Məmməd Əliyev: Xalqımız və dövlətçiliyimiz üçün 10 il: Milli intibahın şərəfli mərhələsi

Məmməd Əliyev: Xalqımız və dövlətçiliyimiz üçün 10 il: Milli intibahın şərəfli mərhələsi

Dahi rəhbərimiz Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafını təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. Bu siyasi məktəbin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi irsinin layiqli təmsilçisi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 il ərzində milli intibahın növbəti şərəfli mərhələsini yaşayır.

Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində həll etməli olduğu vəzifələrə: Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövründə sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.

2008-ci ildə xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində ikinci dəfə prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi.

Son 10 ildə Ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atmışdır. Faktların və arqumentlərin dili ilə desək, bu illər ərzində ölkə iqtisadiyyatı 300%, sənaye istehsalı da 300% artmışdır. Həmin müddətdə 1 milyondan artıq iş yeri açılmışdır. İşsizliyin səviyyəsi təqribən 5,3%-ə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bir sıra inkişaf etmiş dövlətlərdə bu göstərici 15-20% səviyyəsindədir. Yoxsulluq 5 dəfə -500% azalmışdır və hal-hazırda 7,6 % təşkil edir [1]. Büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 43 milyard dolları ötmüşdür. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 32 milyard dollara bərabərdir. Xarici borcumuz ümumi daxili məhsulun təxminən 7%-ni təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir. Təkcə 2011-ci ildə ölkə iqtisadiyyatına 21 milyard dollardan artıq investisiya qoyulmuşdur ki, bunun da təxminən 30%-i xarici sərmayələrdir [2].

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Belə Dövlət Proqramlarından "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" (2003-2005-ci illər), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illər), "Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər), "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" (2007-2011-ci illər", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", "Bakı və Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2011-2013-cü illər), "Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" və s. qeyd etmək olar. Ümumən, Azərbaycanda belə məqsədyönlü proqramların sayı təqribən 50-yə yaxındır [3].

Aparılan düzgün siyasətin nəticəsində Azərbaycan hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərindən asılı olmayan regional lider dövlət səviyyəsinə yüksəlmişdir. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizini və demoqrafiyasının 65 faizini təmsil edən modernləşdirilmiş Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə transformasiya olunur [4]. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 55-ci, MDB məkanında isə birinci ölkə olaraq təqdim olunmuşdur. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci yerdədir. BMT-nin hesabatında insan inkişafı indeksinə görə də ən böyük sıçrayışı məhz Azərbaycan etmişdir. Azərbaycan rəhbərliyi ölkəni 2021-ci ilə - müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə qədər vətəndaşların yaşayışı üçün daha firavan məkana çevirməyi qarşısına məqsəd qoymuşdur: Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, "ölkəmizin daha yaxşı olması, insanların daha yaxşı yaşaması, Azərbaycanın şöhrətinin artması" üçün ediləcəkdir [4].

Ölkəmizin qeyd olunan iqtisadi uğurlarının əldə edilməsində, heç şübhəsiz, düzgün enerji siyasətinin aparılması müstəsna rola malikdir.

Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 mlrd. tondan artıq neft və 2,6 trln. kubmetr qazdan ibarətdir. Hasil edilmiş neft və qaz məhsulları 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri), 4-ü isə qaz (Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəməridir. Bunların içərisində 2006-cı ilin mayında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və həmin ilin sentyabrında Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru xəttinin istifadəyə verilməsi həm regional, həm də Avro-panın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. BTC sutkada 1 mln. barrel, ildə 50 mln. ton neftin ixracmı həyata keçirir. BTƏ boru kəməri ilə isə ildə 25 mlrd. kubmetr qaz ixrac edilir. Təkcə "Şahdəniz" yatağında 1,2 trln. kubmetr qaz proqnozlaşdırılır. Təxminən, "Ümid" yatağında 200 milyard kubmetr, "Babək" yatağında 400 milyard kubmetr, "Abşeron" blokunda aşkar edilmiş yeni böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Hazırda neft-qaz sektoruna qoyulan investisiyalar 50 milyard dollar səviyyəsindədir. Bütövlükdə, 1995-ci ildən ölkə iqtisadiyyatına 120 milyard dollar investisiya qoyulmuşdur. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında həm yeni qaz bazarlarına çıxış yolları axtarmaq, həm də ənənəvi istiqamətlər üzrə ixracı artıraraq vəzifəsi durur. Elə bu dinamik siyasətin nəticəsidir ki, 2011-ci ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub" nəqliyyat dəhlizi haqqında bəyannamə imzalanmışdır. Qeyd edilən istiqamətdə növbəti mühüm addım olaraq 2011-ci il oktyabrın 25-də İzmirdə ARDNŞ, BP-Azərbaycan və Türkiyənin "BOTAŞ" şirkəti "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunan qazın Avropa bazarlarına çıxışmı təmin edəcək sazişlər paketi imzalamışdır. Paketə 25 sənəd, о cümlədən "Şahdəniz-2" mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz tədarükünün həcmi, Türkiyə ərazisindən nəql olunacaq Azərbaycan qazının tranzit sazişi və digər razılaşmalar daxildir [5]. Bununla da uzun illərdir Avropanın enerji siyasətində ciddi müzakirə olunan Azərbaycan qazının dünya bazarlarına çıxışı istiqamətində olduqca əhəmiyyətli addım atılmışdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi "yeni neft diplomatiyası"nın möhtəşəm nailiyyətlərinin yuxandakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.

Azərbaycanın Avropa ölkələri ilə inkişaf edən enerji siyasəti digər dövlətlərə qarşı yönəlməmişdir. Ölkəmiz bu istiqamətdə Rusiya və İranla da əməkdaşlıq kursunu həyata keçirir. Bu siyasət respublikamızın enerji nəqlində prioritet verdiyi diversifıkasiya (şaxələndirmə) xəttindən qaynaqlanır.

Məlum olduğu kimi, Azərbaycan 2001-2006-cı illərdə Rusiyadan qaz idxal etmişdir. Əvvəlcə 1 mlrd. kubmetr səviyyəsində olan idxal, sonradan 4,5 mlrd kubmetrədək çatmışdır. Əməkdaşlığın ilkin mərhələsində qazın 1000 kubmetrini Azərbaycana 48 dollara satan Rusiya, sonradan qiyməti 110 dollara qaldırmış, lakin həmin qiymət 2006-cı ildə 235 dollara çatdırıldıqda Azərbaycan Rusiya qazının idxalından imtina etməli olmuşdur [6].

2009-cu il oktyabrın 14-də isə ARDNŞ 2010-cu il yanvarın 1-dən etibarən ilkin olaraq Rusiyanı illik 500 mln. kubmetr həcmində qazla təchiz etmək haqqında "Qazprom"la saziş imzalamışdır. Bu razılaşma 2009-cu il iyunun 29-da Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə Bakıda hər iki ölkənin müvafiq şirkət rəhbərinin qaz ticarətinə dair imzaladığı Sazişin əsas prinsiplərinin məntiqi davamı idi. Sonra bu rəqəm 1 mlrd. kubmetrə çatmış, 2010-cu ilin 2-3 sentyabr tarixində Prezident D.Medvedevin Bakıya səfəri zamanı Rusiyaya satılan qazın həcminin 201 1-ci ildən 2 mlrd.kubmetrə çatdırılması haqqında müqavilə imzalanmışdır. Sonrakı illərdə satışın həcminin artırılması haqqında da razılıq əldə edilmişdir [6].

Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı, daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış statuskvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və statuskvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə, hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır [7].

Beləliklə, bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə və demokratik inkişaf xəttinə malik olan dövlətimiz, Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-na 201.2-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi, əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Bu tarixi uğur, banisi ümummilli lider Heydər Əliyevin olduğu və Prezident İlham Əliyev tərəfindən novatorcasına və dinamik şəkildə davam etdirilən daxili və xarici siyasət kursunun təntənəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə