“ADEX-2014” sərgisi keçiriləcək

“ADEX-2014” sərgisi keçiriləcək

Bu gün I Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinin açılışına həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev, Azərbaycan Respublikası Müdafiə sənayesi nazirinin hərbi texniki əməkdaşlıq şöbəsinin müdiri Fərrux Vəzirov, CEO şirkətinin direktoru Edvard Stroon, İteca Caspian şirkətinin icraçı direktoru Fərid Məmmədov, sərginin meneceri Ülkər Həsənova, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bu sərginin müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın güc və qüdrətinin böyük paradına çevriləcəyini bildirib: "Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən "ADEX-2014" sərgisinə göstərilən böyük maraq bu tədbirin aktuallığını və region üçün əhəmiyyətini sübut edir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Həmçinin Azərbaycanın hərbi sənaye kompleksi də bir sıra irimiqyaslı layihələr həyata keçirərək öz imkanlarını əsaslı şəkildə genişləndirib".

Daha sonra digər çıxışçılar da "ADEX-2014" sərgisinə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə qatılacağını diqqətə çatdırıblar. Bildiriblər ki, sərgiyə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.

Qeyd edək ki, 11-13 sentyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" ("ADEX 2014) sərgisi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə