Müşfiq Ələsgərli: “Azərbaycan mediasında xüsusi problemlər var” RƏY

"Ötən ayın əvvəlində atəşkəsin intensiv pozulması, demək olar ki, "mini müharibə"nin yaşandığı bir dövrdə həqiqətən Azərbaycan mediasında xüsusi problemlər olduğu müşahidə olundu. Cəmiyyətə dəqiqləşdirilməmiş, qeyri-obyektiv və bəzən də qərəzli informasiyalar çatdırıldı". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Müşfiq Ələsgərli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkə mediası ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqını çaşdıran, onlara təqdim olunan yanlış informasiyaları daha çox onlayn media mənsublarının fəaliyyətində görmək olurdu: "Ənənəvi mediada bu məsələ ilə bağlı vəziyyət nisbətən qənaətbəxş idi. O redaksiyalar ki artıq strukturlaşıblar, peşəkar heyətləri var, onlarda problemlər nisbi oldu. Daha çox problemlər internet mediada yaşandı ki, bu da onlarda müşahidə olunan qeyri-peşəkarlıqdan irəli gəlirdi. Onlar qanunvericilikdən xəbərdar olmadan informasiyalar paylaşırdılar. Bir qisim media nümayəndələri isə bilərəkdən, Azərbaycanın mənafeyinə xələl gətirmək üçün bu cür səhvlərə yol verirdilər. Ona görə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkə mediasına olan iradlarını səsləndirməkdə haqlı olduğunu düşünürəm".

Mətbuat Şurası İdarə Heyətinin üzvü həmçinin bildirib ki, artıq onun təmsil olunduğu qurum səhvlərə yol verən, problemlər yaradan mətbuat orqanlarının monitorinqini aparıb: "Monitorinqi aparılan mətbuat orqanlarının bir qisminin adları da açıqlandı. Bir məsələ də var idi ki, bu cür saytların əksəriyyəti elə atəşkəsin pozulması dövründə yarandı və yaydıqları qeyri-obyektiv informasiyalarla gündəmə gəldilər. Bu da onu göstərirdi ki, bu kimi media orqanlarının əksəriyyəti düşünülmüş şəkildə, müəyyən qərəzli qüvvələr tərəfindən yetişdirilmişdilər. Onların da yaydığı informasiyaların az qala yüz faizi düşmən ölkənin, yəni Ermənistanın mənafeyi ilə üst-üstə düşən informasiyalar idi. Bu baxımdan da həmin saytlar barədə müəyyən ölçü götürülməsinə ehtiyac var. Ona görə də Azərbaycan Mətbuat Şurasında həmin saytların monitorinqi hələ də davam edir".

Müşfiq Ələsgərli açıqlamasında cəbhə bölgəsində baş verən hadisələrin işıqlandırılması üçün hərbi jurnalistlərin hazırlanması məsələsinə də toxunub: "Azərbaycan mediası artıq inkişaf etmiş bir mediadır və onun inkişaf etməsi üçün kifayət qədər şərait yaradılıb. Bütün bunlara rəğmən, jurnalistlərin ixtisaslaşması ilə bağlı problemlər də mövcuddur. Amma təəssüf ki, hələ də jurnalistlərin ixtisaslaşması ilə bağlı müəyyən problemlər var. Dünya mediasında da jurnalistlər idman, kriminal, siyasət, hərbi sahələr üzrə ixtisaslaşırlar və bu praktikada özünü doğruldub. Azərbaycan 20 ildən artıqdır ki, müharibə şəraitində olan ölkədir, ona görə də bu proses bizdə artıq çoxdan yekunlaşmalı idi. Bu sahədə bəzi cəhdlər də olub. Bizim təşkilatımız da ixtisaslaşma ilə bağlı təlimlər keçirib. Lakin hələ də bu məsələ tam mənada öz həllini tapmayıb."

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə