Meksika qəzeti Azərbaycan səfirliyinin məktubunu dərc edib

Meksika qəzeti Azərbaycan səfirliyinin məktubunu dərc edib

Meksikanın ən oxunan qəzetlərindən olan “El Universal”da Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun həmin qəzetdə bir neçə gün əvvəl çap olunmuş “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləyə cavab məktubu dərc edilib.

AZƏRTAC xəbər verir ki, məktubda diplomat Meksikanın üç deputatının ölkəmizin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfərindən sonra bu ölkənin mediasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə marağının artmasına səbəb olduğunu qeyd edir. O, bu insidentin münaqişələrlə bağlı faktlar, həmçinin mövcud olan real vəziyyət barədə məlumatlı olmanın nə qədər mühüm olduğunu bir daha sübut etdiyini bildirir. “El Universal” qəzetinin bu hadisəni işıqlandıran KİV-dən biri olduğu qeyd edilərək, eyni zamanda, bu mövzu ilə bağlı məqalələrdən biri olan Qabriel Moysenin “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləsində bir sıra faktoloji səhvlərin yer aldığı deyilir, onlarla bağlı aydınlıq gətirilməsi niyyəti izhar edilir.

Diplomat qeyd olunmuş məqalədə BMT-nin münaqişə ilə bağlı məlum dörd qətnaməsinin adının çəkilmədiyini bildirir və bu sənədlərin münaqişənin təbiətini açıq aydın nümayiş etdirdiyini, bunun bir ölkənin öz qonşusuna qarşı təcavüz və ərazi iddiaları olduğunu diqqətə çatdırır. Bu qətnamələrin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb etdiyini, onların ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təsdiqlədiyini vurğulayır. Həmçinin Avropa İnsan Hüquqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə qərarı xatırladılaraq, həmin qərarda işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejimin tam olaraq Ermənistanın dəstəyi və nəzarəti altında fəaliyyət göstərdiyi vurğulanır.

Qabriel Moysesin məqaləsində qeyd edilməyən digər vacib məqamın Ermənistanın Azərbaycanın yalnız Dağlıq Qarabağ regionunu deyil, bundan əlavə digər yeddi rayonunu, beləliklə, ölkə ərazisinin 20 faizini işğal etməsi və bu təcavüz nəticəsində bir milyona qədər, - ölkə əhalisinin 10 faizindən çoxu, - həmvətənimizin etnik təmizləmələrə məruz qalması, onların iyirmi ildən artıqdır ki, öz doğma yurdlarına qayıtmalarını gözləməsi olduğu oxucuların diqqətinə çatdırılır.

Məqalədə adı çəkilən qondarma referenduma gəldikdə, onun həm ölkə konstitusiyası, həm də beynəlxalq hüququn normalarına zidd olaraq, həmçinin regionun Azərbaycan əhalisi iştirak etmədən keçirildiyi deyilir.

Bildirilir ki, Azərbaycanın əzəli torpaqları və mədəniyyət beşiyi olan Qarabağ regionu 1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə də daxil idi. Bolşevik təcavüzü və Sovet Sosialist Respublikalarının yaradılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam edirdi. Erməni mənbələrinin guya İosif Stalinin Dağlıq Qarabağı Azərbaycana verməsi barədə yalançı fikirlərinə cavab olaraq 1921-ci il iyulun 5-də Kommunist Partiyasının Qafqaz Bürosu tərəfindən Qarabağ regionunun Azərbaycan ərazisində qalması qərarının qəbul edildiyi, bu sənədlə açıq mənbələrdə tanış olmağın mümkün olduğu bildirilir. Eyni zamanda, tarixin sonradan göstərdiyi kimi, eyni qərarla Azərbaycanda Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı “saat bombasının” qurulduğu deyilir.

Qeyd olunur ki, müəllifin münaqişədən yazarkən Azərbaycan və Ermənistan əhalisinin dini mənsubiyyətindən söz açması təəccüb doğurur, belə ki bu münaqişənin dinə heç bir aidiyyəti yoxdur. Azərbaycanın müxtəlif din və mədəniyyətlərin min illərlə heç bir ayrı-seçkiliyə məruz qalmadan sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir məkan olduğu vurğulanır.

Azərbaycan nümayəndəsi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətləri, həmçinin Avropanı və Asiyanı birləşdirən ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin uğurla həyata keçirildiyini, habelə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının sürətlə irəlilədiyini qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələrin daha sıx regional əməkdaşlığa, minlərlə yeni iş yerinin açılmasına səbəb olduğunu diqqətə çatdırır.

Azərbaycan və Meksika arasında münasibətlərin dostluq və tərəfdaşlıq ruhunda davam etdiyini, bir sıra sahələrdə əməkdaşlığın həyata keçirildiyini, həmçinin iki ölkənin Bakı və Mexikoda səfirliklərinin fəal çalışdığı qeyd olunur.

Sonda vurğulanır ki, münaqişə ilə bağlı hazırkı status-kvo, Azərbaycan torpaqlarının işğalı regionda sülhə, təhlükəsizliyə ən böyük təhlükə, münaqişənin region ölkələri və xalqları üçün faydalı olacaq həlli qarşısında ən böyük əngəl olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə