Gələn ildən dövlət qulluqçularının xidməti fəaliyyətini qiymətləndirmə prosesinə başlanacaq

Gələn ildən dövlət qulluqçularının xidməti fəaliyyətini qiymətləndirmə prosesinə başlanacaq
Gələn ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət qulluqçularının xidməti fəaliyyətini qiymətləndirmə prosesinə başlayacaq. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli məlumat verib. O bildirib ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin əsas məqsədi dövlət qulluqçularının peşəkarlıq bacarıqlarını inkişaf etdirməkdir. Bununla bağlı artıq Dövlət qulluğu haqqında qanuna əlavələr edildiyini deyən qurum rəsmisi vurğulayıb ki, gələn ilin əvvəlindən dövlət orqanları ilə təlimlərə, bu sistemin doğru, düzgün şəkildə tətbiqi ilə bağlı işlərə başlanacaq.

"Xidməti fəaliyyətin qiymətləndirilməsi dörd meyarla həyata keçiriləcək. Xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı işçi ilə dövlət orqanı arasında əmək müqaviləsinin ləğvinə dair məsələni bu sistem özündə nəzərdə tutmayıb. Çünki bizdə eyni zamanda, attestasiya sistemi var. Attestasiya sisteminə əsaslanaraq, dövlət qulluqçusu Attestasiya Komissiyası tərəfindən tutduğu vəzifəyə uyğun hesab olunmadığı halda vəzifəsindən azad oluna bilər. Hər iki sistem hazırda qanunvericilikdə mövcud olduğu üçün xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı verilən yekun qiymət namizədin şəxsi işinə əlavə edilir. Qeyd edim ki, hər iki sistem qanunvericilikdə mövcud olduğu üçün qiymətləndirmənin nəticələrini Attestasiya Komissiyası nəzərə alacaq", - deyə o əlavə edib.

R.Məcidbəyli qeyd edib ki, xidməti fəaliyyətin qiymətləndirilməsi baş çatandan sonra xidməti yüksək qiymətləndirilən işçinin maddi cəhətdən həvəsləndirmək məqsədilə onun motivasiya edilməsi, stimullaşdırılması ilə bağlı əməyinin ödənilməsində qanunvericilikdə xüsusi dəyişikliklər nəzərdə tutulub: "Əmək haqqının artırılması ümumi və sistemli məsələdir. Burada vəzifə maaşından əlavə, əlavə mükafatlandırmalardan söhbət gedir. Bunun qanunvericiliyə gətirilməsi ilə bağlı təkliflər təsdiq edildikdən sonra biz bunun qanunvericilik əsaslarını hazırlayıb müvafiq qaydada təqdim edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə