“Paris sammitinin nəticələri və perspektivləri”

Fransa Parlamentində dəyirmi masa keçirilib

Dağlıq Qarabağ məsələsi ilə bağlı dövlət başçılarının Paris sammitinin nəticələri Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı ofisinin və Azərbaycanın Dostları Assosiasiyasının Fransanın Milli Assambleyasında birgə təşkil etdikləri dəyirmi masa zamanı diqqət mərkəzində olub.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Paris sammitinin nəticələri və perspektivləri" adlı dəyirmi masa yanvarın 28-də Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin sədrliyi ilə keçirilib.

ATƏT-in Minsk qrupunun fransalı sabiq iki həmsədrinin, Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin nümayəndəsinin, Azərbaycanın Fransadakı səfirinin, siyasi dairələrin, eləcə də diplomatik və vətəndaş cəmiyyətinin önəmli nümayəndələrinin də qatıldığı tədbir 40-dan artıq qonağın iştirakı ilə baş tutub. Gürcüstan, Rusiya və Türkiyə səfirliklərinin diplomatları da qonaqlar arasında olub.

Tədbirdə ötən ilin oktyabrın 27-də Fransa Prezidenti Fransua Hollandın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutan Paris Sammiti ilə bağlı ümumi məlumat verilib. ATƏT-in Minsk qrupunun Fransalı sabiq iki həmsədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair aparılan sülh danışıqlarının tarixinə ekskurs edərək Fransanın həmsədr olduğu son on il ərzində nəzərəçarpan və çıxarılmış nəticələr ətrafında müzakirələr aparıblar. Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov münaqişəsinin həlli ilə bağlı gedən sülh danışıqlarının hazırkı vəziyyəti ilə bağlı məlumat verib.

İki saatdan çox davam edən müzakirələrin sonunda təşkilatçılar BMT Baş Assambleyasının 2015-ci ilin sentyabr ayında baş tutacaq sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında aparılan müzakirələrdən sonra payızda yeni toplantının təşkil edilməsi təklifini irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə