Mübariz Qurbanlı tələbələrlə görüşüb

Mübariz Qurbanlı tələbələrlə görüşüb

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumun dini maarifləndirmə ilə bağlı tədbirlər planına uyğun olaraq Odlar Yurdu Universitetinin tələbələri ilə görüşüb. SİA-nın məlumatına görə, tədbirdə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, komitənin əməkdaşları, tələbələr və media nümayəndələri iştirak edib.

Açılış nitqində universitetin rektoru Ə.Vəliyev tələbələr arasında dini maarifləndirmə aparılmasının vacibliyini vurğulayıb.

Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dini maarifləndirmə ilə əlaqədar rəhbərlik etdiyi komitənin çox geniş tədbirlər planı var: "Bu planlar içərisində gənclərlə iş xüsusi yer tutur. Azərbaycan gəncliyi bir sıra məsələlərlə bağlı çox diqqətlidir. Buna gözə də ayrı-ayrı təhsil ocaqlarında gənclərlə görüşlər keçirərək dövlət-din münasibətləri ilə bağlı qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılır".

Daha sonra komitə sədri dövlət-din münasibətləri, Azərbaycandakı dini durum, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı tələbələrə fikirlərini çatdırıb.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, ilahiyyatçı Gündüz İsmayılov dövlət-din münasibətləri ilə bağlı geniş məruzə ilə çıxış edib.

Tədbirin davamında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə