"Con Kerridə bir balaca ədalət hissi olsaydı..."

"Con Kerridə bir balaca ədalət hissi olsaydı..."

"Azərbaycanın müstəqilliyinin ildən-ilə möhkəmlənməsi, ictimai nüfuzunun artması, iqtisadi potensialının güclənməsi, təəssüflər olsun ki, bəzi dairələri daim qıcıqlandırır və narahat edir". SİA-nın verdiyi məlumata görə, bu sözləri milli.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

"Azərbaycanın müstəqil siyasətini həzm etməyən müəyyən siyasi dairələr, beynəlxalq güclər, Azərbaycanı daim özünün iqtisadi və siyasi asılılığı altında saxlamağa cəhd edən qüvvələr yeni şər kampaniyasına başlayıblar. Ölkəmizin Avropa tarixində yeni imzası olacaq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dostlarımızı sevindirdiyi kimi, bədxahları da narahat edir, ölkəmizə və xalqımıza qarşı şər kampaniyası başlamağa vadar edir", - o əlavə edib.

Millət vəkili təəssüf hissi ilə bildirib ki, bu kampaniyaya Amerika Dövlət Departamentinin müəyyən şöbələri də qoşulublar və Azərbaycana qarşı həqiqətə uyğun olmayan informasiyalar yayırlar. Azərbaycanı "insan haqlarının pozulması", "məhdudlaşdırılması" və s. kimi cəfəng iddialarla suçlayırlar. Bunların əsas məqsədi Azərbaycanı daim özlərindən asılı etməkdir.

"Con Kerri və onun əlaltıları Azərbaycan həqiqətlərini bildikləri halda utanmadan, riyakarcasına bu həqiqətləri təhrif edərək, Azərbaycanda guya insan haqlarının pozulması, demokratiyanın lazımi səviyyədə olmaması kimi iddialarla çıxış edirlər", - millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan xalqı onu istəyən və istəməyən qüvvələri yaxşı tanıyır: "Əgər həmin o Con Kerridə bir balaca ədalət hissi olsaydı, 907-ci düzəlişin hansı səbəbdən qəbul olunduğunu və indiyə qədər niyə aradan qaldırılmadığını bəyan edərdi. Azərbaycan ərazisi işğal olundu, azərbaycanlılar Xocalıda və digər rayonlarda qətliama məruz qaldılar, bir milyona yaxın əhali qaçqın və məcburi köçkün oldu, əvəzində isə ABŞ dövlət departamenti və senatı tərəfindən cəzalandırılan da Azərbaycan oldu. Azərbaycana qarşı təzyiq vasitəsi olaraq 907-ci düzəlişi ortaya atdılar və zaman-zaman öz maraqlarını yerinə yetirməkdən ötrü ölkəmizə qarşı kampaniyalara başlayıblar".

Musa Quliyev deyib ki, Kerri və onun ətrafı Amerikada yaşayan erməni diasporunun maliyyə dəstəyindən yararlanaraq onların lobbiçiliyini həyata keçirirlər: "Hesab edirəm ki, bu, Amerika dövlətinin siyasəti deyil. ABŞ-ın siyasəti Azərbaycanla aydındır və həmişə istənilən səviyyədə - terrorla mübarizədə, demokratiyanın təntənəsində, iqtisadi münasibətlərin qurulmasında həmişə iki ölkə arasında uğurlu münasibətlər olub və bundan sonra da davam edəcək. Amma müəyyən qüvvələrın, hətta ABŞ Dövlət Departamenti səviyyəsində erməni diasporuna satılanların bəd niyyətləri gec-tez ifşa olunacaq".

Musa Quliyev bildirib ki, Avropa oyunlarından əvvəl "Eurovison" müsabiqəsində də eyni insanlar başqa qiyafədə Azərbaycana qarşı çıxış eləməyə başlamışdılar. Ancaq ölkəmizə qarşı aparılan bu kampaniyaların hamısı uğursuzluqla nəticələnib.

"Avropa Oyunları Azərbaycanın dünyaya yeni bir təqdimatıdır. Azərbaycan mədəniyyətinin, turizm potensialının, sosial-iqtisadi inkişafının və ölkəmizdə insan haqlarının vəziyyətinin bir daha dünyaya nümayişidir. Avropa Oyunlarında ölkəmizə gələcək minlərlə insan Azərbaycan həqiqətlərini görəcək və dünyanın müxtəlif ölkələrinə paylaşacaq", - o qeyd edib.

Con Kerri və başqalarının gəldi-gedər olduğunu bildirən millət vəkili əlavə edib ki, Azərbaycan və xalqımız qalacaq. Xalqımıza qarşı şər kampaniyası isə "it hürər, karvan keçərdən" başqa bir şey olmayacaq.

"Əsas odur ki, Azərbaycan xalqı öz dövlətinin, öz iqtidarının, öz prezidentinin yanındadır", - o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə