Azad Rəhimov Ban Ki Munla görüşdü

Azad Rəhimov Ban Ki Munla görüşdü

Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Munla görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı oktyabr ayının 28-30 tarixlərində Bakı şəhərində keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma son hazırlıq məsələləri müzakirə edilib, Forumun keçirilməsində göstərdiyi dəstəyə görə nazir Baş Katibə təşəkkürünü bildirib. Azad Rəhimov görüşdə həmçinin ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, bu sahələrdə əldə olunan uğurlar və gələcək planlarla bağlı ətraflı məlumat verib.

Gənclər və idman naziri eyni zamanda Bakı şəhərində 2015-ci ildə keçiriləcək İlk Avropa Oyunları və onlara hazırlıq haqqında məlumat verib, Oyunların Avropa qitəsində ilk dəfə keçirilməsnini mahiyyətini və əhəmiyyətini vurğulayıb.

BMT-nin Baş katibi Ban Ki Mun ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan işlərə yüksək qiymət verib, həyata keçirilən uğurlu siyasətin ölkəmizin inkişafına yönəldiyini vurğulayıb. Ölkəmizin uğurlu geostrateji məkanda yerləşməsini və regionda tutduğu və oynadığı mühüm rolu vurğulayan Baş katib ölkəmizdə bir çox mövzular üzrə beynəlxalq tədbirlərin keçirilməsini də müsbət qiymətləndirmişdir.

Sonda Baş katib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə oz salamlarının çatdırılmasını xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə