Zabitlərin təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk buraxılışına həsr olunmuş mərasim keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə mərasim iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Birinci və ikinci Şəhidlər xiyabanlarında uyuyan Vətən övladlarının xatirəsi də ehtiramla yad olunub.

Azərbaycan Hərb Tarixi Muzeyində təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatların təqdim olunması mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himninin ifası ilə başlanan mərasimi nazirliyin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani açaraq proqramı tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov təkmilləşdirmə kursunun məzunlarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq üç gün əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhəmiyyətli və yaddaqalan bir hadisə kimi dəyərləndirib.

İdarə rəisi qeyd edib ki, gənc zabitlər təkmilləşdirmə kursunda hərbi pedaqogika və psixologiya, hüquq və beynəlxalq münasibətlər, hərbi diplomatiya, taktika, mühəndis hazırlığı, hərbi topoqrafiya, atəş hazırlığı, dövlət sirlərinin mühafizəsi və hərbi qulluqçular arasında təlim-tərbiyə işinin müasir üsulları, o cümlədən kütləvi informasiya vasitələri ilə işləmək və münasibətləri necə qurmaq mövzularında məruzələr dinləyib, bilik və təcrübəyə yiyələniblər.

Sonda idarə rəisi əminliklə bildirib ki, şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk məzunları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələbləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcəklər.

Buraxılış mərasimi ilk məzunlara sertifikatların təqdim olunması ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə