“Həvəskar balıqçılar”ın “qızıl balıq” sevdası

Bir el məsəli var, yalançılığın ömrü az olar. Bu "ömür" heç 40 günə də yetmir. Bu misalı çəkməyim səbəbsiz deyil. Jurnalist fəaliyyətim boyu çoxlu hadisələrlə rastlaşmışam, haqlını da, haqsızı da, doğrunu da, yalanı da görmüşəm. Hərəsinin öz arqumenti olub. Amma əlahəzrət həqiqət ortaya çıxanda hər kəs öz payını götürüb, nəticə ilə razılaşmaq zorunda qalıb.

... Eşitdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində İctimai Şuranın iclası olacaq. Jurnalist marağım, son vaxtlar bütün dövlət qurumlarında yaradılmış ictimai şuraların fəaliyyəti ilə əyani şəkildə tanış olmaq istəyim məni bu iclasa çəkib apardı. Müxtəlif məsələlər müzakirəyə çıxarılmışdı. Şura üzvləri ilə nazirlik rəsmiləri arasında o qədər maraqlı diskussiyalar baş verdi ki, doğrusu dövlət-cəmiyyət münasibətlərinin belə anlaşıqlı şəkildə təzahür edəcəyini gözləmirdim. Amma...

"Əmma"sı da budur ki, sən demə belə münasibətlərdən, nazirliklə QHT sektoru arasında yaşanan sağlam münasibətlərdən öz xeyirləri üçün istifadə etmək istəyənlər də yox deyilmiş. Bəli, müzakirə olunan məsələlərdən biri də özlərini "həvəskar balıqçılar" adlandıranların bizneslərini qurmaq məqsədi idi.

Hörmətli oxucular soruşa bilər ki, həvəskar balıqçılar cəmiyyəti hara, biznes hara. Bunlar axı başqa-başqa şeylərdir. Amma çifayda, sən saydığını say, gör "həvəskar balıqçılar" nə sayır.

İşə bax, "həvəskar balıqçılar" dönüb birdən-birə kommersant olub. Özlərini də elə təqdim edirlər ki, guya onların məqsədlərindən kimsənin xəbəri olmayacaq. Əslində Nazirliyin bu sahəyə cavabdeh olan qurumu neçə illərdir ki, təbii su hövzələrinin qorunması, ana balıq yetişdirilməsi, onların qorunması, artırılması və təbiətə buraxılması sahəsində əsl mücadilə aparır. Başqa çıxış yolu da yoxdur. Əgər Nazirliyin sərt tədbirləri olmasa idi yəqin ki, yaxın zamanlarda balıq üzünə həsrət qala bilərdik. Ona görə də balıqçılıqla, qorunan su hövzələri ilə bağlı məsələlərə Nazirliyin həssaslıqla yanaşmasını başa düşmək o qədər də çətin olmaz.

Qayıdaq İctimai Şuranın iclasına. Molla Nəsrəddin demiş, heç demə neçə vaxtdır "dava yorğan davasıymış". Niyə belə deyirəm? "Həvəskar balıqçılar" adlanan bir qrupun anormal müraciəti ondan ibarətdir ki, ictimai təşkilat kimi ictimai nəzarətlə məşğul olan şəxslər həvəskar balıqçılar adlı MMC, yəni biznes qurumu yaradıblar. Bunların müraciətinin mahiyyətində nə dayanır? Detallara fikir verək. Deməli "həvəskar balıqçılar" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mətləbə dəxli olmayan, nazirliyin belə səlahiyyətində olmayan bir məsələ ilə bağlı müraciət edirlər.

Əvvəla "həvəskarlar"ın ələ keçirmək istədikləri ərazilər dövlətin balansında olan torpaqlardır. Bu səlahiyyət də yalnız Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əlindədir. Bu qurum da min bir əziyyətlə qorunub saxlanmış təbiət incisinin təcrübə-biznes sahəsinə çevrilməsinə, kiminsə cibini və qarnını doyurmaq üçün istifadə etməsinə əsla yol verməz.

"Həvəskarlar" məsələni müzakirəyə çıxarmaqla ictimai dəstək qazanmağı düşündükləri, bununla da 1000 hektar sahəni ələ keçirməyi hədəflədikləri halda, Nazirlik bu müzakirələrdə iştirak etməklə əsl həqiqəti ortaya qoydu, bu "balıqçıların" iç üzünü açmaqla onları ifşa etdi, özlərini hüquqşünas, maliyyəçi, ekoloq, balıqçı hesab edən Məhdud Məsuliyyətli Cəmiyyət üzvlərinin əsl niyyətini hamı başa düşdü.

Hörmətli oxucular "Həvəskar balıqçılar" MMC-nin üzvlərinin savadsız olduğunu düşünməsin. Onlar nə etdiklərini çox gözəl bilirlər. Hansı addımın atılmasını da yaxşı hesablayıblar. Amma Ataların bir gözəl məsəli var, "Qızıl quş dimdiyindən tora düşər". "Həvəskar balıqçılar" da qazanacaqları pulun cingiltisindən bihuş olub özlərini "ələ verdilər". Elə bildilər ki, İctimai Şuranın üzvləri, Nazirliyin rəsmiləri onların təklif və istəklərinin astarını çevirib baxmayacaqlar. Sandıq açıldı, astar da cırıldı, niyyətlər yerə töküldü.

Tədbirdə maraqlı bir hadisəyə də şahidlik etdim. "Həvəskarlar"ın rəhbəri çıxış üçün söz alan sadə bir balıqçının haqlı iradına sərt şəkiıldə cavab verdi. Balıqçı dedi ki, bunlar özbaşına reydlər keçirir, bizi daim şantaj edirlər. Bizə deyirlər ki, balıq tutmaq üçün onlardan icazə alınmalıdı, əks təqdirdə balıqçı vasitələrini müsadirə edəcəklər. "Həvəskarların"rəhbəri buna reaksiya verərək əlavə etdi ki, balıqçı ilə söhbətini videolentə alıb. Təbii ki, İctimai Şura üzvləri buna qəti etiraz etdilər və "Həvəskarlar"ın rəhbərinə bunun şantaj olduğunu bildirdilər. "Əgər sizin başqa məqsədiniz yoxdursa, brakonyerlik hadisəsi ilə bağlı çəkdiklərinizi niyə polisə təqdim etməmisiz?"-sualına MMC rəhbəri cavab verə bilmədi. Maraqlıdır, bu təşkilata heç bir səlahiyyət verilmədiyi təqdirdə, bunlar hansı haqla sadə balıqçıları hədələməklə, onlara qarşı inzibati üsullarla təzyiq göstərməklə, bir sözlə şantajla məşğul olurlar? Yox əgər bu şantaj deyilsə, onda həqiqətən çəkilənlər niyə hüquq-mühafizə orqanlarına verilmir? Şuranın iclasına "həvəskarların" brakonyer adlandırdıqları balıqçıların dəvət olunmasının səbəbi də bu idi və onların da deməyə sözü vardı.

Gec deyil, hələ səmimiyyətini saxlayan insanların (həm də ETSN-nin rəhbərliyinin, orada yaradılan İctimai Ekoloji Şuranın üzvlərinin) köməyi ilə gələcəyimizi bu pul hərislərindən, hisslərimizlə oynayaraq cib doldurmaq istəyən "mədəni" alverçilərdən təmizləyə bilərik. İştirak etdiyim İctimai Şuranın iclasında da məhz bu məsələyə birdəfəlik nöqtə qoyuldu.

Bütün xəbərlər Facebook səhifəmizdə