Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə hakim Əfqan Hacıyevin sədrliyi ilə növbəti məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, məhəkəmə prosesində sənədlərin tədqiqi davam etdirilib. Prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova və hakim Əfqan Hacıyev arasında mübahisə baş verib. Hakim vəkilin özünə aid olmayan məsələlərə müdaxilə etməsinə irad bildirib. Həmçinin işdə olan bəzi sənədlərdə vəkilin imzasının olmaması mübahisəyə səbəb olub.
Təqsirləndirilən Q.Novruzovun vəkili Nüşabə Ağayeva qeyd edib ki, cinayətə cəlb etmə qərarında müdafiəçinin imzası yoxdur. Sonra hadisə yerinə baxış protokolları elan olunub. Sənədlərdə iki nəfər hal şahidinin olduğu göstərilib.
Növbəti məhkəmə prosesi 1 dekbar 10:00-da keçiriləcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB