliyini nəzərə alaraq, onların inkişafı istiqamətində mühüm addımlar atır”.

“Azərbaycan dövləti ilə vətəndaş cəmiyyəti institutları arasında sıx əməkdaşlıq mövcuddur”

Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üçün Azərbaycan hökuməti tərəfindən addımlara gəlincə deyə bilərik ki, yerli və xarici QHT-lərə qrantların ayrılması və informasiya dəstəyinin verilməsi məqsədilə Azərbaycan hökuməti 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasını təsis edib və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi Konsepsiyası təsdiq edilib. Dövlət orqanları nəzdində yaradılmış ictimai nəzarət şuralarını, QHT və hökumət təmsilçilərindən formalaşan şəbəkələri və işçi qruplarını da hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığına nümunə göstərmək olar. Digər tərəfdən, ötən müddət ərzində Milli Məclis QHT-lərin fəaliyyəti ilə bağlı bir sıra qanunlar qəbul edib. Hansı ki, bütün bu qanunlar QHT-lərin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılmasına xidmət edir, onların inkişafına təkan verir. Görülən işlərə nəzərən deyə bilərik ki, vətəndaş cəmiyyətinin inkişafına dəstəyin Azərbaycan modeli formalaşıb: dövlət həm donor olaraq vətəndaş cəmiyyəti subyektlərini dövlət quruculuğu prosesinə cəlb edir, həm dövlət büdcəsi hesabına cəmiyyətin inkişafına yönələn müxtəlif və çoxşaxəli layihələrini maliyyələşdirir, həm də mütəmadi olaraq hüquqi müstəvidə islahatlar həyata keçirir.

Nailə Məhərrəmova

Qeyd: Məqalə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Bütün xəbərlər Facebook səhifəmizdə