Orqan bağışlamaq, yoxsa həyat vermək? ARAŞDIRMA

Qurani-Kərimin Maidə surəsinin 32-ci ayəsində deyilir ki, "Bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır". Artıq tibbin inkişafı nəticəsində bir çox insanlar başqasına həyat verə bilirlər. Burada söhbət orqan bağışlanmasından gedir. Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir. Əslində bu məsələ bir sıra inkişaf etmiş ölkələrdə normal qəbul olunur.

Çox təəssüf ki, bu sahə Azərbaycanda inkişaf etməyib və hələ də vətəndaşlarımız orqan köçürülməsi üçün xarici ölkələrə üz tuturlar. Bəs nəyə görə, ölkəmizdə insanlar bu cür addım atmağa risk etmirlər? Bu məsələni hüquqi cəhətdən tənzimləyən mexanizmlərimiz varmı? İstənilən şəxs orqanını bağışlaya bilərmi? SİA bu suallara cavab tapmağa çalışıb.

"Orqanların köçürülməsi "Transplantasiya haqqında" qanunla tənzimlənir"

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev söyləyib ki, Azərbaycanda orqanların köçürülməsi məsələsi "Transplantasiya haqqında" qanunla tənzimlənir: "Ümumiyyətlə, orqan bağışlanması bütün dünya ölkələrində geniş yayılıb. Bu, tibbin ən son nailiyyətlərindən biridir. İnsan həyatını xilas etmək, ömrü uzatmaq üçün bəzi sıradan çıxmış, bərpa edilməsi mümkün olmayan orqanları vəfat etmiş şəxsin orqanı ilə əvəz edirlər. Orqan transplantasiyasının 80 faizi meyitdən köçürülənlər hesabına həyata keçirilir. Təəssüf ki, Azərbaycanda bu iş qurulmadığına görə, orqan köçürülməsi yalnız sağlam insandan həyata keçirilir ki, bura əsasən, böyrək, qaraciyərin və sümük iliyinin köçürülməsi daxildir. Dünyasını dəyişən şəxsdən isə orqan köçürüldüyü zaman ürək, göz, boyun qişasını da köçürmək mümkündür. Orqan bağışlanması ilə bağlı Azərbaycanda hüquq müstəvidə heç bir problem yoxdur. İstənilən şəxs notariat kontorlarına müraciət edərək orqanlarını ehtiyacı olan şəxsə vəsiyyət edə bilər. Əgər vəsiyyətnamə yoxdursa, o zaman həmin şəxs öldükdən sonra onun hüququ varislərinin razılığı ilə ölən şəxsin orqanları kiməsə köçürülə bilər. Amma burada həmin şəxsin sağlamlığı, yaş həddi, müəyyən xəstəliklər keçirib-keçirmədiyi aydınlaşdırılmalıdır. Yalnız yararlı olduqda istənilən orqan başqa birinə köçürülə bilər. Bundan ötrü Azərbaycanda beyin ölümünün kriteriyaları müəyyənləşməlidir ki, hazırda bu yoxdur. Bunun üçün ya xüsusi xəstəxana ayrılmalı, ya da mövcud xəstəxanaların bir şöbəsi bu iş üzrə ixtisaslaşmalı və komissiya yaradılmalıdır. Komissiyanın tərkibinə savadlı həkimlər, hüquqşünaslar, həmkarlar ittifaqının, eləcə də QHT nümayəndələri cəlb olunur. Komissiya həyatını dəyişməmiş onun yenidən sağalma imkanları olduğu halda orqanın alqı-satqısının qarşısını almaqdan ibarətdir. Çox təəssüf ki, dünya təcrübəsində insan tam şəkildə dünyasının dəyişməmiş, ona beyin ölümü diaqnozu qoymaqla orqan köçürmə əməliyyatı keçirirlər. Qanunvericiliyə əsasən bu cür halların qarşısını almaq üçün məsələ ilə bir nəfər deyil, beynin ölümünü müəyyən edən həkim, hüquqşünas, ictimaiyyət nümayəndələri, din xadimlərindən ibarət komissiya məşğul olmalıdır. Amma Azərbaycanda hələlik yalnız canlı insandan digərinə orqan köçürülür. Beyin öldükdən qısa müddət sonra o biri orqanların ya fəaliyyəti tamamilə ölür, ya da başqa mərhələyə keçir ki, bu da köçürülməyə yararsız olur. Buna görə də orqan qısa müddət ərzində köçürülməsi, ya da başqa bir klinikaya aparılması sistem halında həyata keçirilməlidir. Bunun üçün Azərbaycanda sistem qurulmalıdır. Bu, icbari tibbi sığortaya bağlı məsələ olduğu üçün hələlik həlli tapılmır. Orqan köçürmə bahalı əməliyyatlardan sayılır. Hər bir vətəndaşın bunu etməyə gücü çatmır. Dövlət büdcəsi hesabına etmək mümkün olmadığı üçün icbari sığorta məsələsi işə düşdükdən sonra bu məsələlər qısa müddətdə öz həllini tapacaq".

"Orqan köçürülməsi zamanı müxtəlif problemlər də yarana bilir"

Cərrah Fuad Nəzərov söylədi ki, hər kəs orqan bağışlaya bilməz: "İnsan öz orqanını kiməsə verməmişdən əvvəl mütləq şəkildə ümumi müayinələrdən keçməlidir. Orqanını başqasına verən insanın həm yaş həddi, həm də sağlamlığı buna imkan verməlidir. Donorla yanaşı, orqan köçürüləcək şəxs də bu əməliyyata tam hazır olmalıdır. Qarşı tərəfin orqanlarının parametrləri orqanını verənlə üst-üstə düşməlidir. Bundan əlavə, orqan köçürülməsi ilə xüsusi komissiya məşğul olmalıdır ki, həmin komissiyaya cərrah, nevropatoloq, hüquqşünas, psixoloq və digər müstəqil ekspertlər cəlb edilməlidir. Yalnız həmin komissiyanın qərarı ilə bir şəxsin orqanı digərinə köçürülə bilər. Əgər bir şəxs ölüm ayağındadırsa, o zaman bağışlanma müqaviləsi imzalaması üçün hüquqşünas dəvət olunmalıdır. Orqan köçürülməsi zamanı müxtəlif problemlər də yarana bilir. Orqanizm köçürülən zaman əks reaksiyalar ola bilər. Bəzən belə əməliyyatlar zamanı müxtəlif allergik reaksiyalar və ya digər orqanizmlərin parametrlərinin üst-üstə düşmədiyi meydana çıxır. Bəzən insanların psixoloji durumlarının dəyişməsi nəticəsində də problemlər meydana gələ bilir. Əvvəlcə əməliyyata razılıq verməsinə baxmayaraq, sonradan başqasının orqanının ona köçürülməsini qəbul etməyən şəxslərə də rast gəlinir. Belə hallarla qarşılaşdıqda, onlara fərdi yanaşılmalı, problemlərin aradan qaldırılması üçün zəruri addımlar atılmalıdır".

"Orqan satmaq mənfur əməllərdən hesab edilir"

Dinşünas alim Hacı Teymur Quliyev məsələnin dini tərəflərindən danışaraq deyib ki, dini baxımdan vacib hallarda orqan köçürülməsi günah sayılmır: "Dini baxımdan bunu yalnız həyatını itirmiş insandan götürmək olar. Amma bundan sui-istifadə etmək günahdır. İnsan bədəni avtomobil deyil ki, onun hissələrini satasan. Orqan satmaq mənfur əməllərdən hesab edilir. Ümumiyyətlə, orqan bağışlamaq işində ehtiyatlı olmaq lazımdır. Bəzən insanlar müəyyən təsir altına düşərək öz orqanlarını satmaq istəyirlər. Bu, yolverilməzdir. Hər kəs öz orqanına qayğı ilə yanaşmalıdır. Çünki insana orqanı Allah verib. Tanrının bizə bəxş etdiyi hər şey əmanətdir. Biz bu əmanəti kiməsə bağışlayanda da diqqətli olmalıyıq. Orqan bağışlamaq yalnız könüllü şəkildə həyata keçirilməlidir".

"Orqan alveri ilə məşğul olanları həbs gözləyir"

Orqan köçürülməsinin hüququ tərəfləri haqqında məlumat verən hüquq müdafiəçisi Səməd Vəkilov qeyd etdi ki, Azərbaycanda insan orqanı və toxumaları ilə bağlı bir sıra normativ aktlar mövcuddur: "Bunlara İnsan orqanı və transplantasiyası haqqında" qanun, Nazirlər Kabinetinin "Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı", "İnsan orqanı və toxumaların transplantasiya qaydaları və şərtləri", "İnsan orqanı və toxumaların transplantasiyasını həyata keçirən ixtisaslaşmış tibb müəssisələrinin siyahısı daxildir. Burada həm transplantasiya olunacaq orqanların siyahısı müəyyən edilməklə yanaşı, eyni zamanda hansı ixtisaslaşmış tibb müəssisələrin siyahısı da qanunvericiliklə müəyyən edilib. Belə əməliyyatları istənilən tibb müəssisəsində həyata keçirmək olmaz. İstənilən şəxs orqanını yaxın qohumuna bağışlaya bilər. Amma bütün bunlar yuxarıdakı qaydalar əsasında həyata keçirilməlidir.

Orqan alqı-satqısı ilə məşğul olanlar azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 137 maddəsinə əsasən, insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan əlavə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əməliyyatlar cərrahlar tərəfindən həyata keçirildiyi üçün onlara alternativ cəza da tətbiq oluna bilir. Alternativ cəzaya həmin həkimlərin fəaliyyətinə son qoyulması daxildir. Orqan bağışlanması məsələsinin insan alverinə çevrilməməsi üçün Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi bu məsələləri diqqətdə saxlamalıdır".

"Daha çox riski sevən insanlar orqanını bağışlamağa meyilli olur"

Məsələnin psixoloji tərəfi haqqında danışan Ümumrusiya Peşəkar Psixoterapevtlər Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirdi ki, xarakter olaraq eqoist olan insanlar bu cür hallara qarşı neqativ yanaşırlar: "Öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, sağlam düşüncəli insana bu sualı verəndə düşünmədən spantan (birbaşa) şəkildə "heç vaxt" cavabını alırıq. Bu da onların həyatlarına necə həssas yanaşdıqlarının göstəricisidir. Hətta ehtiyacı olan insan onun əzizi olsa belə. Ancaq hər zaman göstərişi sevən, yəni alturizt insanlar, daim yaxşılıq etməyə meyilli olanlar bu halı tam olaraq normal qarşılayırlar. Apatik (bivec) insanlarda bu halı sağlam qarşılamayan insanlar arasındadır. Ancaq fleqmatik soyuqqanlı tempramentə malik insanlar orqanı bağışlayan insanlara əqli cəhətdən geri qalmış insan kimi baxırlar. Orqanını bağışlamaq istəyən insanlar öncədən psixoloji hazır olmalıdırlar. Gərginlikdən, stressdən qəti surətdə uzaq olmalıdırlar. Bundan əlavə, həmin insanlara qınaq obyekti kimi yanaşmaq olmaz, əks təqdirdə etdiyi hərəkətə görə sarsıntı yaşaya bilər və bu da əməliyyatdan sonra digər problemlərin yaranmasına gətirib çıxarar. Daha çox riski sevən insanlar orqanını bağışlamağa meyilli olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə