Astara rayonunda şəhər, qəsəbə və kənd inzibati dairəsi üzrə nümayəndəliklərdə 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları yüksək mütəşəkkillik və siyasi fəallıq şəraitində keçirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yanvarın 28-də Astara rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. Ərazi nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ölkə prezidenti İlham Əliyevin imzaladığı regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramları əsasında aparılan iqtisadi islahatlar Astara rayonunun, o cümlədən Astara şəhərinin dinamik inkişafında çox mühüm və əhəmiyyətli rol oynayıb.
Məruzəçi bildirib ki, Astara şəhərinin, ümumilikdə 1765 ha ərazisi vardır. Şəhərdə 4465 təsərrüfat, 23 küçə vardır, şəhərin əhalisi 17170 nəfərdir.
2014-cü ildə Astara şəhərində görülən işlərdən şəhərin Xəzər dənizi sahilində 8 ha-da sahədə salınan park-bulvarın tikintisi xüsusilə qeyd olunmalıdır. İllərlə bataqlıq və epidemiya mənbəyi olan bu əraziyə 250 min kub metr torpaq daşınaraq həmin sahə qurudulub, qısa müddət ərzində sahil boyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanıb. Bulvarda 14 min kv metr travertin materialı düzülüb, işıqlandırma sistemi quraşdırılıb, iki ədəd su fontanı tikilib. Bulvar ərazisində əyləncə mərkəzinin, çay evi və kafenin attraksionların quraşdırılması, mini futbol və voleybol meydançalarının tikintisi nəzərdə tutulub. Yaxın günlərdə inşası başa çatacaq dənizkənarı park-bulvar şəhər sakinlərinin hədsiz sevincinə səbəb olub.
Hesabat yığıncağında şəhər 6 saylı tam orta məktəbin direktoru Aygül Məmmədova, şəhər 3 saylı körpələr evi – uşaq bağçasının müdiri Təranə Qurbanova, rayon Veteranlar şurasının sədri Rafiq Əliyev, Astara bələdiyyəsinin üzvü Məmməd Məmmədov, ağsaqqal Heybət Hüseynov, şəhər sakinləri Mircəfər Babazadə, Maarif Muradov yola saldığımız ildə respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda, o cümlədən rayon mərkəzində geniş quruculuq və tikinti işlərinin aparıldığını, vətəndaşların qaldırdıqları təkliflərə həssaslıqla yanaşıldığını, əvvəlki hesabat yığıncağında qaldırılan məsələlərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlər görüldüyünü diqqətə çatdırıb, göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Hesabat yığıncağında çıxış edənlər 2014-cü ildə şəhər icra nümayəndəliyinin ərazisində aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını diqqətə çatdırmaqla vacib məsələlər barədə təkliflər irəli sürüblər.
Hesabat yığıncağında Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirib ki, Azərbaycan xalqının həyatında tarixi və əlamətdar hadisələrlə zəngin olan 2014-cü il hər birimizin yaddaşında əbədi iz qoyub. Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə hazırkı maliyyə böhranı dövründə ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Yanvarın 27-də "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev deyib ki, son illərdə 1 milyon 360 min yeni iş yeri açılıb. Onlardan 1 milyonu daimi iş yeridir. Aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşüb, yoxsulluq da 5 faiz səviyyəsindədir. İcra başçısı qeyd edib ki, yola saldığımız il rayonumuzun bütün sakinlərinin, eləcə də şəhər əhalisinin həyatında əlamətdar hadisələrlə, yeniliklər və nailiyyətlərlə zəngin olub. Rayonda son 5 ildə 60 km yeni asfalt yollar çəkilib. Əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Rayonumuzun yaşayış məntəqələrinin 70 faizi təbii qazla təmin olunub.
İclasda bir daha qeyd edilib ki, 2015-ci ildə qarşıda bizi daha mühüm, daha şərəfli vəzifələr gözləyir. Bugünkü yığıncaqda qaldırılan təkliflərin bir çoxunun icrası ilə əlaqədar aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görüləcəkdir. İnanırıq ki, Astara şəhərinin daha da gözəlləşməsi üçün bütün vətəndaşlar birgə səy göstərəcəklər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB