Bu gün "Prezident Təqaüdçüsü" Gənclər Birliyinin təşkilatçılığı ilə Millli Məclisin Dövlət quruculuğu və Hüquq siyasəti komitəsinin üzvü , millət vəkili Çingiz Qənizadə ilə gənclərin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan görüşdə açılış nitqi ilə çıxış edən "Prezident Təqaüdçüsü" Gənclər Birliyinin rəhbəri Təbriz Rauf oğlu belə görüşlərin olduqca mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq Çingiz Qənizadəyə öz minnətdarlığını bildirib.
Birlik sədri onu da qeyd edib ki, qurum öz fəaliyyətini mütəmadi olaraq davam etdirərək ölkə başçısının sərəncamı ilə "Prezident təqaüdçüsü" adına layiq görülən, eləcə də yüksək potensiallı digər gənclər arasında ictimai iştirakçılığı təşviq edəcək.
Görüşdə "Dövlət quruculuğu", "Hüquq siyasəti", "Gənclərin elmi və sosial inkişafı", "İcra hakimiyyəti orqanlarında səmərəliliyin artırılması" kimi mövzular da daxil olmaqla müxtəlif məsələlər ətrafında fikirlərini tələbələrlə bölüşən Millət vəkili onları mübariz olmağa çağırıb. Çingiz Qənizadə gəncləri maraqlandıran bir sıra suallara cavab verərək hər zaman gənclərdən gələcək təkliflərə açıq olduğunu və hər bir təklifi yüksək qiymətləndirəcəyini bəyan edib.
Deputat həmçinin gəncləri sivil və effektiv təkliflərlə çıxış etməyə, təşəbbüskar olmağa səsləyib.
Əlavə edək ki, görüşdə Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarıetmə" fakültəsinin dekanı fəlsəfə doktoru Zaur Bağırov, o cümlədən Akademiyanın "Dövlət Quruculuğu və Hüquq" kafedrasının dosenti , hüquq üzrə fəlsəfə doktoru Tural Hacıyev iştirak ediblər.
Qeyd edək ki, "Prezident Təqaüdçüsü" Gənclər Birliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nəzdində yaradılıb və İttifaq yanında fəaliyyət göstərir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB