Şura Almaniyanın nüfuzlu təşkilatı ilə qrant müqaviləsi imzaladı FOTO

Şura Almaniyanın nüfuzlu təşkilatı ilə qrant müqaviləsi imzaladı FOTO

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xarici ölkə QHT-ləri üçün elan etdiyi müsabiqənin qaliblərindən biri olan Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalayıb. Şuradan SİA-ya verilən xəbərə görə, tədbiri açan Şura sədri Azay Quliyev qonaqları salamlayaraq onların Azərbaycanda çox vacib görüşlər keçirdiklərini və bu görüşlərin gələcək əməkdaşlıq üçün yeni impulslar verəcəyinə əminliyini ifadə edib.

Şura sədri bildirib ki, Almaniya-Azərbaycan Forumu indiyədək öz dəyərli və səmərəli fəaliyyəti ilə ölkələrimiz arasında siyasi, iqtisadi, elmi və mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayıb: "Bu gün imzalanan layihənin həyata keçirilməsi nəticəsində Alman-Azərbaycan dostluğu daha da güclənəcək. Şura ilə əməkdaşlıq edən Almaniya QHT-si tərəfindən aparılmış tədqiqatlar Almaniya mətbuatında 1988 - 2013-cü illərdə Azərbaycan haqqında birtərəfli, bəzi hallarda qərəzli məlumatların dərc edilməsi faktlarını aşkarlayıb. Bu gün imzalanan layihə çərçivəsində yaradılacaq informasiya portalı Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, eləcə də müstəqil dövlət olaraq əldə etdiyi bütün nailiyyətlər haqqında alman ictimaiyyətini yetərincə məlumatlandıracağına və Almaniyada Azərbaycan haqqında ilkin, etibarlı məlumat bazası olacaq".

Tədbirdə çıxış edən Almaniya-Azərbaycan Forumunun rəhbəri Hans-Eberhard Şlayer Almaniya nümayəndə heyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və layihənin hər iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına layiqli töhfə verəcəyinə əmin olduğunu bildirib.

Müqavilənin imzalanma mərasimində Almaniyadan gəlmiş nümayəndə heyəti üzvlərindən Almaniya-Azərbaycan Forumu qəyyumlar şurasının üzvü Raynold Robben, Almaniya-Azərbaycan Forumunun baş katibi Mixail Butts iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə