Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov:
- "Səs" qəzeti Azərbaycanın ilk müstəqil mətbu orqanlarından biridir. Müstəqil mətbu orqanlar sırasında "Səs" qəzetini fərqləndirən bəzi fərdi, özünəməxsus xüsusiyyətlər var ki, mən onların üzərində dayanmaq istəyirəm. 1990-1991-ci illərdə mətbu orqanlar, bir qayda olaraq, hakimiyyət savaşları siyasi ambisiyalar zəminində meydana gəlirdi. Çox az sayda çıxan mətbu orqanlar milli-azadlıq hərəkatının təzahürü idi və müstəqil fəaliyyət göstərirdi. Onlardan biri də "Səs" qəzeti idi. Bu qəzetlərdə rəsmi hakimiyyətə fərqli münasibətlər öz əksini tapırdı. Onlar mövcud hakimiyyətlə bağlı fikirləri öz səhifələrinə çıxararaq, fikir plüralizminin formalaşmasında bu və ya digər dərəcədə iştirak edirdilər. Lakin bununla belə, bu qəzetlərə söz və fikir azadlığının daşıyıcıları demək olmazdı. Məlumdur ki, o dövrdə mövcud hakimiyyətlərin ətrafında olanlar istər Mütəllibov hakimiyyətinin, istər AXC-Müsavat hakimiyyətinin təmsilçiləri, istərsə də Xalq Cəbhəsinin fəalları özlərinə yaxın qəzetlər vasltəsilə yalnız bir xətli, bir istiqamətdə mövqe və fikirlər nümayiş etdirir, yalnız özlərinə sərfəli mövqedən çıxış edirdilər. Onların fikirləri, mövqeləri bu qəzetlərdə daha çox və daha əsas yer tuturdu. Bu qəzetlərdə alternativ fikirlərə və mövqelərə, açıqfikirliliyə, sağlam tənqidə yer verilmirdi. Hakimiyyətin təsiri altında olan və ya "meydan monopoliyasında" olan nəşrlər həmişə bir xətli fikir yürüdərək söz, fikir meydanını zəbt etməyə və ictimai rəyi formalaşdırmağa çalışırdılar. 1991-ci ilin yanvarından nəşr olunan "Səs" qəzeti isə mətbuatın belə bir durumunda əsl müstəqil mətbuat nümunəsinə çevrildi. Bu qəzet öz səhifələrində alternativ fikir və mövqelərə, cəmiyyətin hər bir təbəqəsinin fikir və düşüncələrinə geniş meydan verərək, cəmiyyətə flkir plüralizmi gətirdi. "Səs" qəzetinin əsas fərqləndirici xüsusiyyətlərindən biri məhz budur ki, 1990-cı illərin fərqli, alternativ fikirlərini öz səhifələrinə gətirməklə, Azərbaycan xalq hərəkatında və milli azadlıq hərəkatında fikir plüralizmini, söz və düşüncə azadlığını təmin etmiş oldu.
Mən "Səs" qəzetinin təəssübkeşlərindən biriyəm. Qəzetin səhifələrində onlarla məqalə və müsahibələrlə çıxış etmişəm. Yeni Azərbaycan Partiyasının yaranması ərəfəsində, partiyanın ideoloji şöbəsinə rəhbərlik etdiyim vaxtlarda mən bu qəzetlə həmişə sıx əməkdaşlıq etmişəm, ünsiyyətdə olmuşam. Bu gün bu qəzeti eyni oxucu marağı ilə, eyni vətəndaş marağı ilə izləyirəm. Düşünürəm ki, bu qəzet xalqımızın geniş təbəqələrinin qəlbində həmişə sevimli qəzet olaraq qalacaqdır. Daim xalqımızın səsi olaraq öz obyektiv, mübariz, ədalətli, həqiqətpərəst və vicdanlı mövqeyində qalacaqdır. Azərbaycan maraqlarını nəzərə alaraq bu maraqlara qarşı dayananların qarşısında sipər olacaqdır. Həmişə ölkəmizdə fikir azadlığının təminatçısı kimi fəaliyyət göstərəcəkdir. Qəzetin bütün əməkdaşlarına bu şərəfli fəaliyyətdə yeni-yeni uğurlar və həmişə mətbuatımızın ön cərgəsində olmağı arzulayıram.
"Azərbaycan" nəşriyyatının Baş direktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 1992-2005-ci illərdə "Səs" qəzetinin Baş redaktoru işləmiş Ağabəy Əsgərov:
- "Səs" qəzeti Azərbaycan müstəqil mətbuatının ilk nümunələrindən biridir. Bu qəzetin ilk sayı 1991-ci il yanvar ayının 11-də işıq üzü görübdür. O vaxt Ayaz Mütəllibovun irticaçı rejimi hakimiyyətdə idi. Bu rejimin "Səs" qəzetinə münasibəti çox kəskin idi. Çünki "Səs" qəzeti iqtidarın ambisiyalarına xidmət etmirdi. Hakimiyyəti obyektiv şəkildə, arqumentlərlə tənqid edən, əhalinin müxtəlif təbəqələrinin fikirlərinə öz səhifələrində yer ayıran yeganə qəzet "Səs" qəzeti idi. Digər tərəfdən, bu qəzet Azərbaycan ziyalılarının, sağlam düşüncə sahiblərinin tribunasına çevrilmişdi. Mütəllibov hakimiyyəti öz simasını, öz nöqsanlarını, öz naqisliklərini və səriştəsizliyini bu qəzetdə gördüyü üçün ona qarşı qərəzli mövqe tutmuşdu. Nəzərinizə bir faktı çatdırım ki, "Səs" elə birinci nömrəsindən sonra şəxsən Mütəllibovun göstərişi ilə bağlanmışdı. Lakin oxucuların, tanınmış ziyalıların israr və tələblərindən sonra qərarı dəyişməyə məcbur oldular və qəzetin nəşrini bərpa etdik.
"Səs" qəzetinin fəaliyyəti haqqında çox fikir söyləmək olar. Amma mənim üçün ən qiymətli fikir məhz Ulu Öndər Heydər Əliyevin fikridir. Ümummilli Lider Heydər Əliyev öz siyasi fəaliyyəti ərzində çox nadir hallarda qəzetlər haqqında danışırdı. Çünki Ümummilli Lider Heydər Əliyev çox tələbkar, müasir zövqlü oxucu idi. Onun oxucu tələbatını ödəmək çox çətin idi. Fəxr edirəm ki, bu qəzetə rəhbərliyim Ümummilli Lider tərəfindən müsbət qiymətləndirilib. Ulu Öndər Heydər Əliyev "Səs" qəzetini özünə ən doğma və əziz mətbu orqan saydığını deyib, "Səs" qəzetinin tarixə düşdüyünü bəyan edib. Bir daha qeyd edirəm ki, bu, mənim üçün də, qəzetimizin bütün oxucuları üçün də, əməkdaşları üçün də çox dəyərli, çox yüksək bir qiymətdir.
Vaxtilə və indi "Səs" qəzetində işləyənlərin, bu qəzetlə nə vaxtsa əməkdaşlıq edənlərin hamısını ildönüm münasibətilə ürəkdən təbrik edirəm. Bu, hamımızın bayramıdır, bütün mətbuatımızın bayramıdır. O insanlardan bəzilərini bu gün xatırlamaq yerinə düşər: Əli Nağıyev, Səyyad Aran, Siyavuş Novruzov, Abidin Fərzəliyev, Eldar Baxış, Teyfur Çələbi, Hacıbala Abutalıbov, Hüseyn Paşayev, Valeh Məhərrəmli, Zümrüd Bayramova, Rasim Quliyev, Rəfiqə Hüseynova, Ariz Abduləliyev, Bəhruz Quliyev... və onlarla başqaları. Bu qəzetdə qazanılan təcrübə peşəkar qələm təcrübəsidir, peşəkar jurnalist təcrübəsidir, mən deyərdim ki, bir məktəbdir.
Həyatımın 13 ilini "Səs" qəzetində Baş redaktor işləmişəm. Bu illəri ömrümün ən mənalı, ən dəyərli illəri sayıram. Həmişə çalışmışam ki, bu qəzetə Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətin verdiyi qiyməti, etimadı öz işimlə doğruldum. 13 il bu, necə deyərlər, bir igidin ömrüdür. Mən bu illərimi "Səs" qəzetinə sərf etməyimlə fəxr edirəm, qürur duyuram. Bu qəzet yarandığı ilk gündən tutduğu obyektiv və sağlam mövqeyinə bu gün də sadiqdir.
"Səs"-in bütün keçmiş və indiki əməkdaşlarını bağrıma basıram, onları təbrik edirəm. Hamısına cansağlığı və şərəfli, məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayıram. Səsiniz mətbuatdan əskik olmasın!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB