Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DMX-nin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, F.Nəbiyev BP şirkətinin nümayəndələri ilə əvvəllər keçirilmiş görüşlərini xatırladaraq aparılmış müzakirələrin mövcud problemlərin həlli istiqamətində müstəsna rol oynadığını vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə şirkətlə mövcud əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, milliləşmə siyasəti ilə bağlı əldə olunan nəticələrə toxunulub. Bu əməkdaşlıq sayəsində ötən illər ərzində BP-də çalışan Azərbaycan vətəndaşlarının sayının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb.
Xidmət rəisi qanunvericilik çərçivəsində şirkətə mümkün dəstəyin verildiyini və gələcəkdə BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayının daha da artacağına ümidvar olduğunu bildirib. Bu tendensiyanın illik planlara uyğun olaraq davam etməsinin zəruriliyini vurğulayan Xidmət rəisi bu prosesə diqqət yetirilməsini məmnunluq hissi ilə qeyd edib. F.Nəbiyev razılıq hissi ilə deyib ki, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə öz töhfəsini verməkdədir.
Qordon Birrel BP-nin əməliyyatları çərçivəsində Azərbaycanın ən önəmli ölkə olduğunu və dünyada baş verən iqtisadi böhranın respublikamızda neft sahəsində həyata keçirilən layihələrə təsirinin olmadığını bildirib. Hazırda tutduğu vəzifədə fəaliyyətinin başa çatdığını deyən Q.Birrel BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsinə yeni təyin olunan Gerri Consu təqdim edib.
Firudin Nəbiyev yeni təyinatı münasibətilə G.Consu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
G.Cons fəaliyyəti dövründə mövcud əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.




USD
EUR
GBP
RUB