Daşkəsəndə ötən ilin yekunları müzakirə olunub FOTOLAR

Daşkəsəndə ötən ilin yekunları müzakirə olunub FOTOLAR

Bu gün Daşkəsən rayonunda 2016-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Daşkəsən rayonundan Milli Məclisə deputat seçilmiş millət vəkili Kamran Bayramov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncaq iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, sonra Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında yığıncaq öz işinə başlayıb. Daşkəsən RİH-nin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib. O məruzəsində deyib:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Hamının gözlədiyi bu yeni təyinat nəinki Azərbaycanda, dünyada yaşayan milyonlarla soydaşlarımızın ürəyincə olmuş, ölkəmizə mühüm tarixi bir hadisənin sevincini yaşadır. İnanırıq ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi, hörmətli Prezidentimiz cənab İlham Əliyevin ən yaxın silahdaşı olacaq, dövlətimizin, vətənimizin inkişafı üçün çox böyük işlər görəcək və gələcəkdə ən yüksək qələbələr əldə etmək üçün şərəfli töhfələr verəcəkdir.

İcra başçısı qeyd edib ki, Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2016-cı ildə bir çox uğurlu işlər və nailiyyətlər əldə olunub: "2016-cı ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 2,9 faiz çox olmuşdur. Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir. Ümumilikdə rayon üzrə 2016-cı ildə 877 daimi olmaqla, 972 yeni iş yeri açılmışdır. 2016-cı il ərzində 500 nəfər rayon ərazisində mövsümü təmir-tikinti işlərinə cəlb edilmişdir. Cari ildə də rayonda müxtəlif qurumlarda olan 142 müvəqqəti iş yerləri saxlanılaraq vaxtı uzadılmış və əlavə olaraq 9 yeni iş yerləri açılmışdır. Hesabat ilində rayonda əhalinin sayı əvvəlki ilə nisbətən 382 nəfər artaraq 34 min 808 nəfər olmuşdur".

Ə.Abıyev bildirib ki, Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3540 nəfər) və 321 məcburi köçkün ailəsi (976 nəfər) yerləşir: "Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir. 2016-cı ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 98,4 faiz, xərclər üzrə 94,4 faiz yerinə yetirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ qəsəbəsində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 2 fərdi yaşayış evinin tikintisinə başlanılmış və hazırda həmin obyektlərdə tikinti işləri davam etdirilir".

Rayon İH başçısı qeyd edib ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır: "Bildiyiniz kimi gələn il Daşkəsən səhərinin salınmasının 70 illiyi tamam olur. Bununla bağlı müvafiq kompleks tədbirlər planı işlənib hazırlanmalı və hazırlıq işləri görülməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanın təmin edilməsi, bu istiqamətdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, həyata keçirilən işlərin vəziyyətinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 31 mart 2016-cı il tarixli 26 nömrəli sərəncamının icrası ilə əlaqədar işçi qrupunun iştirakı ilə Daşkəsən rayonunda 24 iyun 2016-cı il tarixdə yığıncaq keçirilmişdir. Yığıncaqda işçi qrupuna yığıncaq iştirakçıları tərəfindən bir sıra təkliflər verilmişdir".

Ə.Abıyev çıxışına davam edərək bildirib ki, hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət daha da artırılıb. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları ardıcıl olaraq təşkil edilib, çoxsaylı açıq qəbul günləri keçirilib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına vətəndaşlardan daxil olmuş hər bir müraciət, ərizə və şikayət diqqətlə öyrənilib, həmin məsələlər obyektiv araşdırılıb, ərizə və şikayətləri doğuran səbəblər hərtərəfli təhlil olunub, vətəndaşlara aidiyyəti üzrə cavablar verilib. Ərizə və şikayətlərə baxılmasına diqqətin nəticəsi olaraq Daşkəsən rayonundan Prezident Administrasiyasına daxil olan ərizə və şikayətlərin sayı xeyli azalıb".

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının nitqindən sonra məruzə ətrafında Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev çıxış edib, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar.

Çıxışlardan sonra açıq mikrafon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənilib, tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

2016-cı il ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında fərqlənmiş bir qrup şəxslər Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə