"Məhərrəm ayı ərəfəsində Komitə tərəfindən kompleks tədbirlər həyata keçirilib"
"Məhərrəm ayı ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən kompleks tədbirlər həyata keçirilib". Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Məhərrəmlik ayının başlanması ilə bağlı SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu günə qədər həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə birlikdə maarifləndirici tədbirlər təşkil olunub: "Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi bu il də tədbirlər planı işlənib hazırlanıb, dini icmalar, din xadimləri, eyni zamanda, dindarlarla da bağlı müvafiq işlər görülüb. Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə uyğun keçirilməsinə çalışırıq. Bildiyiniz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəmlik ayı ilə bağlı verdiyi Fətvada da Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyi bildirilib. Əzadarlıq məclisləri ictimai asayişə mane olmadan yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli, sinə açmaq, zəncir vurmaqla qan çıxarmaq kimi hərəkətlərə yol vermək olmaz. Təbii ki, müqəddəs məkanlarda Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Qafqaz Müsəlmanları İdarəsinin fətvasında göstərilən tövsiyələrə əməl olunmalıdır".
S.Heydərov Aşura gününün dərs vaxtına təsadüf etdiyini bildirərək məktəblilərin bu mərasimə qatılmasının məqbul hesab edilmədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə, eləcə də "Təhsil haqqında" qanunun tələblərinə əməl edilməlidir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB