Sentyabrın 26-da Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn Gəncəyə gəlib. Şəhər icra hakimiyyətində koreyalı diplomatla keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elmar Vəliyev ölkələrimiz arasında mövcud olan iqtisadi, mədəni və diplomatik əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən danışıb, Koreya-Azərbaycan işgüzar əməkdaşlığının bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
Səfir diqqətə çatdırıb ki, Azərbaycan ilə Koreya arasında 22 ildir diplomatik əlaqələr mövcuddur və bu münasibətlər durmadan inkişaf edir. Ötən müddət ərzində hər iki ölkə arasında nəinki siyasi, eyni zamanda, mədəni və iqtisadi əlaqələrin daha da genişləndirilməsinin nəticəsidir ki, Koreya şirkətləri Azərbaycana böyük maraq göstərərək bir sıra layihələrin icrasında yaxından iştirak edirlər. Buna misal olaraq Yevlax-Gəncə avtomobil yolunun çəkilişini göstərən səfir belə layihələrin bundan sonra da həyata keçirilməsinin vacibliyindən danışıb.
Görüşdə Koreya Respublikasının şəhərlərindən biri ilə Gəncənin qardaşlaşması barədə də fikir mübadiləsi aparılıb.
Sonda səfirə dahi Azərbaycan şairi Nizami Gəncəvinin nəfis şəkildə çap edilmiş əsərləri və Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi ilə əlaqədar hazırlanmış xatirə hədiyyələri təqdim edilib.
Görüşdən sonra Koreya səfiri Gəncədəki qaçqın şəhərciyində məskunlaşan kəlbəcərli məcburi köçkün ailəsində olub.
Sentyabrın 27-də səfir Çoi Suk-İn Gəncədə məskunlaşan kəlbəcərli məktəblilərlə görüşəcək. Koreyalı diplomat yeni istifadəyə verilmiş qaçqın şəhərciyindəki orta məktəbdə keçiriləcək inşa yazı və rəsm müsabiqələrində, həmçinin qaliblərin mükafatlandırılması mərasimində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB