Gənclər Ali Baş Komandanın əmrini gözləyir! FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Azərbaycan Texniki Universitetin nəzdində Bakı Texniki Kollecin birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib. SİA xəbər verir ki, tədbir Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində şəhid olan hərbiçilərimizin və mülki şəxslərin xatirəsini yad etmək və ordumuza dəstək nümayiş etdirmək məqsədilə təşkil olunub.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan, kollecin məzunu olmuş Orxan Əliyevin və digər şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Bakı Texniki Kollecin direktoru Fərrux Məmmədov, YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov, kollecin tələbələrindən Vüsal Məmmədzadə, Hüseyn Cəfərli, Məsumə Əliyeva, Gülnar Hüseynova və başqaları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son günlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından söhbət açıblar.

Ermənilərin növbəti təxribatının qarşısının ordumuz tərəfindən qəhrəmanlıqla alındığı və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, böyük zəfər qazanıldığı bildirilib. Qeyd olunub ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır, lakin ərazi bütövlüyünün bərpası üçün hərbi vasitələrdən istifadə etməyə də hazırdır.

Gənclər də hər an Azərbaycan əsgərinin yanında olduqlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı əmr verərsə, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda YAP Nizami rayon təşkilatının ictimai həyatında göstərdikləri fəallıqlarına görə bir qrup gənc təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...