Son illər Naxçıvanda dövlətin maliyyə dəstəyi ilə 100-dən çox arıçılıq layihəsi həyata keçirilib
2000-2014-cü illər ərzində Naxçıvanda dövlətin maliyyə dəstəyi ilə 103 arıçılıq layihəsi həyata keçirilib, Sahibkarlığa Kömək Fondunun güzəştli kreditləri hesabına 6 mindən çox arı ailəsi alınıb. Bu barədə Naxçıvan Dövlət Universitetində (NDU) "Regionda arıçılığın inkişaf perspektivləri" mövzusunda keçirilən elmi-praktik konfransda məlumat verilib.
NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildiriblər ki, konfransda ali təhsil ocağının müəllim və tələbələri ilə yanaşı, ölkəmizin digər universitetlərindən dəvət olunmuş mütəxəssislər və alimlər, muxtar respublikanın əlaqədar qurumlarının nümayəndələri, sahibkarlar da iştirak ediblər.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda arıçılığın qədim tarixi barədə danışıb. Qeyd olunub ki, bu gün regionda kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın inkişafına da dövlət tərəfindən dəstək göstərilir. Bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının idxal və ixracına əlverişli şərait yaradılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Müslüm Cabbarzadə "Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri və arıçılığın inkişaf dinamikası" mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, aqrar islahatların aparılması, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat qurumlarının inkişafı istiqamətində görülmüş işlər bu sahədə dinamik inkişafın əsasını qoyub. Muxtar respublikada arı ailələrinin artırılması, eləcə də məhsuldarlığının yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Bunun nəticəsidir ki, 2014-cü il yanvarın 1-nə olan məlumata görə, muxtar respublikada arı ailələrinin sayı 68 min 705-ə çatıb və bir il öncəki göstəricini 5,4 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov arıçılığın gəlirli sahəyə çevrilməsi üçün arı xəstəliklərinin vaxtında aşkarlanması, yaranma səbəblərinin aydınlaşdırılması və onlara qarşı görülməsi vacib mübarizə tədbirlərindən bəhs edib. Məlumat verilib ki, sahibkarlar Dövlət Baytarlıq Xidməti tərəfindən arı xəstəliklərinin müalicəsi üçün pulsuz dərman preparatları ilə təmin olunurlar.
Elmi-praktik konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin ekologiya kafedrasının professoru Rauf Sultanovun, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun məruzələri də dinlənilib.
Sonra konfrans öz işini "Arıçılığın inkişaf perspektivləri", "Ekoloji təmiz arıçılıq məhsullarının istehsalı, emalı və dövriyyəsi", "Naxçıvan Muxtar Respublikasında və ətraf regionlarda yayılan təhlükəli arı xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri" mövzularında bölmə iclasları ilə davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB